22 Dekabr 2024, Bazar

Regionların sosial-iqtisadi inkişafına dair ikinci dövlət proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında “bu, çox böyük sosialyönümlü, böyük vəsait tələb edən layihədir” deyən Prezident İlham Əliyev bildirmişdir ki, ölkəmiz üçün bunun əhəmiyyəti çox böyükdür. Çünki bütün dövrlərdə Azərbaycanda, Bakıda və digər bölgələrdə içməli su problemi çox kəskin dayanmışdır. Bölgələrdə, ümumiyyətlə, kanalizasiya xətləri yox idi. Bakının da kanalizasiya sistemi köhnəlmişdir. Bu sahədə böyük quruculuq işləri aparılır və biz yenə də maksimum səviyyədə hədəf seçmişik ki, bu sahədə infrastruktur tamamilə yeniləşsin. İndi həm Bakıda, həm də bütün bölgələrdə içməli su və kanalizasiya layihələri icra edilir... Bütün müvafiq qurumlar öz vəzifə borclarını yerinə yetirirlər. Bu layihələr keyfiyyətlə və vaxtında yerinə yetirilməlidir.
Sədərək rayonunda həyata keçirilən yenidənqurma, abadlıq-quruculuq işləri sırasında içməli su və kanalizasiya sistemlərinin yeniləşdirilməsi layihəsinin icrası da uğurla davam etdirilir.
Bu günlərdə tikinti işlərinin gedişi ilə maraqlandıq. Tikintinin baş mühəndisi Mehmet Firat görülən işlər barədə məlumat verdi. Öyrəndik ki, rayon ərazisində hər birinin tutumu 12 min 500 kubmetr olan 2 su anbarı tikiləcək. Anbarlara 10 min kubmetr su yığılacaq. “Aşağı mənbə” və “yuxarıda supaylayıcı” adlanan həmin anbarların birində artıq təməl işləri, sütunların, beton divarların qaldırılması başa çatdırılmış, digərində isə dəmir-beton işləri və sütunların qaldırılmasına başlanılmışdır.

Rayondaxili kanalizasiya şəbəkəsinin uzunluğu 135, su şəbəkəsinin uzunluğu 115 kilometr olacaq. İndiyədək 122 kilometr kanalizasiya, 45 kilometr su xətlərinin çəkilişi başa çatdırılmışdır.
Layihə üzərində işləyərkən rayonun kanalizasiya xətti nəzəri olaraq 2 yerə – Sədərək kəndi ərazisindən keçən magistral yolun alt və üst hissələrinə bölünmüşdür. Beləliklə, əvvəlcə yolun alt, yəni Heydərabad qəsəbəsi ərazisinin su və kanalizasiya xətti çəkilmişdir. Hazırda isə su və kanalizasiya xətlərinin çəkilişi üst hissədə – rayonun “Qırmızı körpü”, “Qaraağac yolu” adlanan ərazilərində, Sədərək-Qaraağac kəndləri ərazisində davam etdirilir. Hər yerdə su xətlərinin və kanalizasiya sisteminin keyfiyyətli çəkilişinə xüsusi diqqət yetirilir.
Baş mühəndis onu da bildirdi ki, aşağıdakı anbarı su ilə doldurmaq üçün hər biri 84 metr dərinliyində 15 subartezian quyusu qazılmışdır. Həmin quyuların suyu xüsusi laboratoriyalarda yoxlanılmış, analizdən keçirilmişdir. Bu 15 quyudan hər 5-i ayrıca transformatora qoşulacaq. Hazırda transformator şəbəkəsinin quraşdırılmasına hazırlıq görülür. Qeyd edək ki, hər quyu saniyədə anbara 8 litr su vuracaq. Çirkab suların təmizlənməsi üçün isə iki qurğu inşa ediləcəkdir.
2014-cü ilin sonunda başa çatdırılması nəzərdə tutulan layihə çərçivəsində bütün işlər tamamlanandan sonra rayonda ən azı 50 il su təchizatına və kanalizasiya xəttinə ehtiyac duyulmayacaq. Çəkilən su və kanalizasiya xətlərinin hamısı plastik borularla inşa edilir. Mütəxəssislər çəkilən boruların 100 il ərzində istismara yararlı olacağını proqnozlaşdırırlar.
Layihəyə əsasən, rayonda 3200 ədəd ev birləşməsi qoyulacaq və o qədər də su sayğacı quraşdırılacaqdır. Yaxın vaxtlarda bu işə də start veriləcəkdir.
Rayonda olarkən sədərəklilərlə də görüşüb söhbət etdik. Teymur Quliyev, Yusif Qasımov, Həsən Zamanov və digərləri görülən abadlıq-quruculuq işlərini, həmçinin içməli su və kanalizasiya xətlərinin çəkilişini dövlətin sərhəd bölgəsi Sədərəyə olan qayğısının təzahürü kimi qiymətləndirdilər.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR