Bu gün muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində, rayon mərkəzlərində metaldan, çuqundan, dəmirdən hazırlanmış müxtəlif məmulatları görəndə bəziləri istər-istəməz düşünür ki, yəqin, bu məhsullar diyarımıza digər ölkələrdən gətirilib. Naxçıvanda belə məhsulların istehsalına 2008-ci ildən başlanılıb. Daha dəqiq desək, həmin il yanvar ayının 29-da “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin Metaləritmə Zavodunda ağır sənaye məhsulları istehsalına start verilib.
Zavodun açılış mərasimində çıxış edən Ali Məclisin Sədri bu barədə deyib: “Azərbaycan Respublikası, onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası uzun illər Sovetlər Birliyinin tərkibində yaşayıblar. Həmin illərdə keyfiyyətə deyil, kəmiyyətə üstünlük verildiyinə görə qurulan müəssisələr, istifadəyə verilən təşkilatlar çox tez bir zamanda dağılıb sıradan çıxırdı. Yenidən qurularaq istifadəyə verilən bu zavod da Sovetlər Birliyi dövründə qurulmuş bir müəssisə idi. O vaxt müəssisənin quruluşuna fikir verilməmiş, istehsal edilən məhsulların keyfiyyəti də heç vaxt qaneedici olmamışdır.
İndi həmin müəssisənin yerində yeni bir müəssisə qurulub. Bu, özəl bölmənin bəhrəsidir. Müəssisənin sahibkarı müəssisəni tam müasir tələblər səviyyəsində qurubdur və orada istehsal olunan məhsullar da keyfiyyətinə görə müasir tələblərə cavab verə biləcək, iqtisadiyyatımızın inkişafına öz töhfəsini verəcəkdir”.
Ötən dövr ərzində ölkəmizin və xarici ölkələrin analoji istehsal müəssisələri ilə əlaqə saxlayan, yenilikləri izləyən, burada çalışanların peşəkarlığının artırılmasına ciddi önəm verən, muxtar respublikanın belə məhsullara olan tələbatının ödənilməsi istiqamətində xeyli iş görən müəssisənin bugünkü fəaliyyəti ilə yaxından tanış olmaq üçün bu günlərdə zavoda üz tutduq. Zavodla tanışlıq zamanı burada müasir texnologiyaların tətbiqinə geniş yer verildiyini, bu prosesin keyfiyyətli məhsul istehsalında mühüm rol oynadığını gördük. Qeyd edək ki, həmin müəssisənin istehsal etdiyi eyniadlı məhsullar əvvəllər xarici bazardan, xarici şirkətlərdən alınır, muxtar respublikanın tələbatı qismən ödənilirdi. Belə məhsulların daşınması əlavə xərclər yaradır, bu məhsullar böyük çətinliklərlə Naxçıvana gətirilirdi. Muxtar respublikamızda isə geniş vüsət alan quruculuq işlərində, əsasən, diyarımızda fəaliyyət göstərən yerli müəssisələrin istehsal etdiyi məhsullara böyük tələbat var. Bu gün bu tələbatın ödənilməsinə Metaləritmə Zavodu da öz töhfələrini verir.
Müəssisədə, əsasən, istifadəyə yararsız olan maşın və mexanizm hissələrindən istifadə olunur.
Müəssisənin kollektivi istehsal etdiyi məhsulun keyfiyyətini daim diqqət mərkəzində saxlayır, kəmiyyətlə yanaşı, keyfiyyət amili də unudulmur. Burada çalışanlar unutmurlar ki, istehsal etdikləri məhsullar ilk olaraq öz tələbatımız üçündür. Ona görə də müəssisədə iş bu istiqamətdə qurulub. Kollektiv həm də ona nail olmaq istəyir ki, istehsal etdiyi məhsullar xarici bazara da ayaq açsın. Hələliksə bu məhsullardan muxtar respublikada və ölkəmizin bəzi regionlarında istifadə olunur. Bunun üçün zavodun ərazisində və Bakı şəhərində zavodun iki firma mağazası fəaliyyət göstərir.
İlk olaraq plastik qapı-pəncərə istehsal edilən müəssisədə sonradan reklam tərtibatı işləri, jalüz pərdələr, pərdə torluqları, asma tavan, şüşə üzərində mat və rəngli şəkillərin işlənməsinə başlanılıb. Əlvan metal üzərində bir-birindən nəfis döymə işlərini həyata keçirən zavodda həm də PVC qapı-pəncərələr hazırlanır.
2008-ci ildən müəssisə fəaliyyətini bir qədər də genişləndirib. Burada küçə işıqları, bağ oturacaqları, təyinatı üzrə çuqun və sferodan quyu qapaqları, körpü üçün məhəccərlər, pəncərə torluqları istehsal edilir.
Zavod fəaliyyətə qaynaq, əritmə, boya və torna sexləri ilə başlayıb. Sonralar daxili imkanlarını genişləndirib. Hazırda burada 2 qaynaq, 2 boya və təmizləmə, əritmə, torna, seyf qapısı sexləri fəaliyyət göstərir. Bu istehsal sahələrində Rusiya istehsalı olan dəzgahlar quraşdırılıb.
Müəssisənin metaləritmə sexində yüksək istehsal gücünə malik metaləridən qazanlar, körpülü kran, qumqarışdırıcı və presləyici qurğulardan istifadə edilir. Bu istehsal sahəsində Türkiyə və İran İslam Respublikasından gətirilən müasir avadanlıqlar quraşdırılıb. Burada həmçinin qızdırıcı və havatəmizləyici qurğular quraşdırılıb, lazımi iş şəraiti yaradılıb. Məhsul istehsalında tərtibat işinə xüsusi diqqət yetirilir, müasir dizayn elementlərindən istifadə olunur ki, bu da müəssisəyə verilən sifarişlərin sayını getdikcə artırır.
Zavodda fasiləsiz iş rejimini təmin etmək məqsədilə aşağı və yüksəkgərginlikli yarımstansiya tikilib, transformatorlar, kompressor quraşdırılıb. Hazır məhsulları obyektlərə çatdırmaq üçün müəssisəyə kifayət qədər müxtəlifmarkalı maşınlar alınıb. Burada həmçinin su anbarı inşa olunub, çən quraşdırılıb, zavodun həyətinə içməli su xətti çəkilib.
Müəssisədə çalışan işçilərin ixtiyarına müasir tələblər səviyyəsində qurulmuş yeməkxana verilib. Fəhlələr pulsuz nahar yeməyi, xüsusi geyim forması və nəqliyyat vasitəsi ilə təmin edilirlər. Onu da bildirək ki, bu gün zavodda 115 nəfər naxçıvanlının məşğulluq problemi həllini tapıb. Onlarla əmək müqavilələri bağlanılıb, fəhlələrin təhlükəsiz iş yerində çalışması üçün tədbirlər həyata keçirilib. Müntəzəm olaraq texniki təhlükəsizlik qaydaları barədə söhbətlər aparılması diqqət mərkəzində saxlanılıb. Burada çalışanlara tibbi kitabçalar açılıb. Zavodda gigiyena-sanitariya qaydalarına əməl olunmasına ciddi önəm verilir.
Bu gün Naxçıvan şəhərində, rayon mərkəzlərində hər addımda adıçəkilən zavodun istehsalı olan məmulatlar zövqümüzü oxşayır. Muxtar respublikada belə ağır sənaye məmulatlarının istehsalı analoji məhsulları digər yerlərdən almaqdan, necə deyərlər, canımızı qurtarıb.
Metaləritmə Zavodu bu gün istehsal etdikləri ilə kifayətlənmir. Muxtar respublikanın sosial-iqtisadi inkişafının ən böyük göstəricilərindən olan tikinti-quruculuq tədbirlərində ehtiyac duyulan məhsullar istehsal etmək üçün axtarışlar aparır, yeni istehsal sahələrinin yaradılmasına çalışır. İnanırıq ki, diyarımızda ilk ağır sənaye məhsulları istehsalı ilə məşğul olan zavod gələcəkdə daha böyük uğurlara nail olacaq.
Muxtar MƏMMƏDOV