Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizdə su və kanalizasiya sistemləri də yenidən qurulur. 2009-cu ildən etibarən muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində və rayon mərkəzlərində də içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılmışdır. Artıq Naxçıvan şəhərində və rayon mərkəzlərində tikinti işlərinin əsas hissəsi başa çatdırılmışdır.
Layihə çərçivəsində indiyədək 2,88 kilometr uzunluğunda suqəbuledici qurğunun (kaptajın), Babək rayonunun Şıxmahmud kəndi ərazisində həcmi 10000 kubmetr olan 2 ədəd və həcmi 5000 kubmetr olan 1 ədəd su anbarlarının tikintisi, suqəbuledicidən su anbarlarına qədər 6,35 kilometr şüşəlifli boru xəttinin, su anbarlarından Naxçıvan şəhərinə qədər uzunluğu 7,5 kilometr olan şüşəlifli qoşa boru xətlərinin çəkilişləri, həmçinin Naxçıvan şəhər əhalisini Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin etmək üçün gün ərzində saniyədə 472 litr sutəmizləmə gücünə malik sutəmizləyici quruğunun tikintisi başa çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən verilən məlumata görə, bu günə qədər Naxçıvan şəhərində müxtəlifdiametrli borularla 206 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin, 219,5 kilometr uzunluğunda su şəbəkəsinin tikintisi aparılmış və 18 min 970 ev birləşmələri qoyularaq sayğaclar quraşdırılmışdır. Hazırda Naxçıvan şəhərinin Əliabad qəsəbəsi, Əliqulu Qəmküsar küçəsi, “Atabəylər” və Xətai məhəllələrində su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir. Tikinti işləri aparılarkən keyfiyyət amilinə xüsusi diqqət yetirilir.
Naxçıvan şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdur.
Xəbərlər şöbəsi