Bu bəhrələr Sələsüz kəndinə müasirlik gətirib
Həyatın dəyişilməz qanunu kimi günlər aylara, aylar illərə çevrilir. Ötən hər gün, hər ay, hər il isə ömrümüzə, həyatımıza öz izlərini yazır. Son illər bu izlər hər birimizin yaddaqalan xatirələri ilə müşayiət olunur. Çünki muxtar respublikamızda son 18 ildə sosial-iqtisadi inkişafın dinamik xarakter alması hər bir naxçıvanlının həyat tərzini kökündən dəyişdirib, yaşayış səviyyəsini xeyli yüksəldib. Hər addımda rastlaşdığımız yeniliklər üzə gülür.
2013-cü ili – “Heydər Əliyev ili”ni daha uğurlu illərdən biri hesab edə və qətiyyətlə deyə bilərik ki, biz bu gün xalqımızın dahi oğlu Heydər Əliyevin bir vaxtlar arzuladığı Naxçıvanda yaşayır, bu qədim yurd yerinin ulu keçmişi ilə qürur duyduğumuz kimi, bu günü ilə də fəxr edirik. Bəs qəlbimizi dağa döndərən, qurub-yaratmaq əzmimizi yüksəldən amillər hansılardır? “Heydər Əliyev ili”ndə muxtar respublikada neçə illərdir, dinamik xarakter almış tikinti-quruculuq işlərinin davam etdirilməsi, yeni emal və istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişafında yeni mərhələyə qədəm qoyulması, aqrar sahədə qazanılan uğurların artırılması, məşğulluğun təmin edilməsi və saymaqla qurtarmayan digər reallıqlar...