22 Dekabr 2024, Bazar

2013-cü ilin uğurlu nəticələrini muxtar respublikamızın bütün bölgələrində görmək olar. Ona görə də yurd, torpaq təəssübünü hər şeydən üstün tutan hər bir naxçıvanlı ötən ilin göstəricilərinə sevinir. Naxçıvanın Şərqə açılan qapısı hesab edilən Culfa da bu gün tamam özgə bir büsatdadır. İnsanların maddi-rifah halı xeyli yaxşılaşmış, onların məşğulluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Zəhmətdən çəkinməyən, torpağı daimi iş yerinə çevirən insanlar doğma yurd yerinin bugünkü büsatından qürur duyurlar. Çünki Culfa bu gün müasir Azərbaycan rayonunun canlı nümunəsidir. Və daha xoş sabahlara doğru addımlayır.

Dünənə qısa baxış

Qədim tarixi olan bu yurd yerinin yaxın keçmişinə qayıdaraq o dövrü xatırlayanlar bugünkü inkişaf və tərəqqi müstəvisində keçmişlə müqayisə belə apara bilməzlər. Çünki sovet dönəminin ən güclü vaxtlarında burada barmaqla sayılası həcmdə iş görülmüşdü. Baxmayaraq ki, Culfa o vaxt hərbçilər və dəmiryolçular şəhəri kimi tanınırdı. Buraya bir ucu Vladivostokdan, bir ucu Kamçatkadan, Sibirdən qonaqlar gəlirdi.

O vaxtkı Culfa Rayon Partiya Komitəsinin, Gömrük İdarəsinin və “İnturist” mehmanxanasının binaları dövrün yeni tikililəri olsa da, ənənəvi layihələrdən seçilmirdi. Digər tikililər də cansıxıcı görkəmilə uzaqdan seçilirdi. Bu, o vaxtlar idi ki, üç il yarıma, dörd ilə başa çatan qırmızı bayraqlı beşilliklər bu gözdənuzaq rayona heç nə verməmişdi.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə bu bölgənin də üzünə gün doğdu. Rayonda həyat canlanmağa başladı. Culfa şəhərində və kənd yaşayış məntəqələrində yeni tikililər həyata vəsiqə aldı. 1988-ci ilin sonlarından başlanan hadisələr bu rayonu da iflic vəziyyətə saldı. Ancaq hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanan culfalılar çətinliklərə dözdülər. Ulu öndərimizin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra muxtar respublikanın digər bölgələri kimi, Culfa rayonu da yeni inkişaf dövrünə qədəm qoydu.
Son 18 il ərzində rayonun siması tamamilə dəyişmişdir. Culfa şəhərində və bölgənin kəndlərində istifadəyə verilən yeni tikililəri saymaqla qurtarmaq olmaz. Həmin obyektlərin hamısı müasir arxitektura üslubunda və gələcək perspektivlər nəzərə alınmaqla inşa olunmuşdur. 2013-cü ildə də bu tədbirlər davam etdirilmişdir.

Quruculuq tədbirləri bütün sahələri əhatə edir

Məlumat üçün bildirək ki, 2013-cü ildə bütün maliyyə mənbələrindən əsas kapitala 2012-ci illə müqayisədə 3,3 faiz çox olmaqla, 41 milyon 804 min manat investisiya yönəldilmişdir. Bu dövrdə rayonda tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 39 milyon 140 min manat olmuşdur.
Bəhs olunan dövrdə Teyvaz kəndində 110 şagird yerlik məktəb binasının, kənd və xidmət mərkəzlərinin, Kırna kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, Əbrəqunus kəndində məscidin, Camaldın kəndində un dəyirmanının, Culfa şəhərində Azərbaycan Dövlət Bayrağı Meydanı Kompleksinin, Ərəfsə kəndində 306 şagird yerlik məktəb binasının tikintisi, yaxud yenidən qurulması başa çatdırılmışdır.
Haşiyə: Burada bir haşiyə çıxmağa ehtiyac duyduq. Bu gün muxtar respublika, sözün həqiqi mənasında, böyük tikinti meydançasıdır. Onu da qeyd edək ki, tikinti-qurucu­luq tədbirləri hər bir bölgəmizdə aparılır və bu hesaba diyarımızın siması tanınmaz dərəcədə dəyişmişdir. Belə gözəllik qarşısında hətta xaricdən gələn qonaqlar da öz təəccüblərini gizlətmirlər. Sözümüz bunda deyil. Onu vurğulamaq istəyirik ki, quruculuq tədbirləri daha çox kənd yaşayış məntəqələrini əhatə edir. Elə götürək bu rayonu. Bir rayon mərkəzi və 24 kənddən ibarət olan Culfa rayonunun 18 kənd yaşayış məntəqəsində yeni sosial obyektlər inşa olunmuşdur.
Sözümün əvvəlinə qayıdaraq onu da deyim ki, Culfa şəhərində əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən içməli su və kanalizasiya xətlərinin yenidən qurulması, bu sahədə yeni infrastrukturun yaradılması məqsədilə su anbarlarının, sutəmizləyici və çirkab sutəmizləyici qurğuların, şəhərdaxili içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Bu istiqamətdə görülən işlər nəticəsində ümumi uzunluğu 2400 metr olan yeni su kaptajının, eləcə də 30 baxış quyusunun tikintisi və 400 millimetrlik şüşəlifli borulardan istifadə edilməklə, 10 min 200 metr uzunluğunda içməli su xəttinin çəkilişi yekunlaşdırılmış, həmçinin 5 min kubmetr su tutumu olan sutoplayıcı və sutəmizləyici hovuzların tikintisi davam etdirilmişdir.
Rayonun kənd yaşayış məntəqələrində də içməli su xətlərinin istismar vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülmüşdür. Ötən il Qazançı kəndində 350 metr uzunluğunda, Teyvaz kəndində 220 metr uzunluğunda yeni kaptaj vurulmuş, müxtəlifdiametrli borulardan istifadə edilməklə Qazançı kəndində 1000 metr, Teyvaz kəndində 800 metr uzunluğunda yeni içməli su xətləri çəkilmişdir.
Culfa rayonunda yol tikintisi əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də diqqət mərkəzində saxlanılmış, yeni yolların çəkilişi və mövcud yolların təmiri məqsədilə ardıcıl olaraq zəruri tədbirlər həyata keçirilmişdir.

Torpağa bağlı kənd adamlarının maddi-rifah halı xeyli yaxşılaşıb

Dağlıq və dağətəyi zonada yerləşən bu bölgədə müxtəlif sahələrin inkişafına hərtərəfli dövlət qayğısı culfalıların bir sıra uğurlara imza atmalarına şərait yaratmışdır. Bu cəhətdən iqtisadiyyatda öz aparıcı mövqeyini qoruyan kənd təsərrüfatı sektorunun inkişafı 2013-cü ildə də diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, ardıcıl və məqsədyönlü işlər görülmüşdür.  
Belə ki, bəhs olunan dövrdə bölgənin kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştli şərtlərlə 218 min 100 manat dəyərində 605,5 ton mineral gübrə satılmış, yanacaq və motor yağlarına görə 40 manat hesabı ilə 1002 istehsalçıya  yardım edilmiş, həmçinin muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən 72 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 104 min manat kredit verilmişdir. Bu dövrdə rayona 31 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası və aqreqatı alınıb gətirilmişdir.
Aqrar sektorda özəl bölmənin xüsusi çəkisi var. Bu səbəbdən də özəl bölməyə qayğı davam etdirilmiş, sahibkarlar müxtəlif dövlət yardımlarından bəhrələnmişlər. Belə ki, bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Fondu tərəfindən rayonda kompot istehsalı üçün 10 min, quşçuluq təsərrüfatının yaradılması üçün 15 min, pendir istehsalı üçün 29 min, meyvə-tərəvəz qurudulması sahəsinin yaradılması üçün 34 min, heyvan yemi istehsalı üçün 12 min, istixana kompleksinin yaradılması üçün 15 min manat olmaqla, ümumilikdə, 8 layihə üzrə güzəştli şərtlərlə 167 min manat kredit verilmişdir. Yeni istehsal sahələrinin yaradılması tələbat malları istehsalı ilə yanaşı, əhalinin məşğulluq probleminin həllinə də əhəmiyyətli təsir göstərmişdir. 2013-cü ildə rayonda 116 yeni iş yeri açılmışdır ki, bunun da 96-sı özəl sektorun payına düşür.
Əlverişli iqlim və torpaq şəraiti, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən davamlı dövlət qayğısı rayonda əkinçiliyin inkişafında başlıca stimul olmuşdur. Yola saldığımız ildə 8226 hektar sahədən məhsul tədarük edilmişdir. Əkilmiş sahələrin 5083 hektarını taxıl əkini təşkil etmişdir. Zəmilərdən 13207 ton taxıl tədarük olunmuşdur.
Kartofçuluğun inkişafı da diqqət mərkəzində saxlanılmış, 484 hektar sahədə kartof əkilmiş, 5198,1 ton kartof yığılmışdır.
Rayonda meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün münbit şərait mövcuddur. 2012-ci il fev­ralın 14-də qəbul olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası bu sahəyə olan marağı daha da artırmış, rayonda bağçılıq təsərrüfatının yaradılması məqsədilə 2 nəfərə 52 min manat kredit verilmişdir.
Qeyd edək ki, heyvandarlıq da rayonun iqtisadiyyatına gəlir gətirən sahələrdən birinə çevrilmişdir. Bu sahədə də ötən ilin rəqəmləri uğurludur. Belə ki, bəhs olunan dövrdə rayonda 2885 ton ət, 9180 ton süd istehsalına nail olunmuşdur. Ümumilikdə isə 2013-cü ildə rayonda 45 milyon 908 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir.

Ekoloji tədbirlər ötən il də davam etdirilib

Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də ətraf mühitin  mühafizəsi, yeni yaşıllıq sahələrinin salınması istiqamətində görülən işlər davam etdirilmiş, həmişəyaşıl ağacların yetişdirilməsi üçün Culfa şəhərində yaradılan istixananın fəaliyyəti genişləndirilmiş, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılmasına ciddi önəm verilmiş, 33 hektar sahədə yeni yaşıllıqlar salınmış, 12,6 hektar mövcud yaşıllıq sahəsində bərpa işləri aparılmış, 12900 ədəd meyvə ağacı, 6400 ədəd meşə ağacı, 1220 ədəd həmişəyaşıl ağac, 6530 ədəd müxtəlif növ çoxillik gül, 1000 ədəd bəzək kolları əkilmişdir. Yeni salınan yaşıl­lıqların suvarılması məqsədilə Culfa şəhərinin giriş hissəsindəki “Üçbucaq” adlanan ərazidən 400 metr uzunluğunda yeni suvarma kanalı, 1 ədəd nasos aqreqatı quraşdırılaraq 1620 metr uzunluğunda yeni su xətti çəkilmişdir.

Xidmət sahələrinin fəaliyyəti qənaətbəxşdir

Son illərdə olduğu kimi, 2013-cü ildə də əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi üçün ardıcıl işlər aparılmışdır. Nəhəcir kəndində Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi başa çatdırılmış, rayon ərazisində rəqəmsal televiziya yayımı təşkil olunmuş, 133 yeni telefon xətti çəkilmiş, Culfa şəhərində sürətli internetin təşkili üçün yeni avadanlıq, həmçinin Kırna, Əlincə, Xanəgah, Qazançı, Teyvaz kəndlərində genişzolaqlı internet avadanlığı quraşdırılmışdır.
Rayon əhalisini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün Culfa şəhərində və Kırna kəndində yeni transformator yarımstansiyaları quraşdırılmış, Culfa şəhərində və kənd yaşayış məntəqələrində 52 ədəd müxtəlif güclü transformator yarımstansiyası təmir edilmiş, həmçinin 2435 metr uzunluğunda kabel xətti, 6700 metr uzunluğunda yuxarı və aşağıgərginlikli yeni elektrik xətti çəkilmiş, 64 min 100 metr uzunluğundakı elektrik verilişi xətlərində təmir və yeniləşdirmə işləri aparılmışdır.
Əhalinin təbii qaz və istiliklə təmin olunmasına diqqət artırılmış, rayon mərkəzində və kənd yaşayış məntəqələrindəki orta və aşağıtəzyiqli qaz xətlərində cari təmir işləri həyata keçirilmiş, texniki səbəbdən yararsız hala düşmüş qaz sayğacları yenisi ilə əvəzləşdirilmiş, yeni tikilmiş fərdi yaşayış evlərinə qaz xətləri çəkilmişdir.
Sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər əhali rifahının davamlı yüksəlişinə səbəb olmuş, 2013-cü ildə hər bir işçiyə hesablanan orta aylıq əməkhaqqının məbləği artaraq 334,3 manata çatmışdır.
2013-cü ildə əhalinin sosial müdafiəsi sahəsində də tədbirlər davam etdirilmişdir. Bu sahədə aparılan islahatlar aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların maddi-rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir.

Bu gün tarixi keçmişi ilə müasirliyi qovuşduran Culfa muxtar respublikanın 18 illik inkişaf mərhələsinin ön sıralarında gedən, ölkəmizin inkişaf etməkdə olan, günü-gündən gözəlləşən bölgələrindən biridir. Rayonda həyata keçirilən tikinti-quruculuq işləri buraya müasir görkəm verməklə yanaşı, əhalinin maddi-rifah halının yüksəlməsinə də şərait yaratmışdır. Bütün bunlar muxtar respublikada mövcud inkişafın cəmiyyətin, onun hər bir üzvünün həyatında özünü aydın surətdə əks etdirməsinin göstəricisidir.
Culfalılar qürur hissi keçirirlər ki, 2014-cü ildə qazanacaqları uğurların təməlini 2013-cü ildə qoymaqla “Heydər Əliyev ili”nə töhfələrini veriblər. Onlar əmindirlər ki, “Muxtariyyət ili”ndə bu töhfələri təzələyəcəklər.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR