Bu ilin ilk 2 ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 18 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən bildiriblər ki, həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 5 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 7 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta vəsaitlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Operativ vergi nəzarəti tədbirləri zamanı 3 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 2 vergi ödəyicisinin xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olmaları, 1 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilib. Qeyd olunan dövr ərzində 8 obyektdə nəzarət-kassa aparatlarının quraşdırılması təmin edilib.
Bəhs olunan dövrdə vergidən yayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 8 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidələr zamanı müşahidəyədək olan dövriyyələrlə müqayisədə 11442.0 manat dövriyyə artımına nail olunub. Bu da hər bir vergi ödəyicisinə məxsus hər bir obyekt üzrə orta hesabla 28,6 manata yaxın vergi məbləğinin əlavə olaraq büdcəyə ödənilməsi deməkdir.
Qeyd edək ki bu ilin ilk 2 ayı ərzində bank orqanları tərəfindən ticarət, iaşə, xidmət və dövlət rüsumu alan idarə, müəssisə və təşkilatlarda qoyulmuş 100 ədəd POS-terminalın vergi orqanlarında qeydiyyatdan keçirilməsi təmin edilib. Bu işlər sürətlə davam etdirilir.
Xəbərlər şöbəsi