22 Dekabr 2024, Bazar

İnkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizliyə tam şəkildə nail olunması buradakı bütün iqtisadi resursları dövriyyəyə cəlb edə bilən və bununla da, onların səmərəli istifadəsinə şərait yaradan sənaye məhsulu istehsalından keçir. Hazırda iqtisadi inkişaf səviyyəsinə görə ilk sıralarda olan ölkələrin bir çoxu sənayeləşmə mərhələsini bu və ya digər yollarla keçməklə öz ixrac potensialını möhkəmləndirmiş, əl əməyini əvəz edən yeni, innovativ texnologiyalı inkişafı mənimsəmişdir. Azərbaycanın müasir iqtisadi potensialı və sahib olduğu bütün sərvətlər bunu deməyə əsas verir ki, ölkəmiz də öz imkanları hesabına bu vacib məsələnin həllinə nail ola bilər.

2014-cü il ölkəmizdə “Sənaye ili”dir. Azərbaycanda iqtisadi inkişafın artan tempi, əhalinin istehlak səviyyəsinin yüksəlməsi sənaye məhsulu istehsalını şərtləndirən amillərdəndir. Ölkəmizə idxal olunan məhsullar arasında yüksək texnologiyanın üstünlük təşkil etməsi də bu baxımdan diqqəti cəlb edir. Ona görə ki, yeni texnologiyaların istehsala tətbiqi ilə əldə olunan innovativ yeniliklər bizim ölkəmizdə də maraqla qarşılanır və insanlar bu yenilikləri öz həyatında dərhal tətbiq edib daha üstün keyfiyyət dəyişikliyinə keçmək istəyirlər.

Burada isə qeyri-adi heç nə yoxdur. Azərbaycanlıların həyat tərzi, yüksək təhsil və mədəni səviyyəsi, gələcəyə baxışları dünyadakı bütün yeniliklərin dərhal qavranılmasına şərait yaradan əsas amillərdəndir. Ona görə də ölkəmizdə sənayeləşmə istiqamətində atılan addımları, sadəcə, yeni zavod və ya fabriklərin tikintisi planı xatirinə deyil, əhalinin artan mədəni tələbatlarının ödənilməsi üçün öz imkanlarımızın səfərbər olunması, xərclərimizi öz gəlirlərimizə çevirmək kimi strateji tədbirlər olaraq qiymətləndirmək lazımdır.
Sənaye regional inkişafda mühüm rol oynayır. Keçmiş totalitar dövrə məxsus mülahizələrin əksinə olaraq, sənaye müəssisələrinin regionlarda təşkili əhalinin məşğulluq problemlərinin həllindən əlavə, ucuz xammal ehtiyatlarından səmərəli istifadə olunmasına, iri şəhərlərdə yol-nəqliyyat problemlərinin yaranmamasına, ekoloji vəziyyətin böhran səviyyəsinə çatmadan nəzarətdə saxlanmasına şərait yaradır.
İnsan həyatı üçün lazım olan maddi nemətlərin sayı və çeşidi kifayət qədər çoxdur. Təkcə sənayenin yarımsahələri üzrə baxsaq, bu rəqəm minlərlə, on minlərlə ola bilər. Sənayedə isə yarımsahələr xeyli miqdardadır. Hazırda dünyada hasilat sənayesi, ağır və yüngül sənaye, geyim, dəri, kənd təsərrüfatı məhsulları emalı, elektrik və elektronika, metaləritmə, avtomobil, şüşə və keramika, mərmər və tikinti materialları istehsalı, poliqrafiya, əczaçılıq, mebel və ağac emalı, turizm və film sənayesi və sair kimi onlarla sahələrdə çoxlu sayda çeşiddə məhsullar istehsal olunur. Təkcə neftin xammal kimi istifadəsi ilə kimya sənayesində insana lazım olan yüz minlərlə adda məhsul istehsalı mümkündür ki, bu da sənayenin sonsuz imkanlarını göstərən faktlardandır. Bunlardan başqa, sənayenin xüsusi sahələri olan kosmik və müdafiə sənayesi də öz təyinatına görə daha əhəmiyyətli strateji məqsədlərə xidmət edir.
Sənayenin inkişafı təkcə iqtisadi layihələrin həyata keçirilməsi ilə konkret məhsulların istehsalı demək deyildir. Sənaye kənd təsərrüfatı və xidmət sahələri ilə birlikdə cəmiyyətin ümumi inkişafını bir lokomotiv kimi ardınca apararaq bir çox sahələrin də maraqlarını təmin etmiş olur. Elm və təhsildə əldə olunmuş nəzəri nəticələrin maddiləşərək dəyər qazanması da məhz sənayenin inkişafı hesabınadır. Belə ki, sənaye elm-təhsil-sənaye zəncirində hərtərəfli tamamlayıcı funksiya yerinə yetirərək elm və təhsil müəssisələrinin potensialından lazımınca yararlanmaqda və öz növbəsində, onların da bazar iqtisadiyyatında yaradıcı rəqabətə qoşulmasında əsas sifarişverici rolu oynayır. Sənayenin inkişafı nəqliyyat, rabitə, turizm, sığorta kimi sahələrin də işinin canlanmasına, reklam işinin hərəkətə gəlməsinə şərait yaradır. Bəzən bir sənaye sahəsi haqqında danışarkən konkret olaraq orada işlə təmin olunmuş insanların məşğulluğu düşünülsə də,  hardasa təşkil olunmuş bir istehsal müəssisəsinin gəlirləri həm də büdcə və digər bölgü mexanizmləri vasitəsilə müəllimin, həkimin, zabitin, jurnalistin əməkhaqqını, təqaüd, pensiya və müavinətləri ödəmək üçün də bir mənbədir. Başqa sözlə, sənaye real sektorun aparıcı sahəsi kimi maddi dəyərlər yaradan  bir məşğuliyyət sahəsidir.
Göründüyü kimi, sənayenin inkişafı bir ölkənin iqtisadi təhlükəsizliyinin əsasıdır. Sənaye məhsulları istehsalı iqtisadi inkişafda mühüm rol oynayan kiçik və orta sahibkarlıq üçün geniş imkanlar sahəsidir. İnkişaf etmiş ölkələrdə minlərlə, hətta yüz minlərlə kiçik və orta sahibkar öz bacarığını müxtəlif sənaye istehsalı təşkil etməklə ortaya qoyur, iş yerləri açır, yeni texnologiya transfer etməklə ən yüksək ixtisaslaşma səviyyəsində rəqabətə qoşulur. Beləliklə, bu gün qlobal iqtisadiyyatda güc sahibinə çevrilmiş, şirkət kapitalı bəzi ölkələrin Ümumi Daxili Məhsulundan da çox olan tanınmış firmalar bir zamanlar məhz bir sənaye məhsulu istehsalı üzrə bazara daxil olmuş və bugünkü nəhənglərə çevrilmişlər. Sənayenin açdığı innovativ cığırlar isə o qədər çoxalmışdır ki, bu gün onları izləməyin özü belə, bir xidmət növü kimi sənayeçilərə təklif olunmaqdadır. Bu gün hazır məhsul kimi istifadə etdiyimiz son texnologiyalı məhsulların, əslində, insanlar tərəfindən deyil, yorulmaq bilməyən robotlar tərəfindən istehsal olunduğu, robotların isə sənaye nəhənglərinin iqtisadi gücünü göstərdiyi heç kəsə sirr deyil. Ona görə də sənayeləşmənin son həddi dedikdə bu gün daxili tələbatı ödəyən müəyyən həcmli məhsul istehsalı deyil, gedərək genişlənən uğurlu biznes layihələri ilə xarici bazarlara da çıxışı hədəfləyən istehsal imkanları nəzərdə tutulmalıdır. Ölkəni keyfiyyətli brend məhsullarla tanıtmağın yolu məhz belə sənaye sahələrindən keçir. Çünki indiyə qədər özünü dünyada xam nefti, dəmir filizi, pambıq lifi, meşə materialı ilə tanıdan ölkələr olmadığı üçün sənayeləşmiş ölkələr də belə xam maddələri ucuz qiymətə alıb yüz minlərlə adda məhsul istehsal edərək öz adı ilə yenidən onlara satır. Buna görə də sənayeləşməyə keçid həm də kimlərəsə xammal bazası olmaqdan çıxmaq, müstəqil iqtisadi layihələr həyata keçirmək yolunda mühüm mərhələdir.
Ölkəmizin regional inkişaf strategiyası müstəvisində sənaye istehsalına göstərilən diqqət hələ neçə illər öncəsindən Naxçıvan Muxtar Respublikasında da öz bəhrəsini verməyə başlamışdır. Məlum çətinliklərə baxmayaraq, qısa müddət içərisində regionda 529 çeşiddə, 863 milyon  manat dəyərində  sənaye məhsulu istehsalına nail olunması və ixracyönümlü məhsul istehsalına başlanılması sənayenin inkişafının yalnız paytaxt və ona yaxın ərazilərdə mümkün ola biləcəyi tezisinə tutarlı bir cavabdır. Naxçıvanda artıq sübut olunmuşdur ki, işgüzarlıq və təşkilatçılıq olan yerdə hər bir yerli xammaldan səmərəli istifadə etmək və onun əsasında sənaye müəssisəsi qurmaq mümkündür. Qarşıda isə daha geniş vəzifələr durur. Bölgənin təbii ehtiyatları, tranzit imkanları və işgüzar fəaliyyətin dəstəklənməsi burada daha geniş istehsalyönümlü layihələrin həyata keçirilməsi imkanları yaradır. Bu, “Sənaye ili”nə Naxçıvanın layiqli töhfələri ilə olacaqdır.

“Sənaye ili”ndə muxtar respublikamızda görüləcək işlərin davamlı olaraq işıqlandırılmasına həsr olunmuş “Sənaye və regional inkişaf” rubrikasında ilk yazını təqdim etdik. Növbəti nömrələrdə mütəxəssislərlə birgə muxtar respublikamızın sənaye potensialı haqda silsilə yazılarla mövzunu davam etdirəcəyik.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR