22 Dekabr 2024, Bazar

Azad və müstəqil yaşamaq hər kəsin haqqıdır. Ancaq tarix boyu bu haqqı əldə edə bilməyən xalqlar da az olmayıb. Bu, elə bir haqdır ki, onu vermirlər – qazanırlar. Məhz çətin tarixi dövrlərə sinə gərərək azadlıq və müstəqillik yolunda canlarını fəda etmiş qəhrəman övladlarımızın sayəsində xalqımız ötən əsrin sonlarında bu haqqını yenidən bərpa etdi. Bu tarixi proses bir daha onu göstərdi ki, qurub-yaratmaq əzmində olan xalqımız üçün müstəqillik hər şeydən öndə gəlir. Əgər bunu əldə edə bilməsəydik, bu gün qürurla ölkəmizin, muxtar respublikamızın hərtərəfli inkişafından, vətəndaşlarımızın rahat və firavan həyatından danışa bilməzdik. Həm də buna, necə deyərlər, haqqımız da çatmazdı. Müstəqillik bizə layiq olduğumuzu yaşamaq, edə biləcəklərimizi həyata keçirmək üçün yeni ruh verdi. Elə bu yazıda haqqında söhbət açacağımız Kəngərli rayonu da müstəqil Azərbaycanın müstəqil qərarları ilə həyata vəsiqə almış və durmadan inkişaf edən bir bölgəsidir.

Cəmi 10 il bundan əvvəl kəngərlilərə (rayon sakinləri nəzərdə tutulur) boş və quru çöllük əraziləri göstərib burada rayon salmağın mümkünlüyü haqqında danışsaydın, etiraf edim ki, bunu normal ideya kimi qarşılamazdılar. Ancaq tarix sübut edir ki, istənilən sahədə ağlagəlməz ideyaları yalnız qətiyyətli, uzaqgörən şəxsiyyətlər uğurla reallaşdıra bilirlər. Susuz, hətta əkin üçün yararlı olmayan bu sahələrdə hərtərəfli infrastruktur yaratmaq, onu müasir rayon mərkəzinə çevirmək, sözün açığı, gözəl bir nağılın sonda reallığa çevrilməsinə bənzəyir. Bu il yaranmasının 10-cu ilini qeyd edəcək Kəngərli rayonu isə nağıl yox, reallığın Naxçıvan təntənəsidir.
Qeyd edək ki, 1 qəsəbə və 10 kəndi özündə birləşdirən Kəngərli rayonunun mərkəzi Naxçıvan-Sədərək magistral yolunun kənarında yerləşir. Mərkəzdəki bir-birindən gözəl inzibati binalar, mədəniyyət və istirahət parkı, mədəniyyət evi, rahat yollar bu əraziyə gözəllik və möhtəşəmlik bəxş edir. Əsaslı və kompleks şəkildə aparılan tikinti-quruculuq tədbirlərinin nəticəsidir ki, rayon mərkəzi Qıvraq qəsəbəsi tamamilə öz simasını dəyişmiş, mərkəz üçün lazım olan bütün infrastruktur layihələri uğurla həyata keçirilmiş, rayondaxili, eləcə də kəndarası yeni və rahat avtomobil yolları çəkilmişdir. Muxtar respublikamızda kənd yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, xüsusilə yeni kənd mərkəzlərinin tikintisi Kəngərli rayonunda da böyük vüsət almışdır. Növbəti sosial obyektlər ötən il noyabrın 18-də Xok kəndində istifadəyə verilmişdir. Kənddə 1080 yerlik məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi və 7,6 kilometr uzunluğunda yenidən qurulmuş kənddaxili yollar sakinlərin rahatlığına xidmət edir. Xatırlatmaq yerinə düşər ki, rayonda bütün kənd yolları yenidən qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına uyğun olaraq yenidən qurulan yol yaşayış məntəqələri arasında daha tez, asan və təhlükəsiz nəqliyyat əlaqəsinin qurulmasına öz töhfəsini vermişdir. Uzunluğu 39 kilometr olan və 13 min nəfərdən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qarabağlar-Yurdçu-Qıvraq dairəvi avtomobil yolu adıçəkilən yaşayış məntəqələri sakinlərinin gediş-gəlişini xeyli asanlaşdırmışdır. Maraqlı faktlardan biri də odur ki, Kəngərli rayonu yeni kənd mərkəzlərinin mövcudluğuna görə bütün rayonlardan irəlidədir. Hazırda Yurdçu kəndi istisna olmaqla, bütün kəndlərdə yeni sosial obyektlər tikilmişdir. Bununla yanaşı, quruculuq tədbirləri yenə də davam etdirilir. Rayon mərkəzində yenidən qurulmasına ötən ildən başlanılmış və inşaat işləri tamamlanmış rayon Mərkəzi Xəstəxanasının binası təhvilə hazırdır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan və 30 çarpayılıq bu xəstəxanada bütün zəruri şöbələr fəaliyyət göstərəcək. Rayon sakinlərinin sağlamlığının keşiyində duracaq bu səhiyyə müəssisəsində müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Bununla yanaşı, rayonda Şahmat Məktəbinin də tikintisinə başlanılmışdır.
Kəngərli rayonu da muxtar respublikamızın əksər rayonları kimi kənd təsərrüfatı istiqamətində ixtisaslaşmışdır. Təbii ki, həm suvarma, həm də içməli su mənbələrinin yenidən qurulmasında aparılan meliorativ tədbirlərin əhəmiyyəti böyükdür. Əkin sahələrinin və yaşıllıqların suvarma suyuna olan tələbatını ödəmək üçün ötən il 2700 metrdən artıq, yaşayış məntəqələrində isə içməli su təminatı məqsədilə 1200 metr yeni xətlər çəkilmişdir. Bundan əlavə, ötən il rayonda 4 yeni subartezian quyusunun qazılması, 2 kəhriz, 8 sub­artezian quyusunun əsaslı təmir edilməsi də həyata keçirilən tədbirlər sırasındadır.
Vurğulamaq lazımdır ki, Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin “Kənd təsərrüfаtı məhsullаrı istеhsаlçılаrınа dövlət dəstəyi hаqqındа” 2007-ci il 23 yаnvаr tаriхli Sərəncаmı rаyоndа əkinçiliyin inkişаfınа stimul vеrmiş, müsbət nəticələrin əldə edilməsinə şərait yaratmışdır. Məhz ötən il rayon təsərrüfatçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə hər hektara 40 manat olmaqla, 213 min manatdan çox pul vəsaiti və 282 ton mineral gübrə verilmişdir. Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisi Sədrinin 17 sеntyаbr 2008-ci il tаriхli Sərəncаmı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Nахçıvаn Muхtаr Rеspublikаsındа əhаlinin ərzаq məhsullаrı ilə еtibаrlı təminаtınа dаir Dövlət Prоqrаmı” rayonda uğurla icra edilir. Muхtаr rеspublikаmızın tахılа оlаn tələbаtının dахili imkаnlаr hеsаbınа ödənilməsi istiqаmətində həyаtа kеçirilən аrdıcıl və məqsədyönlü tədbirlər Kəngərli rayonunda da öz bəhrəsini vеrir. Rayon ərazisində ötən il kənd təsərrüfatı istehsalçıları tərəfindən 3869 hektar taxıl sahələrindən 10 min 901 ton məhsul əldə edilmişdir. Hər hektarın məhsuldarlığı 28,2 sentner olmuşdur. 2014-cü ilin məhsulu üçün 3230 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir ki, bunun da 2647,2 hektarı buğda, 582,8 hektarı isə arpa sahələridir.
Son illərdə rayonda kartofçuluğa da maraq xeyli artmışdır. Sаhibkаrlаrа güzəştli şərtlərlə krеdit və аvаdаnlıqlаrın vеrilməsi 2013-cü ildə də uğurlа dаvаm еtdirilmişdir. “Nахçıvаn Аqrоlizinq” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon bаzаsındаkı kаrtоfəkən və kartofçıxaran tехnikаlardаn səmərəli istifаdə оlunaraq 213 hektar sahədə kartof əkini aparılmışdır ki, həmin sahələrdən də 2839 ton məhsul əldə olunmuşdur.
Rayonda kənd təsərrüfatının digər sahələri də diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nın icrası ilə əlaqədar olaraq, həmçinin ekoloji tarazlığın qorunması məqsədilə rayonun 12 hektarlıq ərazisində yeni bağ salınmış, 7 hektar sahədə isə meşəbərpa işləri aparılaraq 500 ədəd meyvə tingi, 2200 ədəd meşə tingi, 420 ədəd küknar, 7500 ədəd isə gül kolu əkilmişdir. Meyvəçilik və tərəvəzçiliyin inkişaf etdirilməsinə stimul verən vasitələrdən biri də rayonda 300 ton tutumu olan soyuducu anbarın mövcudluğudur.
Kəngərli rayonunun hərtərəfli inkişafında təhsil və mədəniyyət sahələrinin də öz rolu var. Bu gün rayonda mövcud 12 ümumtəhsil məktəbindən 10-u yeni binada fəaliyyət göstərir. Təbii ki, yaradılmış şərait təhsilin səviyyəsinin ildən-ilə yüksəldilməsində də öz sözünü deyir. Belə ki, ötən tədris ilində ümumtəhsil məktəblərini 300 məzun bitirmiş, onlardan 74 faizi – 222 nəfəri ali məktəblərə sənəd vermişdir. Sənəd verənlərdən 89 nəfəri ali məktəblərə, 13 nəfəri isə orta    ixtisas məktəblərinə, 31 nəfər Heydər Əliyev adına Hərbi Liseyə, 2 nəfər isə Polis Akademiyasına qəbul olunmuşdur. Ən yaxşı göstərici isə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbdə qeydə alınmışdır. Adıçəkilən məktəbin ali təhsil üçün 20 nəfər sənəd verən məzunundan 14-ü tələbə adını qazanmışdır. Ümumilikdə götürsək, rayon üzrə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin – 500-700 intervalında bal toplayanların sayı 21 nəfər təşkil etmişdir. Ötən il belə məzunların sayı 10 nəfər idi.
Göstərilən dövlət qayğısı rayonun mədəni inkişafına da şərait yaratmışdır. Rayonun Mədəniyyət və Turizm Şöbəsi 1 rayon Mədəniyyət Evi, 5 kənd mədəniyyət evi, 5 klub, 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 2 Uşaq Musiqi Məktəbi və 1 Tarix-Diyarşünaslıq Muzeyini əhatə edir. Eyni zamanda dünya əhəmiyyətli Qarabağlar türbəsi, qədim Şahtaxtı hamamı və Şahtaxtinskilər Muzeyi də Kəngərlinin mədəniyyət obyektlərindəndir. Rayonda milli və mədəni dəyərlərimizin təbliği hər zaman diqqət mərkəzindədir. 2004-cü ildə yaradılmış “Kəngər” instrumental ansamblı, 2005-ci ildə yaradılmış qızlardan ibarət “Gülüm hey” folklor qrupu, həm uşaq, həm də böyüklərdən ibarət yallı kollektivləri rayonun mədəni həyatında mühüm rol oynayır. Qarabağlar kənd mədəniyyət evində fəaliyyət göstərən toxuculuq dərnəyi isə toxuculuq sənətinin yaşadılmasına öz töhfəsini verir. Keçirilən mədəni tədbirlərdə rayonun uşaq musiqi məktəblərinin də rolu var.

Bəli, bu il muxtar respublikamız özünün 90 illik muxtariyyət yaşını qeyd edir. Bu muxtariyyət ailəsinin ən gənc üzvlərindən biri olan gənc Kəngərli rayonu adı ilə qədim keçmişimizə, müasirliyi ilə isə gələcəyimizə işıq saçan bir bölgə olaraq özünün çiçəklənmə dövrünü yaşayır.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR