Böyükdüz ərazisində yeni istixana kompleksinin tikintisinə başlanılıb
Muxtar respublikamızda özəl bölməyə göstərilən dövlət qayğısı öz bəhrəsini vermiş, sahibkarlığın inkişafında ciddi nailiyyətlər qazanılmış, aqrar bölmədə yüzlərlə yeni istehsal müəssisəsi, kiçik fərdi təsərrüfatlar yaradılmışdır. Özəl sektorun inkişafı daxili bazarın qorunmasında, idxaldan asılılığın aradan qaldırılmasında, əhalinin tələbatının yerli istehsal hesabına dolğun ödənilməsində və ərzaq təhlükəsizliyi proqramının uğurla icra edilməsində əhəmiyyətli rola malikdir. Hazırda muxtar respublikada Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 87 faiz təşkil edir.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni meyvə bağları salınır, istixana kompleksləri yaradılır. Tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər ötən ildə də uğurla davam etdirilmiş, Naxçıvan şəhərində yeni istixana kompleksi istifadəyə verilmişdir.
Sahibkar Elçin Bağırovun dediyinə görə, bu mühüm əhəmiyyətli sahənin inkişaf etdirilməsi üçün biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim edilmişdir. Sahibkarlığa Kömək Fondundan 1 milyon manat güzəştli kredit ayrılmışdır. 2013-cü ilin mart ayında 10 min kvadratmetr, may ayında isə 1500 kvadratmetr sahəsi olan yeni istixana kompleksi istifadəyə verilmişdir. Burada Hollandiya və Türkiyə istehsalı olan ən müasir avadanlıqlar quraşdırılmış, anbarlar, qazanxana, yeməkxana və işçilər üçün otaqlar yaradılmış, yeni kənd təsərrüfatı texnikaları alınmışdır. Ümumilikdə, yeni istixana kompleksinin tikintisinə və müasir texnoloji avadanlıqların alınmasına 1 milyon 700 min manat vəsait sərf olunmuşdur.
İstixana kompleksində avtomatik rejimdə işləyən iqlim-nəzarət sistemləri, isitmə və havalandırma avadanlıqları quraşdırılmışdır ki, bu da temperaturun sabit saxlanmasına və havanın təmizliyinə imkan verir. Burada su təchizatı da kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş avadanlıqlar vasitəsilə aparılır. Su təmizləyici qurğudan keçdikdən sonra torpağın tərkibi haqqında laborator analizin cavablarına uyğun ayrı-ayrı çənlərdə hazırlanmış gübrələr suya əlavə olunmaqla istixanaya ötürülür və suvarma damcı üsulu ilə aparılır. Bu, sudan səmərəli istifadə olunmaqla bərabər, şitillərin qidalanmasında mühüm amildir. İstixanada müasir texnologiyaların tətbiqi yüksək məhsuldarlığa nail olunmasında və əhalinin keyfiyyətli məhsullarla təminatında əhəmiyyətli rol oynayır.
Hazırda istixana kompleksində zirə, tovuz və kənd sortu olan pomidor şitili əkilmişdir. Hər kolun məhsuldarlığı 4-5 kiloqram, müəssisənin illik istehsal gücü isə 200 tondur. Kompleksdə becərmə tədbirlərində üzvi gübrələrdən istifadə edilir, pomidor və xiyar kollarının tozlanması xüsusi arı ailələri vasitəsilə aparılır. Bu da məhsuldarlığın təbii yolla artırılmasına, mövsümi ekoloji təmiz məhsul istehsalına imkan verir.
Ekotester vasitəsilə məhsulun tərkibində olan radiasiya və nitratın (azot) müəyyən olunmuş normaya uyğunluğu yoxlanılır. Sonra isə məhsul sifarişə uyğun olaraq, nəfis tərtibatla bəzədilmiş 7 kiloqramlıq karton taralarda topdansatış bazalarında, 250-500 qramlıq və 1 kiloqramlıq plastik taralarda isə pərakəndə satış mağazalarında Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınmış “Naxçıvan bağları” əmtəə nişanı ilə satışa çıxarılır. Hazırda gündə 500 kiloqram pomidor satışa çıxarılır ki, bu da muxtar respublikamızda bu məhsula olan tələbatın az bir hissəsini ödəyir. Artan tələbatın ödənilməsi və istixana kompleksinin fəaliyyətinin genişləndirilməsi məqsədilə 2014-cü ilin yanvar ayında biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim olunmuşdur. Layihənin reallaşması üçün dövlət maliyyə dəstəyi göstərilmiş və Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 40 min kvadratmetr torpaq sahəsi ayrılmışdır. Həmin əraziyə elektrik xətti çəkilmiş, transformator yarımstansiyası qoyulmuşdur. Hazırda daimi su xətti çəkilir, ərazidə torpaq işləri görülür. Layihəyə uyğun olaraq, istixana kompleksinin ayrı-ayrı bölmələrində pomidor, xiyar, çiyələk, tərxun və digər göyərtilər, dibçək gül toxumları yetişdiriləcək. Həmçinin bu istixana kompleksində müasir avadanlıqlarla təmin edilmiş toxumluq şitilyetişdirmə bölməsi də fəaliyyət göstərəcək ki, bu da xaricdən idxal olunan şitilın qarşısını alacaq.
Tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün bu sahə üzrə qabaqcıl təcrübəyə malik Türkiyənin “May Çelik” şirkəti ilə müqavilə bağlanılmış, mal-materialın alınıb gətirilməsi üçün maliyyə vəsaiti ödənilmiş və materialların idxalına başlanılmışdır. Müqaviləyə uyğun olaraq, artıq mart ayının 15-dən konstruksiya işlərinə başlanılmış və 6 ay müddətində istixana kompleksi təhvil veriləcəkdir. İstixana kompleksinin qazanxana sistemində Türkiyənin “Alarko”, suvarma sistemində İsrailin “Netafim”, gübrələmə sistemində isə İspaniyanın “Nutricontrol” şirkətlərinin istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılacaq. İstixana kompleksinin gündəlik tələbatı nəzərə alınaraq 3 ədəd hər birinin tutumu 220 ton olan yerüstü qapalı hovuz tikiləcək ki, bu da su xəttində hər hansı bir nasazlıq yaranarkən fasiləsiz su ilə təminatda mühüm rol oynayacaq. Həmçinin kompleksdə soyuducu anbar, yeməkxana, işçilər üçün otaqlar istifadəyə veriləcək, müasir kənd təsərrüfatı texnikaları alınacaqdır. İstixana kompleksinin illik istehsal gücü min ton olacaq ki, bu da qış aylarında daxili bazarın pomidora olan tələbatının ödənilməsinə imkan verəcək və bu məhsulun xaricdən idxal olunmasının qarşısını alacaq.
Naxçıvan şəhərində fəaliyyət göstərən istixana kompleksi daxili bazarı yüksəkkeyfiyyətli tərəvəz məhsulları ilə təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynamış, 11 nəfər daimi işlə təmin olunmuşdur. İşçilər xüsusi geyim formaları və yüksək əməkhaqqı ilə təmin edilmişlər. Cari ildə istifadəyə veriləcək Böyükdüz istixana kompleksində daha 26 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur ki, bu işçilərin də əksəriyyəti Böyükdüz kəndinin sakinləri olacaqlar.
Kərəm HƏSƏNOV