Ordubad Rayon Vergilər Şöbəsində “Nağdsız hesablaşmaların üstünlükləri” mövzusunda vergi ödəyiciləri ilə görüş keçirilib.
Tədbiri rayon Vergilər Şöbəsinin rəisi Məhəmməd İbadov açaraq qeyd edib ki, nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, nəticədə isə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır. Nağdsız hesablaşmaların ödəniş kartları, bank köçürmələri, çeklər və sair kimi müxtəlif növləri mövcuddur. Onlardan ödəniş kartlarını xüsusilə qeyd etmək lazımdır.
Nağdsız ödəniş sisteminin inkişafı, nağdsız dövriyyənin genişləndirilməsi cəmiyyətdə maliyyə sabitliyinin qorunub saxlanılması baxımından zəruri sayılır. Bildirilib ki, nağdsız ödəniş pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilən hesablaşmadır. Hazırkı mərhələdə nağdsız əməliyyatlar “POS-terminal” adlanan aparatlardan və internetdən istifadə etməklə kartların köməyi ilə aparılır.
Qeyd edilib ki, nağd pul itdikdə, oğurlandıqda onu qaytarmaq çətin olduğu halda, plastik kart itirilsə belə, digər şəxslər ondan istifadə edə bilmirlər və beləcə, pul itmiş və oğurlanmış sayılmır. Kart itəndə, yaxud oğurlananda banka məlumat vermək kifayətdir ki, bloklaşdırma aparılsın və heç kim ondan istifadə edə bilməsin. Bundan başqa, nağdsız ödənişlərin hamısı rəsmi qeydiyyata alınır və bu vəsaiti vergidən yayındırmaq mümkün deyil. Bu isə o deməkdir ki, nağdsız ödənişlərin genişlənməsi dövlət büdcəsinə daxilolmaları da şəffaflaşdırır.
Sonda iştirakçıların sualları cavablandırılıb, vergi ödəyicilərinin nağdsız hesablaşmaların aparılmasındakı rolu müzakirə edilib.
Xəbərlər şöbəsi