İnsanların saf suya, təmiz havaya, çörəyə əbədi ehtiyacı olduğu kimi, yanacaq və elektrik enerjisi də gündəlik ehtiyaclardandır.
Amma neçə illər naxçıvanlılar həm elektrik enerjisi, həm də istilik sarıdan əzab-əziyyət çəkiblər. Bu yurdun insanları illərlə qışın sərt soyuğu ilə üz-üzə dayanıblar. Bəzən fasilələrlə verilən elektrik enerjisinə həsrətlə baxıblar, bəzən də körpələrinin soyuqdan donduğunu görüb onları xilas etmək üçün bir zamanlar kölgəsində əyləşdikləri, meyvələrini dərdikləri ağaclara balta çalıblar. Onları qırıb sobalarını yandırıblar ki, təki beşikdəki körpələr soyuqdan donmasınlar.
“Çətin günün ömrü az olar”, deyib atalar. Bu çətin günlər naxçıvanlıların iradəsini qıra bilmədi. İradə və dözüm, bir də muxtar respublika sakinlərinin öz rəhbərinə inam hissi hər şeyə qalib gəldi.
Xatirimdədir, 1991-ci ildən 1992-ci ilə keçən qış çox sərt gəldi. Günlərlə elektrik enerjisinə möhtac qalan, təbii qazı isə çoxdan kəsilən bir məmləkətin halını sormayın. Hər tərəfdən blokadaya alınmış muxtar respublikada həyat iflic vəziyyətinə düşmüşdü. Yenicə Ali Məclisin Sədri seçilən ümummilli liderimiz Heydər Əliyev çıxış yolları axtarırdı. Bu qışla “döyüşdən” qalib çıxmaq, əhalini qışdan salamat çıxarmaq başlıca vəzifə idi. Günlərlə gözünə yuxu getməyən bu böyük idrak sahibi fikirləşirdi: Necə etməli? Kimə müraciət etməli? Çıxış yolu nədədir və bu, varsa, onu nəyin hesabına əldə etmək olar?
Naxçıvanın elektrik enerjisi ilə təminatında ulu öndərimizin dövlətçilik təcrübəsi köməyə gəldi. Naxçıvanın qapıları Türkiyəyə və İrana açıldı. Ulu öndərimizin bu siyasəti naxçıvanlıları xilas etdi. Ümummilli liderimiz bu barədə deyirdi: “Elektrik enerjisi yox idi, haradan alaq? Yenə də Türkiyə köməyimizə gəldi, elektrik xətləri çəkdilər. Mən onlardan xahiş etdim, elektrik xətti çəkdilər və bizə elektrik enerjisi verildi. Mən sonra İrana getdim. Mən oraya getməmişdən qabaq danışıqlar apardıq. İrandan Naxçıvana elektrik xətti çəkdik. Biz Naxçıvana Türkiyədən, İrandan elektrik xətləri çəkib gətirdik, çətin vəziyyətdən xilas olduq”.
Bəli, çox keçmədi ki, ulu öndərimiz naxçıvanlıların sabaha ölən ümidlərini işıqlandırdı. Görülən işlərlə kifayətlənmək olmazdı. Naxçıvanı qarşıdakı illərdə daha mühüm vəzifələrin həlli gözləyirdi. Bu, elektrik enerjisi probleminin daxili imkanlar hesabına ödənilməsi idi.
Ulu öndərimizin yolunu müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də fikri bu idi ki, Naxçıvan maksimum dərəcədə özünü bütün cəhətlərdən təmin edə bilsin. Dövlət başçısı demişdir: “Naxçıvanın əsas problemlərindən biri elektrik enerjisi məsələsidir. Bilirsiniz ki, buraya elektrik enerjisinin əsas hissəsi xaricdən gəlir. Naxçıvana 140 meqavat həcmində elektrik enerjisi verilir. Onun yalnız 20 meqavatı daxildə istehsal olunur. Qalanı isə Türkiyə və İrandan alınır. Bizim proqramlarımız, planlarımız var. Bu istiqamətdə işlər aparırıq ki, Naxçıvanı elektrik enerjisi ilə tam şəkildə təmin etmək üçün layihələr həyata keçirək. Qaz verilməsi məsələsi də gündəlikdədir. Bu istiqamətdə də işlər aparılır. Əlbəttə, əgər Naxçıvanla Azərbaycan arasında əlaqə olsaydı, buraya qaz vermək problem olmazdı... Belə olan halda, əlbəttə, başqa yollar arayırıq ki, bu məsələni də həll edək. Mən əminəm ki, bu məsələni həll edəcəyik. Bu məsələ də öz həllini taparsa, əlbəttə ki, Naxçıvanda yeni müəssisələrin yaradılması prosesi daha da sürətlə gedəcəkdir. Bizim məqsədimiz bundan ibarətdir”.
Ölkə rəhbəri cənab İlham Əliyevin işləyib hazırladığı böyük layihə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müvəffəqiyyətlə həyata keçirildi. Həyat öz axarına düşdü. Muxtar respublikamıza təbii qazın verilməsi bərpa olundu.
Bu sevindirici günlərdən biri də 2006-cı ilin dekabr ayına təsadüf etdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Modul Elektrik Stansiyasının, Diaqnostika-Müalicə Mərkəzinin və sair obyektlərin açılışına gəlmişdi. Dekabrın 20-də naxçıvanlılar üçün xüsusi əhəmiyyət kəsb edən, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası işə salındı.
Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında turbinlərinn qazla işləmə rejiminə keçirilməsi nəticəsində burada 60 meqavat gücündə enerji istehsal etmək imkanları yaradılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl surətdə davam etdirilib, Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə, Ordubad rayonu ərazisində Gilan çayı üzərində Biləv Su Elektrik Stansiyası və Şərur rayonunda Arpaçay üzərində Arpaçay Su Elektrik stansiyaları tikilərək istifadəyə verilib. Muxtar respublikamızın əldə etdiyi bu uğurları yüksək dəyərləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Son illər muxtar respublikaya təbii qazın nəqlinin bərpası, yeni elektrik stansiyalarının istifadəyə verilməsi energetika sektorunun inkişafına təminat yaratmış, Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyi təmin olunmuşdur. Bu, energetika sahəsində həyata keçirilən məqsədyönlü fəaliyyətin ən ciddi uğurlarından biridir”.
Bəli, Sovet hakimiyyəti illərində cəmi 1 elektrik stansiyası olan, qazlaşdırılması tam başa çatdırılmayan muxtar respublikada bu gün 6 elektrik stansiyası fəaliyyət göstərir. Naxçıvanın ən ucqar dağ kəndlərinə belə, təbii qaz xətti çəkilib.
“Hər qaranlıq gecənin bir işıqlı gündüzü var”, deyən ata-babalarımızın bu müdrik fikri həqiqətə çevrilib. Reallaşdırılan layihələrdən sonra evlərimiz, küçə və eyvanlarımız işığa qərq olub. Çətin günlərin ömrünə son qoyulub. İdarə, müəssisə və təşkilatlarımızda çalışan işçilər üçün rahat və münbit şərait yaradılıb. Bir sözlə, muxtar respublikamızda həyat canlanıb.
Bu gün havaların soyuq keçməsi və şaxtanın qılınc kimi kəsməsi muxtar respublika sakinlərini əsla qorxutmur. Çünki diyarımızda elektrik enerjisi və istiliklə əlaqədar həyata keçirilən tədbirlər qış mövsümü üçün xarakterik olan problemləri aradan qaldırıb. Muxtar respublikanın emal və istehsal müəssisələri, ali, orta ixtisas və ümumtəhsil məktəbləri, səhiyyə və mədəniyyət ocaqları, digər infrastrukturlar fasiləsiz fəaliyyət göstərməkdə davam edirlər. İctimai yaşayış binalarında, fərdi mənzillərdə də elektrik enerjisi, istiliklə təminat yüksək səviyyədədir. Beləcə, həyat öz axarı ilə davam edir.
P.S. Onu da qeyd etmək lazımdır ki, gələcək perspektiv nəzərə alınaraq hazırda Şərur və Ordubad rayonlarında yeni elektrik stansiyalarının tikintisi aparılır ki, bu həm də muxtar respublikanın sosial-iqtisadi inkişafının dinamik xarakter aldığının göstəricisi, yurd yerinin inkişafına töhfələrini verən naxçıvanlılara, nəticə etibarı ilə, insan amilinə qayğının ifadəsidir.
Rövşən HÜSEYNOV