22 Dekabr 2024, Bazar

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu fikrini indi inkişaf və tərəqqi dövrünü yaşayan ölkəmizin simasında daha yaxşı dərk edirik. Bu inkişafın fövqündə uğurla addımlayan Naxçıvan Muxtar Respublikası isə əldə edilən müsbət nəticələrə görə iqtisadi intibahın yüksək zirvələrini fəth etməkdədir. Müasir dünyada inkişaf etmiş və ya etməkdə olan ölkələrin statistikasına nəzər salsaq, iqtisadiyyatda daha çox sənayeləşmənin payının çox olduğunu görərik. Təbii ki, hər ölkənin sənaye payında onun yeraltı və yerüstü sərvətlərinin, düzgün və gələcəyə hesablanmış məqsədyönlü planlarının mümkün əsaslarla istifadə edilməsi mühüm yer tutur.

Tarixən zəngin təbii sərvətlərə malik Naxçıvan Muxtar Respublikasının iqtisadi imkanlarından ötən əsrin sonlarınadək  yetərincə istifadə olunmamışdır. Əslində, ötən əsrin sonlarınadək müəyyən qismi istifadə olunsa da, bu, sovet planlaşmasının prinsipinə uyğun qurulmuşdu.

Necə deyərlər, xalq öz milli sərvətlərindən yalnız “maaş” qismində və həcmində yararlana bilərdi. Sovet dövründə sənaye müəssisələrinin böyük əksəriyyəti Rusiya ərazilərinə düşdüyündən ətraf respublikalarda, xüsusilə Azərbaycanda yalnız aqrar sahələrin inkişaf etdirilməsi “məqsədəuyğun” sayılırdı, əgər buna da isti münasibətlə yanaşılardısa. Yalnız xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra ölkəmizin gələcək iqtisadi inkişafı üçün böyük addımlar atıldı. Azərbaycanın, sadəcə, bir aqrar ölkə olmadığını və burada yaradılacaq sənaye müəssisələrinin də neft emalı müəssisələrindən ibarət olmayacağını Kremlə hər vəchlə anlatmağa çalışan dahi şəxsiyyət ölkə­mizdə, həmçinin muxtar respublikamızda xeyli sayda sənaye müəssisələrinin yaradılmasına nail oldu. Məsələnin digər tərəfi isə ondan ibarət idi ki, sovet dövründə bir sənaye məhsulunun ərsəyə gəlməsi üçün məhsulun ayrı-ayrı hissələrini müxtəlif respublikalarda istehsal edərək sonda onu bir mərkəzə toplamaqla əldə edirdilər ki, nə zaman hansısa bir respublika təkbaşına bir məhsulu istehsal etmək gücünə və imkanına malik olmasın. Dolayısı ilə “böyük sovet ailəsindən ayrı yaşamağın necə çətin olduğunu” dərk etsin. Təbii ki, böyük öndər bu siyasi quruluşun bütün tərəflərini mükəmməl bildiyinə görə  müxtəlif sənaye müəssisələrinin yaradılmasının gələcəkdə müstəqilliyini bərpa edəcək Azərbaycanın qazancı olacağını bilirdi. Məhz bunun nəticəsidir ki, vaxtilə yaradılmış böyük sənaye müəssisələri müstəqilliyimizi bərpa etdikdən sonra müəyyən müddət işləməsə də, bir zamanlar burada işləyənlər üçün böyük təcrübə qazandırmış və ya sonralar həmin müəssisələrin yenidən qurulması zamanı əsas baza rolunu oynamışdı.
Ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramları, ölkəmizdə kiçik və orta sahibkarlıq subyektlərinin yaradılması, sahibkarlara hərtərəfli dövlət qayğısının göstərilməsi, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi və sair ölkəmizdə, həmçinin muxtar respublikamızda sənayenin inkişafına geniş imkanlar açmışdır. Əgər sovet dövründə muxtar respublikada 40 istehsal sahəsi var idisə, təkcə ötən il müxtəliftəyinatlı 122 istehsal və xidmət sahəsi yaradılmışdır. 2000-ci ildə Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdusa, bu gün 115 növdə, 459 çeşiddə ərzaq, 231 növdə, 529 çeşiddə qeyri-ərzaq məhsulu istehsal olunur. 332 növdə məhsula olan tələbat isə tamamilə yerli  istehsal hesabına ödənilir. Qeyd edilən rəqəmlər onun da təsdiqidir ki, muxtar respublikada iqtisadi inkişafın tərkibində sənayeləşmə mühüm yer tutur. Yerli xammaldan səmərəli istifadəyə əsaslanan yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması və bu müəssisələrin sayının ildən-ilə artırılması Ümumi Daxili Məhsul istehsalında da müsbət nəticələrin artan xətt üzrə dinamikasını təmin etmişdir. 2013-cü ildə sənaye 29 faizlik payla Ümumi Daxili Məhsulun tərkibində ilk yerə sahib olmuş, istehsalın həcmi 2012-ci illə müqayisədə artaraq 863 milyon manata çatmışdır. Bunun da 93 faizə qədəri, yaxud 799 milyon manatdan çoxu özəl bölmənin payına düşür. Yeni sənaye müəssisələrinin yaradılmasında müasir texnologiyaların tətbiqi daxili tələbatı yüksəkkeyfiyyətli məhsullarla təchiz etməklə yanaşı, onların ixrac potensialını da artırmışdır. Bunun nəticəsidir ki, 2013-cü ildə 241 milyon manatlıq sənaye məhsulu ixrac edilmişdir.
Aydın məsələdir ki, sənaye istehsalının inkişaf etdirilməsində əsas məsələlərdən biri də bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara hərtərəfli dəstəyin göstərilməsidir. Xüsusilə səmərəli kredit mexanizmlərinin formalaşdırılması yeni istehsal müəssisələrinin yaradılmasında başlıca amillərdən biridir. Qeyd edək ki, 2013-cü ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən həyata keçirilən 42 milyon 800 min manata yaxın kreditləşmənin 17 milyon 305 min manatı, yaxud 40 faizi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə verilmişdir. Sahibkar­lıq subyektlərinə göstərilən maliyyə dəstəyinin 11 milyon 345 min manatı özəl bölmədə yeni istehsal sahələrinin yaradılmasına yönəldilmişdir.
Yuxarıda qeyd olunan rəqəmlər muxtar respublikanın sənaye mənzərəsini göz önünə gətirməklə yanaşı, bu sahədə ildən-ilə əldə edilən yenilikləri də özündə əks etdirir. Yeni qədəm qoyduğumuz 2014-cü ilin ölkə başçısı tərəfindən “Sənaye ili” elan olunması isə ölkəmizin, eyni zamanda muxtar respublikamızın sənaye potensialından hərtərəfli istifadəyə daha yeni baxış imkanları ortaya qoyur. Bu sahədə ən mükəmməl konsepsiyalardan biri də artıq neçə illərdir ki, sənayeləşmənin yalnız paytaxt Bakı şəhərini deyil, bütün bölgələri əhatə etməsidir. Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sənaye parkları haqqında Əsasnamə”nin təsdiq edilməsi ilə bağlı 6 iyun 2013-cü il tarixli Fərmanı da muxtar respublikada sənayeləşmənin yeni, innovativ formada müasir texnologiyalara əsaslanaraq qurulmasının təminatçısı rolunda çıxış edir. Sənaye parklarının üstün cəhətlərindən biri də budur ki, istehsal müəssisələri ilə işləyən sahibkarlar torpaq əldə etmək üçün müraciət etmək, müvafiq ödənişi həyata keçirmək, ərazini uyğun istifadə üçün hazır vəziyyətə gətirmək, kommunal xidmətlərə giriş imkanı əldə etmək üçün əlavə vəsait ödəmək, tullantıların emalı sistemlərini təkmilləşdirmək, əraziyə münasib giriş strukturunu təmin etmək və sair problemləri yaşamır. Çünki sənaye parklarında biznesin təşkili dövlətin öz marağında olur. Bundan başqa, sənaye parklarında xidmətlər ortaq olduğundan onların ümumi dəyəri də sahibkarlar üçün aşağı olur. Bundan əlavə, muxtar respublikada indiyədək qurulmuş müəssisələrin istehsal məhsullarında yerli xammala üstünlük verilməsi, gələcəkdə də həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının istehsalı üçün əlavə yerli xammal mənbələrinin müəyyən edilməsi və bunun sənayedə tətbiqi sahibkarlar qaşısında geniş imkanlar açacaq. Çünki yerli xammalın həm keyfiyyət baxımından, həm də istehsal zamanı yarana biləcək digər xərclərin minimuma endirilməsində böyük rolu var. Bir sözlə, yeni infrastruktur sənayeləşmədə böyük üstünlüklərə malikdir ki, bu istiqamətdə də işlərin uğurla davam etdiriləcəyi şübhəsizdir. Bir vacib məsələni də qeyd etmək yerinə düşər. Bu gün inkişaf etmiş ölkələrdə sənaye bumu sürətli dinamika ilə müşahidə olunsa da, bu dinamikliyin gətirdiyi mənfi fəsadlar da az deyil. Bu fəsadlardan biri ətraf mühitin çirklənməsidir. Sevindirici və qürurverici haldır ki, muxtar respublikamızda ekoloji problemlərin qarşısının alınması üçün artıq illərdir, həyata keçirilən və bu gün də davam etdirilən tədbirlər öz nəticələrini verməkdədir. İldən-ilə muxtar respublikanın ərazilərində yaşıllıqların həcmi artırılır. Məsələn, təkcə ötən il 531 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 400 mindən çox ağac və gül kolu əkilmişdir. Mövcud tədbirlərin gələcəkdə də davam etdirilməsi muxtar respublikamızın dünyanın çox az ölkələrində rast gəlinən sənaye-turizm regionu (turizm sənayesi yox) kimi tanınmasına şərait yaradacaqdır. İnanırıq ki, muxtariyyətinin 90 illiyini qeyd edən Naxçıvan qədim tarixi, mədəniyyəti, ekoloji təmizliyi ilə fəxr etdiyi kimi, müasir sənayesi ilə də tarix yazacaq.  

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR