22 Dekabr 2024, Bazar

Bu bəhrələr Sələsüz kəndinə müasirlik gətirib

Həyatın dəyişilməz qanunu kimi günlər aylara, aylar illərə çevrilir. Ötən hər gün, hər ay, hər il isə ömrümüzə, həyatımıza öz izlərini yazır. Son illər bu izlər hər birimizin yaddaqalan xatirələri ilə müşayiət olunur. Çünki muxtar respublikamızda son 18 ildə sosial-iqtisadi inkişafın dinamik xarakter alması hər bir naxçıvanlının həyat tərzini kökündən dəyişdirib, yaşayış səviyyəsini xeyli yüksəldib. Hər addımda rastlaşdığımız yeniliklər üzə gülür.

2013-cü ili – “Heydər Əliyev ili”ni daha uğurlu illərdən biri hesab edə və qətiyyətlə deyə bilərik ki, biz bu gün xalqımızın dahi oğlu Heydər Əliyevin bir vaxtlar arzuladığı Naxçıvanda yaşayır, bu qədim yurd yerinin ulu keçmişi ilə qürur duyduğumuz kimi, bu günü ilə də fəxr edirik. Bəs qəlbimizi dağa döndərən, qurub-yaratmaq əzmimizi yüksəldən amillər hansılardır? “Heydər Əliyev ili”ndə muxtar respublikada neçə illərdir, dinamik xarakter almış tikinti-quruculuq işlərinin davam etdirilməsi, yeni emal və istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişafında yeni mərhələyə qədəm qoyulması, aqrar sahədə qazanılan uğurların artırılması, məşğulluğun təmin edilməsi və saymaqla qurtarmayan digər reallıqlar...

Bu cəhətdən yenə də təhsil sahəsi öndə gedir. Bu da səbəbsiz deyil. Ulu öndərimiz bu sahəyə yüksək qiymət verərək deyirdi: “Təhsil uşaqları, gəncləri gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis kimi hazırlayan müqəddəs bir sahədir”.
Bu gün muxtar respublikada ümummilli liderin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyanın uğurla davam etdirilməsinin nəticəsidir ki, 2013-cü ildə tikinti, yenidənqurma və əsaslı təmir işlərindən sonra, ümumilikdə, 9 min 164 şagird yerlik 25 tam orta məktəb binası istifadəyə verilmişdir. Bu proses 2014-cü ildə də davam etdirilir. Ötən dövr ərzində ilin quruculuq ərməğanlarından biri, fevral ayının 10-da istifadəyə verilən Şahbuz rayonunun Sələsüz kənd tam orta məktəbinin yenidən qurulan binası bu yaşayış məntəqəsinin sakinlərinə böyük dövlət qayğısının təzahürü kimi dəyərləndirilmişdir. Bu günlərdə həmin tədris ocağında olduq. Məktəbin direktoru Vilayət Nəsirov belə böyük qayğı üçün kənd sakinləri, məktəbin müəllim və şagird kollektivi adından dövlətimizə dərin minnətdarlığını bildirdi.
Məlumat üçün bildirək ki, 2 mərtəbədən ibarət olan məktəb binası 234 şagird yerlikdir. Yenidənqurma işləri çərçivəsində məktəbin fasadı və interyeri yenilənmiş, tədrisin səviyyəsinin yüksəldilməsi, müasir metodlarla aparılması üçün lazımi şərait yaradılmışdır. Müəllim və şagird kollektivinin ixtiyarına 3-ü elektron lövhəli olmaqla, 13 sinif otağı, kimya-biologiya laboratoriyası, hərbi kabinə, kompüter otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları verilmişdir.
Kompüter otağındakı kompüterlərdən istifadə imkanları yüksəldilmiş, onlar internetə qoşulmuş, elektron lövhəli siniflərdə dərslərin interaktiv tədrisinə şərait yaradılmışdır.
Məktəbin direktoru ilə söhbətdə öyrəndik ki, Sələsüz kənd tam orta məktəbi ötən tədris ilində uğurlu nəticələr qazanmış, məzunlardan 5-i ali məktəblərə qəbul olunmuşdur. Lakin kollektiv bunu son hədd hesab etmir. Açılış mərasimində Ali Məclis Sədrinin “Kənd məktəbində yaradılan şərait təhsil uğurlarının artırılmasına imkan verəcəkdir. Ona görə də pedaqoji kollektiv yaradılan təhsil infra­strukturundan səmərəli istifadə etməli, şagirdlər təhsil almaqla yanaşı, həm də əsl vətəndaş kimi yetişməlidirlər” tövsiyəsinə əməl etmək üçün başa çatmaqda olan dərs ilinin nəticələrinin daha yüksək olmasına çalışılır.
Muxtar respublikada mahiyyət və məzmunca yeni tikililər olan kənd mərkəzlərinin inşasına ötən il də ciddi önəm verilmişdir. İdarəetmənin vahid mərkəzdən təşkilini və əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsini təmin edən belə mərkəzlərin sayı getdikcə artır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, 2013-cü ildə 20 kənd mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, ümumilikdə, belə obyektlərin sayı 104-ə çatdırılmışdır. 2014-cü il fevral ayının 10-da növbəti belə mərkəzin – Sələsüz Kənd Mərkəzinin açılışı olmuşdur. Mərkəz məktəblə bir ərazidə yerləşir. Kənddə dövlət qurumlarının fəaliyyəti üçün lazımi şərait yaradılan ikimərtəbəli mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və kənd mədəniyyət evinin işçiləri üçün iş otaqları ayrılmış, 83 yerlik iclas zalında müxtəlif tədbirlərin keçirilməsinə şərait yaradılmışdır.
Sələsüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vilayət Ələkbərov muxtar respublikada aparılan quruculuq işləri nəticəsində Sələsüz kəndinin də abad yaşayış məntəqəsinə çevrildiyini qürurla bildirir. Deyir ki, son illər muxtar respublikamızın kənd yaşayış məntəqələrində kompleks quruculuq tədbirlərinin aparılması sosial-iqtisadi inkişafın göstəricisidir. Bu cəhətdən Sələsüzdə bu tədbirlərin reallaşması hər bir kənd sakinini ürəkdən sevindirmiş, onları muxtar respublikanın iqtisadi qüdrətinin daha da gücləndirilməsinə töhfələrini verməyə səfərbər etmişdir.
Mərkəzdə yerləşən rabitə evində 384 nömrəlik yeni nəsil ATS-in quraşdırılması Sələsüzlə yanaşı, Mərəlik və Türkeş kəndlərində də abonentlərə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmişdir.
Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında kəndlərdə istifadəyə verilən həkim ambulatoriyalarının müstəsna əhəmiyyəti danılmazdır. Ona görə də muxtar respublikamızda səhiyyə infrastrukturu müasirləşdirilir, tibb müəssisələrinin şəbəkəsi genişləndirilir, bu məqsədlə səhiyyə ocaqları üçün inşa olunan yeni binaların sayı getdikcə artır. Sələsüz kəndində istifadəyə verilən həkim ambulatoriyasında müasir tibbi avadanlıqlar quraşdırılmış və lazımi şərait yaradılmışdır. Ambulatoriyada tibb bacısı vəzifəsində çalışan Xədicə Həsənova son illər muxtar respublikada səhiyyə sahəsində görülən işlər, aparılan islahatlar, tibb personalının ixtisas səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirləri insanların sağlamlığına göstərilən qayğı kimi dəyərləndirdi, Sələsüzdə inşa olunan həkim ambulatoriyasının belə qayğının ifadəsi olduğunu bildirdi.
Ambulatoriyada çalışan ağxalatlı peşə sahibləri qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində səylərini əsirgəmirlər. Onlar profilaktik tədbirlərin həyata keçirilməsində, əhalinin maarifləndirmə işinin gücləndirilməsində fəallıq göstərirlər.
Sələsüzlülərə və Sələsüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibində olan Mərəlik sakinlərinə hərtərəfli dövlət qayğısının ifadəsidir ki, həyata keçirilən kompleks quruculuq tədbirləri çərçivəsində xidmət mərkəzləri də istifadəyə verilmişdir. Bu, hər iki kəndin sakinləri tərəfindən rəğbətlə qarşılanmışdır.

    *     *     *

Sələsüz kəndində istifadəyə verilən yeni quruculuq obyektləri ilə tanışlıqdan, bu ünvanlarda çalışan insanlarla söhbətlərdən sonra bir neçə kənd sakini ilə görüşdük. Onların ürək sözlərini dinlədik.
Təqaüdçü müəllim Valeh Pənahov:  – Əvvəlcə onu qeyd edim ki, Sələsüzdə bundan əvvəl də quruculuq tədbirləri həyata keçirilib. Məktəb, icra nümayəndəliyi üçün binalar inşa edilib. Kənd sakinləri üçün 7 fərdi mənzil tikilib. 2014-cü ildə açılışları olan yeni obyektlər burada görülmüş işlərin davamıdır və bütün sakinlərin ürəyincədir. Bunun üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımızı bildiririk.
Kənd sakini Sabir Abbasov: – Sələsüz bu gün müasir Azərbaycan kəndinin canlı nümunəsidir. Kənddə fəaliyyət göstərən bütün dövlət qurumları üçün yaradılmış şərait konkret bir ünvanın timsalında insana qayğının ifadəsidir.
Kənd sakini Xatirə Əliyeva: – Bu gün heç bir sələsüzlü yaşayış tərzindən narazılıq edə bilməz. Çünki onların uzun illər yaşadığı problemlər tamamilə öz həllini tapıb. Qalır ki, hər bir sakin yaradılmış şəraitdən lazımınca istifadə etsin, muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfəsini versin. Sələsüzlülər də torpağa bağlı adamlardır, zəhmətdən qorxmurlar. Odur ki, kənd təsərrüfatını inkişaf etdirir, həm daxili bazara töhfələrini verir, həm də özlərinin gün-güzəranlarını yaxşılaşdırırlar.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR