Sərhəd bölgəsi Sədərək rayonunda payızlıq taxıl əkini davam edir. Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Bəxtiyar Mahmudovun sözlərinə görə, bu il rayonda 2128 hektarın taxılı biçilmiş, 6142 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 28,9 sentnerə çatdırılmışdır. Növbəti uğurdan ruhlanan taxılçılar gələn ilin bol məhsulunun əsasını qoymaqdadırlar. Məlumat üçün bildirək ki, əkinəyararlı 3250 hektar torpaq sahəsi olan rayonda hələlik 450 hektar sahə şumlanmış, 330 hektardan çox sahədə isə buğda əkilmişdir. Əkilən sahələrin 280 hektarı suvarılmışdır.
Əkin şırım üsulu ilə aparılır. Mütəxəssislərin təsdiq etdiyi kimi, bu üsulla əkilmiş sahələrdə suvarma səmərəli təşkil olunur və nəticədə, daha çox məhsul götürülür. Bundan əlavə, Sədərəkdə torpağın tərkibi, iqlimi və ərazilərin relyef xüsusiyyətləri nəzərə alınaraq zəmilərə bölgə üçün daha əlverişli olan toxum səpilir. “Bezos” və “Dağ-daş” belə buğda sortlarındandır. Onu da qeyd edək ki, toxumlar əvvəlcə toxumtəmizləyən texnikada təmizlənib dərmanlandıqdan sonra torpaq sahibkarlarına verilir.
Sədərəkdə əkin sahələrinin suvarılması da yaxşı təşkil olunub. Rayonun əkinəyararlı torpaq sahələrinin suvarılması üçün Araz çayından çəkilmiş beşpilləli nasos stansiyasından istifadə olunur. Bundan başqa, Arpaçay Su Anbarının sağ sahil kanalından öz axarı ilə gələn su da əkin sahələrinin suvarılmasında əhəmiyyətli rol oynayır. Bu ildən isə Araz çayından qidalanan Şir arxı üzərində yeni nasos stansiyası quraşdırılır. Nasos stansiyası istismara verildikdən sonra Sədərəyin daha min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil ediləcəkdir.
Xəbərlər şöbəsi