Fevralın 28-i və martın 1-də Azərbaycan Bank-Tədris Mərkəzi tərəfindən Naxçıvanda kənd təsərrüfatının kreditləşməsi mövzusunda kurs keçilmişdir. Tədbirdə Bank-Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev və ekspert Rauf Ağayev Naxçıvanda fəaliyyət göstərən bank-kredit təşkilatlarının mütəxəssisləri üçün kənd təsərrüfatının kreditləşməsi zamanı yaranan müxtəlif məsələlər haqqında məlumat vermiş, suallar ətrafında qarşılıqlı diskussiyalar aparılmışdır. Çıxışlarda kənd təsərrüfatının iqtisadiyyatdakı əhəmiyyətindən, bu sahənin fəaliyyətinin genişləndirilməsi, ərzaq bazarında bolluq yaradılması üçün lazım olan bütün sahələrə kredit dəstəyinin göstərilməsi zamanı yaranan problemlərin həlli yollarından bəhs edilmişdir.
Qeyd olunmuşdur ki, kənd təsərrüfatının spesifik xüsusiyyətləri, onun mövsümdən asılılığı, kredit alan fermer və digər kənd təsərrüfatı sahibkarlarının kreditlərdən istifadə sahəsində bacarıqlarının müxtəlif səviyyədə olması, bank-kredit müəssisələrinin kreditlərin istifadəsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi müasir kredit bazarı sahəsində qarşıda duran məsələlərdəndir. Bildirilmişdir ki, fermerlərin qarşılaşdığı çətinliklərin həll olunması üçün kənd təsərrüfatının inkişafına maraqlı olan tərəflərin korporativ məsuliyyətinin müəyyənləşdirilməsi, regionda fəaliyyət göstərən bankların öz aralarında və onlarla Kənd Təsərrüfatı Nazirliyi arasında birgə koordinasiyalı fəaliyyətin təşkil olunması, torpaqların əkinə yararlılığının müəyyənləşdirilməsi zəruridir. Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən ərzaq təhlükəsizliyi siyasətinin reallaşdırılması üçün məhsul istehsalına maraqlı olan sahibkarların işinin davamlılığının təmin olunması, onların qarşılaşdığı maliyyə çətinliklərinin vaxtında və düzgün qiymətləndirilməsi günün vacib məsələlərindəndir. Yaranmış mövsümi və qeyri-mövsümi çətinliklərin vaxtaşırı keçirilən monitorinqlərlə üzə çıxarılması, onların operativ həll olunması üçün borcalan fermerlərlə birgə təşkil olunan fəaliyyət mexanizmlərinin mənimsənilməsi vacibdir.
Vurğulanmışdır ki, kənd təsərrüfatında səmərəli kreditləşmənin həyata keçirilməsi məqsədilə borcalan müştərinin imkanlarının bütün parametrlər əsasında əvvəlcədən qiymətləndirilməsi və verilən kreditlərin vaxtında qaytarılması üçün kredit mütəxəssislərinin fermerlərlə sıx əməkdaşlığının yaradılması, bu sahədə mövcud dünya təcrübəsinin öyrənilməsi əsas şərtdir.
Sonda kurs iştirakçılarına sertifikatlar verilmişdir.
Xəbərlər şöbəsi