“İşgəsu” balıqçılıq təsərrüfatı da bu işə öz töhfəsini verir
Daxili bazarda yerli istehsal məhsullarının xüsusi çəkisinin artmasında sahibkarlıq fəaliyyətinə ciddi önəm verilməsi, sahibkarlıq subyektlərinə hərtərəfli qayğı göstərilməsi, onların üzləşdikləri problemlərin həllinə həssaslıqla yanaşılması mühüm rol oynayır. Bir qədər əvvələ qayıtsaq və bu günümüzlə müqayisə etsək, bu istiqamətdə muxtar respublikamızda böyük irəliləyişlər olduğunu görərik.
Əgər neçə illər əvvəl hansısa iş adamı emal və istehsal müəssisəsi yaratmaq qərarına gəlirdisə, bu fikrini gerçəkləşdirmək üçün bir çox çətinliklərlə üzləşirdi. Belə problemlərin aradan qaldırılması müxtəlif məhsul istehsalı sahələrinin yaradılması ilə nəticələnib. Məlumat üçün bildirək ki, iqtisadi fəallığın artırılması üçün muxtar respublikanın sahibkarları hər il güzəştli şərtlərlə dövlət maliyyə dəstəyindən istifadə edirlər. Bu iş ötən il də davam etdirilib, onlara 49 milyon 765 min manatdan artıq həcmdə kreditlər verilib. Kreditlərin təyinatı üzrə xərclənməsi diqqət mərkəzində saxlanılıb.
Müsbət hal kimi o da vurğulanmalıdır ki, təkcə Naxçıvan şəhərində, rayon mərkəzlərində deyil, həm də kənd yaşayış məntəqələrində yeni istehsal müəssisələri yaradılır. Bu isə muxtar respublikada mövcud olan potensialdan maksimum səmərəli istifadə olunmasına, əhalinin məşğulluğunun təmin edilməsinə imkan verir.
Belə müəssisələrdən biri də Şahbuz rayonunda fəaliyyət göstərən “İşgəsu” balıqçılıq təsərrüfatıdır.
– Bölgənin təmiz havası, suyu burada balıqçılığın inkişaf etdirilməsinə marağı artıran amillərdən biridir, – təsərrüfatın rəhbəri, fiziki şəxs Nurlan Xəlilov bu sözlərlə söhbətinə başlayır və əlavə edir: – Son illər muxtar respublikada sahibkarlığın inkişafı, sözün həqiqi mənasında, təqdirolunasıdır. Bu inkişafdan qazanan isə təkcə sahibkarlar deyil, həm də muxtar respublika sakinləridir. O mənada ki, sakinlər müxtəlif məhsulları daha başqa ölkələrdən deyil, məhz muxtar respublikada fəaliyyət göstərən müəssisələrdən almaq imkanı əldə ediblər. Onlar bilirlər ki, regionumuzun iqlim şəraiti burada ekoloji cəhətdən sağlam olan məhsulların yetişdirilməsinə, istehsalına imkan verir. Bu isə sağlamlıq üçün ən vacib şərtdir. Üstəgəl ki, məhsulların qiyməti də istehlakçıları razı salır.
Sahibkar bildirir ki, bu amilləri nəzərə alaraq 2009-cu ildə bu təsərrüfatı yaradıblar: – Səmimi etiraf edim ki, bu prosesdə elə bir ciddi çətinliklə üzləşmədik. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyindən 10 min manat kredit götürdük. Yeri gəlmişkən qeyd edim ki, artıq həmin borcu ödəmişik.
Öyrəndik ki, təsərrüfat fəaliyyətə başlayarkən ilk olaraq İşgəsu massivindən əraziyə su xətti çəkilib, iki kaptaj vurulub, 15 süni hovuz tikilib. Hovuzların hündürlüyü 1 metr 20 santimetr, eni 3, uzunluğu 25 metrdir. Bu hovuzlarda ən qiymətli balıq növü olan farel balıqları yetişdirilir. Digər balıq növləri ilə müqayisədə bu balıqlar daha çox qayğı tələb edir. Odur ki, bu amil diqqətdə saxlanılır. Onların yemlənməsi müəyyən edilmiş qaydalar əsasında aparılır. Bunun üçün mütəxəssis məsləhətləri diqqət mərkəzində saxlanılır. Hovuzlardakı suyun normaya uyğun olmasına, təmizliyinə ciddi fikir verilir. Bundan başqa, təsərrüfatın ixtiyarında eni 20 metr, uzunluğu müxtəlif ölçülərdə olan 5 təbii hovuz da var. Bu hovuzlarda müxtəlif növ balıqlar yetişdirilir.
İstehsal sahələrini genişləndirmək sahibkarın perspektiv planıdır. Bunun üçün hər cür imkanlar olduğunu bildirən Nurlan Xəlilov deyir ki, təsərrüfatda ikinövbəli iş rejimi tətbiq olunub. Ərazidə sanitariya-gigiyena qaydalarına ciddi əməl edilir. Bütün bunlar yüksəkkeyfiyyətli məhsul istehsalında mühüm rol oynayan amillərdir.
İstehsal edilən məhsulların satışı ilə maraqlandıq. Sahibkar bildirdi ki, bu işi də özləri həyata keçirirlər. İstehsal olunmuş məhsul sifarişlər əsasında yerlərə göndərilir.
Naxçıvan şəhərində bir neçə ticarət obyektində olduq. Bu təsərrüfatın istehsal etdiyi məhsulların satışı ilə maraqlandıq. Həm satıcılar, həm də alıcılar razılıqlarını bildirdilər. Muxtar respublikada balıqçılıq təsərrüfatlarının yaradılması region sakinləri tərəfindən rəğbətlə qarşılanır.
Muxtar MƏMMƏDOV