22 Dekabr 2024, Bazar

Şahbuz rayonu muxtar respublikamızın qədim yurd yerlərindən biridir. 836,6 kvadratkilometr ərazini əhatə edən bölgənin əhalisi 24 mindən çoxdur. Rayonda 1 şəhər, 1 qəsəbə, 22 kənd  vardır.
Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənubuna, Zəngəzur silsiləsinin qərb yamaclarına sığınan Şahbuz rayonu təbii gözəlliklər diyarı, yurdumuzun dilbər guşələrindən biridir. Rayon ərazisindəki təbiət abidələri bu qədim yurd yerinə bir məğrurluq və əzəmət bəxş edib. Şəninə nəğmələr qoşulan Salvartı dağı, Şapur qalası, Üçqardaş, Qonaqgörməz, Ağdaban dağları min illərdir, bu diyarı dövrəsinə alıb. Batabat yaylağındakı “Üzən ada” təbiətin ən böyük möcüzələrindən biridir. Sovet dönəmində “Üzən ada”nı ləğv etmək üçün buraya texnikalar gətirilsə də, rayonun yurd təəssüblü insanları bu təbiət möcüzəsini qoruyub saxlaya biliblər.

Təbii gözəllikləri gözoxşayan bölgəyə gedən yol boyu dağların döşlərində terras üsulu ilə salınmış yaşıllıq zolaqları Şahbuzun təbiətini daha da zənginləşdirib. Burada bir məsələni xüsusi qeyd edim ki, aran və düzəngah yerlərdə əkilən ağacların su ilə təchizatı o qədər də çətin məsələ deyil. Problem dağ döşlərinə, yamaclara su qaldırılmasındadır ki, bu da öz həllini tapıb. Rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları müntəzəm olaraq bu ünvanlara gəlir, müxtəlif aqrotexniki tədbirlər həyata keçirirlər.     
Bugünkü söhbətimiz rayonda 2013-cü ilin ilk 9 ayında görülmüş və görülməkdə olan işlər barədədir.
Rayon mərkəzi haqqında bir neçə söz
15 ilə yaxındır, “Şərq qapısı” qəzetində işləyirəm. Burada fəaliyyətə başladığım vaxt ilk olaraq bu rayona ezamiyyətə getmişəm. Bu bölgədə tikinti-qurucu­luq işlərinə təzəcə başlanılmışdı. Müxtəlif tikinti təşkilatları ilə yanaşı, rayonun əksər idarə və müəssisələrinin əməkdaşları, sakinlər bu tədbirlərdə fəallıq edir, doğma yurdlarının müasir rayona çevrilməsi üçün əzmkarlıq göstərirdilər.
Şahbuz şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan prospekt elə bir füsunkar görkəmə gətirilib ki, bu gözəlliyə vurğun olmamaq mümkün deyil.
Prospektə paralel olan yuxarıdakı küçə də quruculuq donuna bürünüb. Şahbuzdan bir neçə il əvvəl ayrılan insan indi rayon mərkəzinə üz tutarsa, mübaliğəsiz demək olar ki, şəhəri tanımaz. Çünki burada yenilənməyən bina qalmayıb. Bütün idarə, müəssisə və təşkilatlar üçün müasir memarlıq üslubunda binalar inşa olunub. Rayon İcra Hakimiyyəti, Maliyyə, Təhsil, Polis şöbələri, Baytarlıq və Rabitə idarələri, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz Rayon Şöbəsi, Əhalinin Sosial Müdafiəsi, Gigiyena və Epidemiologiya mərkəzləri, Tarix-Diyarşünaslıq Muzeyi, avtovağzal, “Araz” kinoteatrı, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Uşaq Kitabxanası və digər təşkilatların fəaliyyət göstərdikləri yeni binalarda əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılıb. Həmin ərazilərdə gülkarlıqlar və yaşıllıq zolaqları salınıb.
Quruculuq tədbirləri hazırda davam etdirilir. Şahbuz şəhərinin Heydər Əliyev prospektində inşa olunan Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı üçün 3 mərtəbədən ibarət bina təhvilə hazırlanır.
Kəndlərdə kompleks quruculuq tədbirləri həyata keçirilir
Əvvəlcə onu qeyd edək ki, cari ilin ötən dövrü ərzində rayonun Kükü və Ağbulaq kənd­lərində yeni sosial obyektlər istifadəyə verilib.
Rayonun daha bir neçə ucqar kənd yaşayış məntəqəsi bu gün əsl tikinti meydançasını xatırladır. Bölgənin kiçik yaşayış məntəqələrindən biri olan Ayrınc kəndində 8 il bundan öncə yeni məktəb binası istifadəyə verilib. Məktəb binasından bir qədər yuxarıda, yolun sağında ikimərtəbəli kənd mərkəzi, solunda isə xidmət mərkəzi inşa olunur. Bu quruculuq tədbirini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin kollektivi həyata keçirir.
Qızıl Qışlaq və Güney Qışlaq kəndləri də yaxın vaxtlarda kompleks quruculuq tədbirləri hesabına müasir yaşayış məntəqəsinə çevriləcək. Hər iki kənddə müxtəliftəyinatlı quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər.
Qızıl Qışlaqdakı binalardan biri kənd tam orta məktəbi üçün nəzərdə tutulub. 110 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada tikinti işləri əsasən başa çatdırılıb, çardaq hissə qurulub. Hazırda son tamamlama işləri həyata keçirilir. Məktəb binasının yaxınlığında inşa olunan kənd mərkəzi iki mərtəbədən ibarətdir. Burada kəndin müxtəlif qurumlarının fəaliyyəti üçün nümunəvi şərait yaradılacaq.
Ucqar dağ kəndinin sakinlərinə daha bir dövlət qayğısı isə bu yaşayış məntəqəsində xidmət mərkəzinin tikintisidir. Burada da tikinti işləri başa çatdırılıb. Quruculuq tədbirləri Güney Qışlaq kəndini də əhatə edir. Bu yaşayış məntəqəsində yaxın günlərdə iki mərtəbədən ibarət kənd mərkəzi və birmərtəbəli xidmət mərkəzi istifadəyə veriləcək.
Sələsüz kəndində məktəb binası, kənd mərkəzi və həkim ambulatoriyasının yenidən qurulması da sürətlə davam etdirilir.   
Yollar yenilənir, ünvanları bir-birinə yaxınlaşdırır
“Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizin bütün regionları ilə yanaşı, muxtar respublikamızda da yol-nəqliyyat kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Çünki abad yurd yolundan tanınar, – deyib ata-babalarımız. Bu qənaətdəki həqiqəti isbat etmək üçün uzağa getməyə ehtiyac yoxdur. Elə Şahbuz rayonu bunun üçün ən gözəl ünvandır. Tam dəqiqliyi ilə deyə bilərəm ki, bölgənin bütün kəndlərində olmuşam. İstər sərhəd kəndləri, istərsə də digər yaşayış məntəqələri arasında olan yollarda aparılan quruculuq tədbirlərinə qibtə etməyə bilmirsən. Bu bölgənin elə kəndləri var ki, evlərin biri dağın ətəyində, biri dərənin yanındadır. Yolları da elədir Şahbuzun. Təbii ki, belə coğrafi məkanda yol çəkilişi də çətindir. Lakin bunun öhdəsindən gəlinib.
Uzunluğu 59,2 kilometr olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması ən böyük layihələrdən biridir. Yolda körpü və selötürücülər tikilib, yol yatağı bərkidilib, asfalt-beton örtük salınıb. Yolun Naxçıvan-Şahbuz hissəsi 4 zolaqlı, uzunluğu 31,8 kilometr, eni 17,2 metr, Şahbuz-Batabat hissəsi isə ikizolaqlı olmaqla, uzunluğu 27,4 kilometr, eni 9 metrdir.
Kənd yolları da belə qayğıdan kənarda qalmayıb. Bu il Şahbuz şəhərindən Kükü istiqamətinə, bu yoldan sola ayrılaraq Güney Qışlaq kəndinə gedən yolda da yenidənqurma işləri aparılıb. Adıçəkilən yaşayış məntəqələrində 6 körpü tikilib, 9 su keçidi inşa edilib. Görülən işlərin keyfiyyətinə ciddi diqqət yetirilib. Bununla da ucqar dağ yaşayış məntəqələrinə insanların təhlükəsiz və rahat hərəkəti təmin olunub.
Aqrar sahənin inkişafı etibarlı ərzaq təminatında başlıca vəzifədir
Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Yenibar Vəliyevdən aldığımız məlumata görə, rayon ərazisinin 2765 hektar sahəsi əkin altındadır. Bu sahələrdə şahbuzlular, əsasən, əkinçiliyi, heyvandarlığı və bağçılığı inkişaf etdirirlər. Dağlıq zona olmasına baxmayaraq, burada taxılçılığa maraq ildən-ilə artır. Başa vurduğumuz təsərrüfat ilində Şahbuzun torpaq mülkiyyətçiləri 1009 hektarı buğda, 319 hektarı arpa olmaqla, 1328 hektar sahədən 3703 ton taxıl tədarük ediblər. Hektarın orta məhsuldarlığı 27,9 sentnerə çatdırılıb ki, bu da dağlıq zona üçün yüksək nəticə hesab oluna bilər. Rayonun Türkeş, Nursu, Mahmudoba, Sələsüz kəndlərində məhsuldarlıq daha yüksək olub.
Rayonun iqlim şəraiti burada kartofçuluğun inkişafı üçün çox əlverişlidir. Bunu nəzərə alan torpaq mülkiyyətçiləri, xüsusilə Ağbulaq, Gömür, Kükü kəndlərinin sakinləri torpaq sahələrinin böyük hissəsində kartof əkib-becərirlər. Ağbulaqlı Ədalət Həsənov ailəsi ilə birlikdə 2 hektar sahədən məhsul tədarük edib. Ümumilikdə isə rayon üzrə 416 hektar kartof əkini sahəsindən 5948,8 ton məhsul götürülüb. Onu da qeyd edək ki, bu sahənin inkişafı üçün 262 nəfərə 262 min manat kredit verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərir. Məlumat üçün bildirək ki, bu proqramın qəbulundan ötən müddət ərzində rayonda iməciliklər yolu ilə bağ sahələri 18 hektar artırılıb. Beş nəfər isə bu sahəni inkişaf etdirmək üçün kredit götürərək 7 hektar sahədə bağ salıb. Meyvəçilər üçün cari ili uğurlu saymaq olar. Belə ki, ümumilikdə 790,8 hektar meyvə bağı olan bölgədə 584 hektar məhsul verən sahədən ilin ilk 9 ayında 4346,2 ton məhsul götürülüb. Yığım davam edir.
Şahbuzlular tərəvəzçilikdə də yaxşı təcrübəyə malikdirlər. Başa çatmaqda olan təsərrüfat ilində onlar 283 hektar sahədən tərəvəz tədarük ediblər.
Rayonda son illər üzümçülüyün inkişafına da diqqət artıb. Bunun nəticəsidir ki, ötən illərdə salınmış 17 hektar üzüm bağının 13 hektarı artıq məhsul verir. Bağlardan 10,1 ton məhsul götürülüb.
Təhsil, mədəniyyət, səhiyyə sahələri inkişafın yeni müstəvisində
Təkcə cari ilin ilk 9 ayının göstəricilərinə nəzər salsaq, bu inkişafı görmək olar. Rayonda 23 tam orta məktəb, 6 məktəbdənkənar müəssisəsi fəaliyyət göstərir. Məktəblərdən 19-u, məktəbdənkənar müəssisələrdən 2-si üçün yeni binalar inşa olunub. Bu tədris ilində 2047 şagirdin təlim-tərbiyəsi ilə 702 müəllim məşğul olur. Məktəblərdə 131-i internetə qoşulmaqla, 161 kompüterdən, 53 elektron lövhədən istifadə edilir. Ötən tədris ilində məktəbləri 248 məzun bitirib. Onlardan 182-si ali məktəblərə sənəd verib. 101 abituriyent tələbə adına layiq görülüb, 27 nəfər 500-700 intervalında bal toplayıb.
Beş şöbədən ibarət 30 çarpayılıq Şahbuz Rayon Mərkəzi Xəstəxanasında ilin ötən dövrü ərzində 1390 nəfər müayinədən keçirilib. Xəstəxanada yaradılmış həkim briqadaları tez-tez kənd yaşayış məntəqələrində olur, əhalinin müayinə və müalicəsinə köməklik göstərirlər. Onu da qeyd edək ki, son illər kənd yaşayış məntəqələrindəki səhiyyə müəssisələri üçün də yeni binalar inşa edilib, həmin sağlamlıq ocaqlarında müasir tibbi avadanlıqlar quraşdırılıb. Bu isə əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəltməyə imkan verib. Hazırda rayonun müxtəlif kəndlərində həyata keçirilən quruculuq tədbirləri çərçivəsində səhiyyə ocaqları üçün də binalar tikilir.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində 1 rayon, 1 qəsəbə, 14 kənd mədəniyyət evi, 1 şəhər, 9 kənd klubu, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, onun 25 filialı, Uşaq Kitabxanası, 2 Uşaq Musiqi Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, kinoteatr fəaliyyət göstərir. Ötən dövr ərzində bütün mədəniyyət müəssisələrində tarixi-əlamətdar və bayram günlərinin qeyd olunması, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği diqqət mərkəzində saxlanılıb. Yaradılmış ansambllar, folklor qrupları rayonun mədəni həyatında fəal iştirak edir, insanların asudə vaxtının səmərəli keçirilməsinə çalışırlar.
Qışa hazırlıq diqqət mərkəzindədir
Mövsümü uğurla başa vurmaq üçün rayon Qaz İstismarı İdarəsi və Elektrik Şəbəkəsi öz işini günün tələbləri səviyyəsində qurmağa çalışaraq qışa hazırlığı, demək olar ki, başa çatdırıblar. 4330 abonentə, 106 təşkilata xidmət edən Qaz İstismarı İdarəsi tərəfindən ilin ötən dövrü ərzində Şahbuz şəhərinin “28 May” küçəsindəki 15 saylı ictimai yaşayış binasında və “Bakı” küçəsində yolun genişləndirilməsi ilə əlaqədar qaz xətləri yenidən işlənib. Biçənək, Gömür, Ağbulaq, Kükü, Sələsüz, Qızıl Qışlaq kəndlərində qaz-boru xətlərinin yeri dəyişdirilib. Bu ilin ötən dövründə rayonda 65 yeni fərdi evə qaz xətti çəkilib. Beş qaztənzimləyici cihaz, 54 sayğac texniki cəhətdən nasaz olduğu üçün dəyişdirilib.
Rayon Elektrik Şəbəkəsi 4139 abonentə xidmət göstərir. Bəhs olunan dövrdə enerji itkisinin qarşısının alınması və qış mövsümündə problem yaranmaması məqsədilə Şahbuz şəhərində, Keçili, Kükü, Külüs, Aşağı Qışlaq kəndlərində müxtəlif güclərə malik olan transformatorlar şəbəkədən ayrılaraq enerji verilişi qonşu transformator hesabına nizama salınıb. 9 transformator Culfa təmir sexində təmir olunaraq istifadəyə verilib. Hər iki qurumda digər qabaqlayıcı tədbirlər həyata keçirilib, qış mövsümü üçün mal-material fondu yaradılıb. Görülən işlər isə mövsümün uğurla başa çatdırılacağına təminat verir.

Şahbuz rayonunda ilin ilk 9 ayının nəticələri barədə qısa məlumatımız da belə deməyə əsas verir ki, bu dağlıq zonada sosial rifahın, yaxşı gün-güzəranın təmin olunmasında dövlət qayğısı başlıca amilə çevrilib. Davamlı xarakter alan, hər addımda müşahidə edilən və bəhrələri görünən belə qayğı isə bölgə sakinlərinin ən qiymətli sərvət olan torpağa bağlılıqlarını daha da gücləndirib. Torpaq isə ona baş əyənə, qədrini bilənə, onu qoruyana heç vaxt borclu qalmır.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR