Hər il olduğu kimi, 2013-cü ildə də muxtar respublikamızın bütün bölgələrində yeni məktəb binalarının tikintisi, mövcud binaların yenidən qurulması və əsaslı təmir işlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmış, 25 tam orta məktəb binasında tikinti, yenidənqurma və əsaslı təmir işləri həyata keçirilmişdir. Bu məktəblərdə 9 min 164 şagirdin elmlərin sirlərinə yiyələnmələri üçün hərtərəfli şərait yaradılmışdır.
Yeni istifadəyə verilən məktəblərdə təhsilin səmərəliliyini artırmaq üçün müasir şərait yaradılmış, bütün təhsil ocaqları elektron lövhələr, kompüter dəstləri, idman qurğuları ilə təmin olunmuş, müəllim və şagirdlər zəngin kitabxanalardan istifadə etmək imkanı qazanmışlar.
Uşaqlara qayğı və diqqətin gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüdülməsinə xidmət etdiyini nəzərə alaraq onların təhsil və tərbiyəsinin təşkili, eləcə də məktəbəqədər tərbiyə müəssisələri üçün zəruri şəraitin yaradılmasına da ciddi önəm verilmiş, Naxçıvan şəhərində 275 yerlik 10 nömrəli, 242 yerlik 5 nömrəli, Sədərək rayonunun Heydərabad qəsəbəsində 144 və Ordubad şəhərində 242 yerlik uşaq bağçalarının tikintisi dövlətimizin 2013-cü ildə uşaqlara hədiyyəsi olmuşdur.
Qeyd edək ki, 2014-cü ildə də bir neçə məktəb binası istifadəyə verilmişdir.
Səbuhi HÜSEYNOV