Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin iqtisadi təhlükəsizliyinin əsas amillərindəndir.
Aparılan araşdırmalar göstərir ki, son illər dünyada ərzaq istehsalının illik artımının azalması tendensiyası müşahidə edilir və bu azalmanın növbəti illərdə də davam edəcəyi proqnozlaşdırılır. Hazırda qlobal istiləşmə və iqlim dəyişikliyi insanların ərzaq məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayan kənd təsərrüfatı sektoruna daha çox mənfi təsir göstərir. Kənd təsərrüfatını iqlim dəyişikliklərinə adaptasiya etmək qlobal ərzaq təhlükəsizliyinin təmin olunması və ekosistemi qorumaq baxımından vacib olmaqla yanaşı, həm də xeyli xərc tələb edir. Bütün bu faktlar onu göstərir ki, hazırda ərzaq təhlükəsizliyi probleminin səmərəli həlli dünyada gedən sürətli qloballaşma prosesi fonunda ən mühüm məsələlərdəndir. Odur ki, Naxçıvanda ərzaq təhlükəsizliyinin təmin olunmasına ciddi diqqət yetirilir və bu sahədə mühüm nailiyyətlər qazanılmışdır.
Əldə olunmuş nailiyyətlərin əsas və həlledici amillərindən biri muxtar respublikada sahibkarlığın inkişafına geniş meydan verilməsi və bu sahəyə dövlət yardımının ilbəil artırılması, sahibkarların təcrübəsinin daha da zənginləşdirilməsi istiqamətində müvafiq tədbirlərin reallaşdırılmasıdır. Regionumuzda kənd təsərrüfatının inkişafı ilə bağlı əldə olunan müvəffəqiyyətlər istər ərzaq təhlükəsizliyinin təmin olunmasında, istərsə də emal müəssisələrinin xammalla təchizatında mühüm rol oynayır. Bu cəhətdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb edir.
Dövlət proqramı kənd təsərrüfatı məhsulları istehsalının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaqla təmin edilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına, sahibkarlığın inkişafına stimul olmuşdur.
Dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə texniki və maliyyə dəstəyinin göstərilməsi aqrar bölmənin inkişafında böyük rol oynayır. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, buğda səpininin, toxum və ting istehsalının subsidiyalaşdırılması kənd təsərrüfatı istehsalına güclü təkan vermişdir. Bununla yanaşı, idxal olunan damazlıq heyvanların fermerlərə 50 faiz güzəştlə lizinq yolu ilə satılması təmin edilmişdir.
Aparılan məqsədyönlü siyasət aqrar sektorun inkişafına, nəticə etibarilə, istehsalın artmasına, məhsul bolluğunun yaranmasına səbəb olmuşdur. 2013-cü ildə muxtar respublikada 337 milyon manatdan çox kənd təsərrüfatı məhsulunun istehsal olunması buna sübutdur.
Muxtar respublikada kənd təsərrüfatının aparıcı sahələrindən biri əkinçilikdir. Regionun torpaq mülkiyyətçiləri bu sahədə zəngin təcrübəyə malikdirlər. Torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, eləcə də iqlim və coğrafi şərait əkinçilikdə uğurlar qazanılmasını təmin etmişdir. Elə bu səbəbdəndir ki, 2013-cü ilin məhsulu üçün 60 min 127 hektar sahədə əkin aparılmışdır.
Aqrar sahədə nəzərdə tutulan xidməti işlərin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onları lazımi texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin etmək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə ötən il 348 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Hazırda bu təşkilat tərəfindən gətirilən texnikaların sayı 1227-yə çatmışdır. Ötən il gətirilmiş texnikalardan 253-ü lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Əkinçiliklə məşğul olan fermerlərə verilən 4124 ton mineral gübrə məhsuldarlığın artırılmasına kömək etmişdir.
Kənd təsərrüfatında əsas sahə sayılan taxılçılığın inkişafı daim diqqət mərkəzindədir. Belə ki, 2013-cü ildə muxtar respublika üzrə 35 min 324 hektar sahədə taxıl əkilmişdir. Bunun 25 min 869 hektarını buğda təşkil etmişdir. Taxıl zəmilərindən 2012-ci ildəkindən 1112 ton çox, yəni 102 min 960 ton məhsul toplanmışdır.
Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunması, fövqəladə hallara yüksək səviyyəli hazırlığın təmin edilməsi, təbii fəlakətlərin nəticələrinin qısa zamanda aradan qaldırılmasından ibarətdir. Muxtar respublikada taxıl istehsalının artımı ilə yanaşı, taxıl ehtiyatının yaradılması imkanları da yaxşılaşdırılmış, ümumi tutumu 9 min ton olan üç yeni bunker istifadəyə verilmişdir. Bununla da, Naxçıvan Muxtar Respublikasında taxılı uzun müddətə saxlamağa imkan verən anbarın həcmi 18 min tondan 27 min tona çatdırılmışdır.
Ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamına uyğun olaraq, torpaq mülkiyyətçilərinə dövlət maliyyə yardımı davam etdirilmiş, kənd təsərrüfatı istehsalçılarına 2013-cü il ərzində muxtar respublikanın bank və bank olmayan kredit təşkilatları tərəfindən 14 milyon 784 min manatdan çox güzəştli kreditlər verilmişdir.
Muxtar respublikada taxılçılıqla yanaşı, kartofçuluğun inkişafına da ciddi diqqət yetirilir. Son illərə qədər regionda bu məhsula olan tələbat, əsasən, idxal hesabına ödənilirdi. İkinci çörək sayılan kartofa olan tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə görülən işlər bu cəhətdən diqqəti çəkir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda torpaqlardan səmərəli istifadə olunması, investisiyaların yatırılması, müxtəlif servis mərkəzlərinin yaradılması, daxili bazarın qorunması, tələbata uyğun keyfiyyətli məhsul istehsalının dəstəklənməsi kimi zəruri tədbirlərin görülməsi məsələləri qarşıya qoyulmuşdur. Stimullaşdırıcı təsirə malik olan bu tədbirlərin nəticəsidir ki, kartof əkini sahələri ildən-ilə genişləndirilir. Daxili bazarın kartofla təminatında idxaldan asılılığın azaldılması, tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etmək məqsədilə muxtar respublikada əlverişli torpaq sahələri ayrılmışdır. Ötən il 2957 hektar sahədə kartof əkilmiş və sahələrdən 41 min tondan çox məhsul yığılmışdır.
İstehsal olunmuş məhsulların emalı, saxlanılması və satışının təşkili mühüm məsələlərdəndir. Son illər kənd təsərrüfatı məhsullarının emalı sahəsində böyük quruculuq işləri həyata keçirilir. Muxtar respublika əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunması üçün 11 istixana kompleksi istifadəyə verilmişdir.
Əhalinin müxtəlif əkinçilik məhsullarına olan tələbatının ödənilməsində soyuducu anbarların yaradılmasının da böyük rolu vardır. Bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar ortaya çıxan problemləri aradan qaldırmağa kömək edir, digər tərəfdən əhalinin il boyu keyfiyyətli yerli məhsullarla təmin olunmasına imkan verir. Son illər əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının daha dolğun ödənilməsi məqsədilə muxtar respublikada ümumi tutumu 12 min ton olan 17 soyuducu anbar qurularaq istifadəyə verilmişdir. Meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalında artıma nail olunması üçün emal sənayesinin inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Qeyd olunanlarla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlarda rəqabətqabiliyyətli məhsul satmaq üçün məhsulun çeşidlənməsinə, qablaşdırılmasına, saxlanmasına, istehsalına və ixracına stimul yaradan digər tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Muxtar respublikada kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarının məhsullarının özləri tərəfindən satışa çıxarılması və əhalinin daha ucuz qiymətlərlə kənd təsərrüfatı məhsulları ilə təmin olunması məqsədilə şəhər və rayon mərkəzlərində satış yarmarkaları təşkil olunur.
Kənd təsərrüfatında əkinçiliklə yanaşı, heyvandarlıq da sürətlə inkişaf edir, məhsul istehsalı artır. Bu inkişaf muxtar respublikada baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsi, məhsuldar cinsli mal-qaranın sayının artırılması istiqamətində görülən tədbirlərin nəticəsidir. Ötən il muxtar respublikada 2 yeni heyvandarlıq təsərrüfatı yaradılmışdır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə ötən il 337 baş, ümumilikdə isə son beş ildə 1678 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
Maldarlıqla yanaşı, quşçuluğun inkişaf etdirilməsi də diqqətdən kənarda qalmamışdır. Daxili bazarda quş ətinə və yumurtaya olan tələbatı yerli istehsal hesabına ödəmək üçün 2013-cü ildə 13 yeni quşçuluq təsərrüfatı yaradılmışdır.
Muxtar respublikada arıçılığın inkişafına da ciddi diqqət yetirilir. Əsasən, keçmiş ənənələrə söykənən bu sahədə də uğurlar əldə olunmuşdur. Arıçılıqla məşğul olan sahibkarlara dövlət dəstəyi göstərilir və maliyyə dəstəyinin həcmi ildən-ilə artır. Balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələrinin istifadəyə verilməsi bu sahənin yenidən genişləndirilməsində əvəzsiz rol oynayır. 2013-cü ilin əvvəlində muxtar respublikada 65 mindən çox arı ailəsi var idisə, ilin sonunda onların sayı 69 minə çatdırılmışdır. Bu artım bal istehsalının həcminin artmasına da təsir göstərmiş, il ərzində 1300 tondan çox bal istehsal edilmişdir.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın əsas məqsədi muxtar respublika əhalisinin hər bir nəfərinin sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır. Ötən ilin yekunları bir daha göstərir ki, muxtar respublikada əhalinin təhlükəsiz ərzaqla davamlı təmin olunması üçün mühüm tədbirlər görülmüş və görülməkdədir. Qarşıda duran əsas vəzifə isə insanların öz işlərinə məsuliyyətlə yanaşması, torpağa daha ürəkdən bağlanmasıdır.
Tural HAQVERDİYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri