Naxçıvan Muxtar Respublikasında ekoloji tarazlığın qorunması aktual məsələlərdən biridir. Buna görə də ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin yaradılması muxtar respublikada ümumxalq işinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, ötən il muxtar respublikanın turizm-rekreasiya əhəmiyyətli yol kənarlarında, çayların, sututarların ətrafında, meşə fondu torpaqlarında olmaqla, ümumilikdə, 531 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. O cümlədən 257,6 hektar sahədə meşəbərpa tədbirləri aparılmış, 273,4 hektar sahədə yeni meşə massivləri, meyvə bağları və qoruyucu yaşıllıq zolaqları salınmışdır. Yaşıllaşdırma tədbirlərində 415 min 914 ədəd olmaqla, 63 min 245 ədəd meşə tingi, 282 min 235 ədəd meyvə tingi, 23 min 407 ədəd həmişəyaşıl ağac, 46 min 217 ədəd gül və bəzək kolları əkilmişdir. Nazirlik tərəfindən tabeli idarə və müəssisələrlə birlikdə 153,2 hektar sahədə meşəsalma, 179 hektar sahədə ting və toxumla meşəbərpa tədbirləri həyata keçirilmişdir. Meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi üçün müvafiq dövlət proqramına uyğun olaraq, ötən il ərzində muxtar respublika ərazisində 203,8 hektar sahədə meyvə bağları salınmışdır.
Hazırda yaz əkini üçün hazırlıqlara başlanılmışdır. Cari ildə muxtar respublika ərazisində 300 hektarı meyvə ağacları olmaqla, 500 hektar ərazidə meyvə bağlarının salınması, meşəbərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 300 mindən çox ting hazırlanmışdır.
Xəbərlər şöbəsi