2001-ci ildə Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə dəyişiklik edildi. O zaman bir hissəsi Babək rayonuna, bir hissəsi Naxçıvan şəhərinə tabe olan indiki Əliabad qəsəbəsi yaradıldı və Naxçıvan şəhərinin inzibati ərazi bölgüsünə daxil olundu.
2009-cu ildə qəsəbədə uşaq musiqi məktəbi, uşaq bağçası, qəsəbə mərkəzi inşa olunaraq istifadəyə verildi. Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bir məqama diqqət çəkərək qeyd etmişdi ki, “Əliabad qəsəbəsinin yaradılması vacib məsələ idi. 2001-ci ilə kimi qəsəbənin bir hissəsi şəhərə, kənd hissəsi isə Babək rayonuna tabe olduğundan idarəetmə çətin idi. Ərazidə kommunal xidmətlərin həyata keçirilməsi də problemlər yaradırdı. Ərazinin qazla, elektriklə, telefonla, digər xidmətlərlə təminatında da çətinliklər var idi. 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisi qarşısında qaldırdığı məsələyə əsasən, Əliabad kəndi ilə Naxçıvan şəhərinə tabe olan mənzil istismar sahəsi birləşdirilərək Əliabad qəsəbəsi yaradıldı”.
Əliabad qəsəbəsi bu günlərdə xüsusi yaraşığa, görkəmə qovuşub. Bir neçə aydır ki, qəsəbədə genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır.
Naxçıvan şəhərinin abadlaşmasında, yenidən qurulmasında böyük pay sahibi olan Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin kollektivi Əliabadın, demək olar ki, hər qarışında səliqə-sahman yaratmaqla məşğuldur.
İstismar müddəti bitən, yararsız hala düşən yollar yenidən asfaltlanır, küçə və meydanlar səliqəyə salınır, parklar yenidən qurulur, piyada yolları yerli tikinti materiallarından istifadə olunmaqla yenilənir.
Ümumiyyətlə, bir neçə aydır, davam edən və Əliabadın hər qarışında duyulan qaynar iş prosesi ilə yaxından tanış olmaq üçün qəsəbəyə yollandıq.
Müasir tikinti texnikalarının bir-birinə qarışan səs-küyü ətrafı bürümüşdü. Buna baxmayaraq, sakinlər qısa zaman sonra burdakı rahat həyatın qarantı olacaq bu texnikaların iş prosesindən razı görünürdülər. Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin məsul işçisi, iş icraçısı Şöhrət Qoçəliyevlə iş prosesini izləyə-izləyə söhbət etdik. Bildirdi ki, idarənin kollektivi təkcə Əliabadın abadlığıyla kifayətlənmir, hazırda şəhərin bir neçə yerində abadlıq, təmir işləri həyata keçirir.
Ş.Qoçəliyev Əliabadda görülən işlər barədə ətraflı məlumat verərək aşağıdakıları söylədi:
– Yayın ortalarından başlayaraq kollektivimiz Əliabadda genişmiqyaslı abadlıq və təmir işlərinə başlayıb. Buradakı ictimai yaşayış binalarının həyətlərində səliqə-sahman yaratmaqla məşğuluq. Hazırda 7 çoxmərtəbəli yaşayış binasının elektrik, rabitə xətləri yenilənib. Müasir dünya standartlarına uyğun olaraq, həmin xətlərin yeraltı çəkilişi tamamlanıb.
Binaların həyətindəki parklarda uşaq-əyləncə qurğuları quraşdırılıb. Bundan əlavə, yaşıllıq zolaqları salır, qəsəbənin mərkəzi və mərkəzdən ayrılan küçələrinin asfaltlanmasını həyata keçiririk. Demək olar ki, işlərin böyük əksəriyyəti yekunlaşıb.
Ərazini gəzdikcə idarənin usta və fəhlələrinin həvəslə, əzmkarlıqla çalışmaları diqqətimizdən yayınmır. Bir maraqlı məqamı da xüsusi qeyd etmək istəyirəm. Belə ki, Əliabaddakı bir çox fərdi evlərin fasadları da suvanaraq yaraşıqlı görkəmə salınır. Həmin evlərin sakinləri dövlətin bu diqqətini xeyirxahlıq nümunəsi kimi minnətdarlıqla qiymətləndirirlər. Qərbi Azərbaycandan – doğma yurdundan Naxçıvan şəhərinə pənah gətirən Əliabad qəsəbə sakini, burada hər cür şəraiti olan evlə təmin edilən Qurban Babayev bildirdi ki, muxtar respublikanın hər bir guşəsi dövlət qayğısı əhatəsindədir. Bu gün Əliabad qəsəbəsi müasir yaşayış məntəqəsinə çevrilib. O, bir ağsaqqal kimi qəsəbə sakinləri adından dövlətimizə minnətdarlığını bildirdi.
Qəsəbənin ictimai yaşayış binalarına da yaraşıqlı görkəm verilir. Belə ki, təmirinə bu ilin mart ayından başlanılmış Əcəmi küçəsindəki binalarda işlər başa çatmaq üzrədir. Binaların dam örtüyü dəyişdirilib, pəncərələr yeniləri ilə əvəz edilib, fasad hissələrinin üzlənməsi yekunlaşıb, dəhlizlər təmir olunub. Hər binada mərkəzi antena sistemi quraşdırılıb. “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılan təmir işləri yaxın vaxtlarda yekunlaşacaq.
Əliabadın abadlaşması sadalananlarla bitmir. Belə ki, qəsəbədəki 16 nömrəli tam orta məktəbin binası da yenidən qurulur. Artıq məktəb binasında işlər yekunlaşmaq üzrədir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən görülən inşaat işləri çərçivəsində qəsəbə məktəbinin ikimərtəbəli binasına əlavə bir mərtəbə də artırılıb. Həmçinin məktəbin sağ və sol hissələrində əlavə korpuslar ucaldılıb. 864 şagird yerlik olacaq məktəbdə işlər bitmək üzrədir. Hazırda kollektiv həyətyanı sahədə idman meydançasının və yaşıllıq zolağının salınması ilə məşğuldur.
Əliabadda görülən işlərdən biri də qəsəbə boyu bütün evlərin su və kanalizasiya sisteminin yenidən qurulmasıdır. Nəinki ictimai yaşayış binaları, bütün həyət evləri su və kanalizasiya xətləri ilə təmin olunub. Qarşıdakı aylarda əliabadlıların bu problemləri də öz həllini tapacaq.
Bütün bu görülən işlərin mərkəzində muxtar respublikada dövlət tərəfindən qarşıya məqsəd kimi qoyulan vətəndaşların iş şəraitini yüksək səviyyədə təmin etmək, əhalinin abad, rahat və yaraşıqlı binalarda yaşayışına şərait yaratmaq, uşaqların və gənclərin, yaşlıların, ümumiyyətlə, insanların səmərəli istirahətini təşkil etmək dayanır. Təbii ki, tarixiliklə öyünən Naxçıvan şəhərinin qəsəbə və məhəllələrinin müasir səviyyədə abadlaşdırılması və gözəlləşdirilməsi də əsas məqsədlərdən birdir.
Elxan MƏMMƏDOV