22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyyətçilərinə, həmçinin fermerlərə bitkiçilik və heyvandarlıq sahələrində mövsümlə bağlı aşağıdakı işlərin görülməsini tövsiyə edir.

Meyvə və üzüm bağlarında

Aran bölgələrdə tumurcuqların şişməsi müşahidə edilməyən ağaclarda budama işləri davam etdirilməli, dağlıq və dağətəyi bölgələrdə budama işlərinə başlanmalıdır. Əgər temperatur +5 dərəcədən yuxarıdırsa, ağaclara xəstəlik və zərərvericilərə qarşı 1 faizli DNOK məhlulu çiləmək mümkündür.

Cavan meyvə bağlarında isə hər hektara 20 ton üzvi gübrə, 300-350 kiloqram fosfor və 100-120 kiloqram kalium gübrələrinin verilməsi məqsədəuyğundur. Bundan başqa, meyvə bağlarında tezyetişən sortlarda vegetasiya inkişafı müşahidə edilərsə, hava şəraitindən asılı olaraq, bar orqanlarının şaxtadan mühafizə edilməsi məqsədilə cərgə aralarında şaşkalar yandırılmalı, çətin yanıb-alışan bitki qalıqları, küləş, üzvi gübrə və ya yaş odunla tüstüləndirmə aparılmalıdır. Havanın hərarəti imkan verərsə, az məhsuldar meyvə bağlarında sortdəyişmə məqsədilə calaq işi aparılmalı, məhsuldar sortlardan meyvə ting­ləri tədarük edilməli və əkilməlidir. Bu dövrdə aran bölgələrindəki üzüm bağlarında üzüm tənəklərinin üstü açılaraq quru budama işi aparılır.

Əkinçilikdə

Yaz əkinləri üçün şum qaldırılmalı, yazlıq arpa və buğda əkinlərinə başlanmalı, tərəvəz və dənli-paxlalı bitkilərin toxumları əkindən əvvəl dərmanlanmalıdır. Mart ayının əvvəllərindən etibarən kartof əkini üçün ayrılmış torpaq sahəsi əkinə hazırlanır, qarşıdakı bir həftə içində isə toxumluq kartof yumruları dərmanlanaraq əkin işi aparılır.
Bu dövrdə istixanalara tərəvəz əkinçiliyi üzrə də işlər davam etdirilərək toxum səpilir, toxum səpilmiş şitilliklərə qulluq göstərilir.
Bol məhsul əldə etmək məqsədilə payızlıq taxıl əkinlərində müşahidə edilən gəmiricilərə qarşı kimyəvi mübarizə işinin aparılması, əkin sahələrinə azotlu yemləmə gübrəsinin verilməsi mart ayının əsas qayğılarındandır.
Mart ayında həmçinin suvarma arxları çıxarılır, arxlar lildən təmizlənir. Bundan sonra torpaq suyu içməyən payızlıq taxıl əkinlərində, eləcə də yazda əkilmiş taxıl sahələrində suvarma işi aparılmalıdır.     

Heyvandarlıqda

İribuynuzlu heyvan bəslənilən fermalarda doğumun çoxalması və süd istehsalının artması ilə əlaqədar olaraq sağmal inəklərin yem paylarında sulu-şirəli və qüvvəli yemlərin miqdarı artırılmalı, yemlərə A, D, E vitaminləri əlavə edilməli, süd istehsalını artırmaq üçün ehtiyat mənbələrindən istifadə edilməlidir.
Yetişdirilən düyələrin yemlənməsinin normal təşkili ilə yanaşı, mal-qaranın gündəlik gəzintiyə çıxarılmasını təşkil etmək və buzovların bəslənilməsinə diqqəti artırmaq lazımdır.
Qoyunçuluq təsərrüfatında mövsümü çoban və dölçülər ayrılmalı, gündəlik təsərrüfatda növbətçilər təyin edilməlidir. Növbədə olan heyvandarlar yeni doğulan quzuları almayan qoyunların balalarını ağız südü ilə qidalandırılmasına, həmçinin balaları zəif olan qoyunların sağılmamasına diqqət etməlidirlər.
Quşçuluq təsərrüfatlarının mart ayında cücə götürüb yetişdirmələri çox faydalıdır. Çünki mart ayında götürülən cücələrin sağqalma faizi daha çoxdur.
Eyni zamanda toyuqların məhsuldarlığını 70-80 faizə çatdırmaq üçün onlara qidalanmaları üçün keyfiyyətli yemlərlə yanaşı, süd və süd məhsulları, ət və balıq unu, hər cür yem qalıqları, müxtəlif antibiotiklər və mikroelementlər verilməlidir.
Arıçılar günəşli, sakit və havanın temperaturu +12 dərəcədən yuxarı olan günlərdə arıxanada arı ailələrinə ilk baxış keçirməlidirlər. Hər bir pətək açılmalı, onun quruluğu, ailənin gücü, ana arının varlığı, sürfəli çərçivələrin sayı, yem ehtiyatı miqdarı yoxlanılmalıdır.
Gücü zəif olan anasız arı ailələri isə arıxanadakı ana arılı zəif ailə ilə birləşdirilməklə normal gücə gətirilir. Yem ehtiyatı tükənən və ya normadan az yemi olan ailələrin yem ehtiyatı bərpa olunmalı, arı ailələri keyfiyyətli istiləşdiricilərlə təmin edilməlidir.
Heyvandarlıq təsərrüfatında mütəmadi sanitar-gigiyena qaydalarına əməl edilməklə yanaşı, epizootik plana uyğun baytarlıq tədbirlərinin yerinə yetirilməsinə ciddi fikir verilməlidir.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR