22 Dekabr 2024, Bazar

Culfa rayonunun Yaycı kəndində rayonun Yaycı, Dizə,  Gal, Şurud, Gülüstan, Camaldın kəndlərinin torpaq mülkiyyətçiləri ilə rayon İcra Hakimiyyəti əməkdaşlarının görüşü keçirilib.
Yığıncağı Culfa Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Əbülfəz Mahmudov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamla təsdiq etdiyi “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı” muxtar respublikada hazırkı dövrdə əhalinin artan tələbatına uyğun olaraq, meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı üçün qəbul edilmiş mühüm dövlət sənədidir. Dövlət proqramının icrası mеyvə və tərəvəzçiliyin inkişafı yolu ilə kənd əhalisinin məşğulluğunun artırılması, onların maddi-rifah halının yaxşılaşdırılması, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması sahəsində əlavə imkanlar açmaqdadır.

Sözügedən dövlət proqramı muxtar respublikada əhalinin meyvə və tərəvəzə, meyvə və tərəvəz emalı məhsullarına olan tələbatının ödənilməsini, meyvə və tərəvəz emalı sənayesinin xammala olan tələbatının daxili istehsal hesabına qarşılanmasının təmin edilməsini, soğan istehsalında məhsuldarlığın 130 sentner-hektara, sarımsaq istehsalında məhsuldarlığın 90 sentner-hektara, yerkökü istehsalında məhsuldarlığın 90 sentner-hektara çatdırılmasını hədəfləyir. Bundan başqa, proqramın uğurlu icrası nəticəsində pomidor istehsalında məhsuldarlıq 125 sentner-hektara, kartof istehsalının həcmi 45 min tona, meyvə istehsalının həcmi isə 50 min tona çatdırılacaq.
Qeyd edilib ki, 2012-ci ildə rayon ərazisində 592 hektar tərəvəz (o cümlədən 51,2 hektar soğan), 2013-cü ildə isə 594 hektar sahədə tərəvəz (o cümlədən 74 hektar soğan) əkilib. 2013-cü ildə sahələrdən 9771,3 ton tərəvəz yığılıb, məhsuldarlıq 164,5 sentner olub. Rayonda əkinçilik sahəsində qazanılan təcrübə, torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısı onu deməyə əsas verir ki, əldə olunan nəticələrlə kifayətlənmək olmaz. Xüsusən soğan istehsalında rayonun Yaycı kəndində kifayət qədər torpaq resursları və texniki imkanlar mövcuddur. Bu imkanlardan istifadə edərək torpaq mülkiyyətçiləri məhsuldarlığı artıra, beləliklə də, muxtar respublikanın ərzaq təhlükəsizliyinə öz töhfələrini verə bilərlər. Yeni mövsümlə əlaqədar kartof əkinlərində istifadə olunması üçün lazımi miqdarda toxum tədarük edilib, mülkiyyətçilərə lazımi gübrələr paylanılıb. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Culfa bazasında yaz əkinləri üçün texnikalar saz vəziyyətə gətirilib. Rayonun Dizə, Gal, Şurud, Gülüstan, Camaldın kəndlərində də əkinçiliyin inkişafı üçün geniş imkanlar mövcuddur və bu imkanlardan maksimum istifadə olunmalıdır.
Sonda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb, yeni mövsümlə bağlı qarşıya çıxan problemlərin həlli yolları müzakirə edilib.

Hüseyn ŞƏKƏRƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR