Muxtar respublikanın əlverişli iqlim şəraiti, bərəkətli, münbit torpaqları, kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısının göstərilməsi mövcud torpaq potensialından səmərəli istifadə edilməsinə, həmçinin əkin dövriyyəsinin genişləndirilməsinə geniş imkanlar açmışdır. Təsərrüfat suyuna olan tələbatın ödənilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlərin və müasir kənd təsərrüfatı texnikalarının verilməsi, aqrotexniki xidmət sarıdan köməkliklərin göstərilməsi bu sahəyə olan dövlət qayğısının daha bir ifadəsidir. Təbii ki, əkin-biçin kampaniyasının mütəşəkkil keçirilməsində, yetişdirilən məhsulun vaxtında və itkisiz toplanılmasında müasir kənd təsərrüfatı texnikalarından səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Bu baxımdan torpaq mülkiyyətçilərinin və fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin olunması olduqca vacib məsələlərdəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti aqrar bölmənin kənd təsərrüfatı texnikaları ilə təchizatını, müxtəlif servis xidmətlərinin göstərilməsini, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışını həyata keçirir, cins mal-qaranın alınaraq muxtar respublikaya gətirilməsini və lizinq yolu ilə fermerlərə verilməsini təmin edir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xəttilə 125 ədədi 2014-cü ildə olmaqla, 1370 ədəd müxtəliftəyinatlı müasir kənd təsərrüfatı texnikaları və avadanlıqlar alınıb gətirilmişdir.
Ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı texnikalarının hüquqi və fiziki şəxslərə müddətli ödənişlə satılmasında güzəştlər tətbiq olunur. Belə ki, 2007-ci ilədək satılan kənd təsərrüfatı texnikaları dəyəri 5 il müddətinə ödənilib dəyərinin 120 faizi məbləğində girov qoyulmaqla satılırdısa, 2011-ci ilədək 10 il müddətinə və dəyərinin 20 faizi əvvəlcədən ödənilməsi şərtilə heç bir girov qoyulmadan satılmışdır. 2011-ci ilin yanvar ayından isə kənd təsərrüfatı texnikaları 10 il müddətinə və dəyərinin 10 faizi əvvəlcədən ödənilməsi şərtilə heç bir girov qoyulmadan satılır. Bu da, təbii ki, texnikaların hüquqi və fiziki şəxslər tərəfindən alınmasına əlverişli şərait yaratmış, 58 ədədi 2014-cü ildə olmaqla, lizinq yolu ilə 965 ədəd texnika satılmışdır. Lizinq yolu ilə satılmış texnikaların ödənişi vaxtında aparılmış, bu günə qədər heç bir borc qalığı qalmamışdır.
Mövcud texnika və texnoloji avadanlıqların saxlanılmasına və yüksəkkeyfiyyətli aqroservis xidmətinin göstərilməsinə əlverişli şərait yaradılmış, 2010-cu ildə “Naxçıvan Aqrolizinq” ASC və onun Şərur, Culfa, 2011-ci ildə Sədərək, Kəngərli, Ordubad, 2013-cü ildə isə Şahbuz bazalarında inzibati bina, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilmişdir. Hazırda “Naxçıvan Aqrolizinq” ASC-nin bazasında 126 ədəd müxtəlif texnika və avadanlıq vardır. Bunun 28 ədədi Şərur, 38 ədədi Babək, 23 ədədi Culfa, 7 ədədi Sədərək, 6 ədədi Ordubad, 12 ədədi Kəngərli, 12 ədədi isə Şahbuz bazalarına icarəyə verilmişdir. Cari ilin bol məhsulunun əsası ötən ilin payızında qoyulmuşdur. Yaz əkini kampaniyasına hazırlıq işləri diqqət mərkəzində saxlanılmış, texnikalara baxış keçirilmişdir. Ehtiyat hissələrinin alınıb gətirilməsi istiqamətində işlər davam etdirilir.
Kərəm HƏSƏNOV