22 Dekabr 2024, Bazar

Hələ keçmiş zamanlardan yol çəkdirmək, körpü salmaq savab işlərdən sayılıb. Bu təşəbbüsdə olanlara daim hörmətlə yanaşılıb. Yol eyni zamanda ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir. Buna görə də ölkəmizdə, eyni zamanda muxtar respublikamızda aparılan tikinti-quruculuq tədbirləri sırasında yol infra­strukturunun müasirləşdirilməsinin xüsusi yeri var. Bu infrastrukturun yenilənməsi həm də regionun inkişaf göstəricilərindən hesab olunur. Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvana səfərlərinin birində demişdir: “Yol tikintisi inkişaf, insanların normal, rahat yaşaması üçün əsasdır. Harada ki yol tikilir, orada inkişaf vardır. Ona görə bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda bu proses sürətlə gedir və həll olunur”.

Aydın məsələdir ki, ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaratmışdır. “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Pro­qramı”na uyğun olaraq, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu sahədə son illərin statistikasına nəzər salsaq, muxtar respublikamızda xeyli işlərin görüldüyünün şahidi olarıq. Böyük İpək Yolunun üzərində yerləşən 88 kilometrlik Naxçıvan-Sədərək magistral avtomobil yolu, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolu, 32 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolu, uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi və uzunluğu 57 kilometr olan Çeşməbasar-Boyəhməd avtomobil yolları dediklərimizin sübutudur. Bundan əlavə, tikintisinə 2012-ci ildən başlanılmış, uzunluğu 59,2 kilometr olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması da muxtar respublikanın əsas avtomobil yolları şəbəkəsini özündə birləşdirən kompleks quruculuq tədbirlərindəndir. Bu yaxınlarda isə adıçəkilən avtomobil yoluna birləşən Hacıvar-Vayxır-Sirab dairəvi yolu muxtar respublika sakinlərinin istifadəsinə verilmişdir.
Əvvəlcə yolun texniki göstəriciləri haqqında. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Hacıvar-Sirab-Vayxır avtomobil yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılmışdır. Avtomobil yolu 18 min sakinin yaşadığı 13 kənd yaşayış məntəqəsini əhatə edir. Bu yol Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun Vayxır kəndi ərazisindən Babək rayonunun Hacıvar kəndinədək olan 26 kilometr məsafəni özündə birləşdirir. Yol tikintisi “Gəmiqaya, Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılmış və bir il müddətində tamamlanaraq başa çatdırılmışdır. Tikinti işləri zamanı yol yatağı 8 metrədək genişləndirilmiş, yola yeni asfalt örtük salınmışdır. Yol üzərində 2 körpü, 2 beton-selötürücü və 170 ədəd müxtəlifdiametrli borularla su keçidi inşa olunmuşdur. Tikinti zamanı texniki tələblərə əməl edilərək nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün siqnal dirəkləri quraşdırılmış, avtomobil yolu hərəkət nişanları ilə təmin edilmişdir. Bundan əlavə, yolun Naxçıvan-Şahbuz-Batabat magistralına birləşən hissəsində – Naxçıvançay üzərində yeni körpü tikilmişdir. Uzunluğu 36 paqonometr, eni isə 12 metr olan yeni körpünün tikintisi zamanı suyun istiqamətləndirilməsi və yuyulmanın qarşısının alınması üçün yeni istinad divarları və dəmir-beton dayaqlar inşa edilmişdir.
Yol mədəniyyət və inkişaf göstəricisi sayılmaqla bərabər, həm də strateji əhəmiyyət kəsb edir. İstərdik, haqqında bəhs etdiyimiz avtomobil yolunun digər əhəmiyyətli tərəflərinə də nəzər salaq. Yuxarıda qeyd etdik ki, Hacıvar-Sirab-Vayxır yolu 18 min əhalinin yaşadığı 13 yaşayış məntəqəsini əhatə edir. Deməli, ilk olaraq bu yaşayış məntəqələrində yaşayan insanlar rahat gediş-gəliş imkanından yararlanırlar. Bu yol vasitəsilə yük və sərnişin daşınmaları təhlükəsiz şəkildə həyata keçirilir. Bundan başqa, fövqəladə hadisələr zamanı (yanğın, təcili tibbi yardım və sair) xüsusi təyinatlı avtomobillərin hadisə yerinə vaxtında yetişməsində də yeni yolun əhəmiyyəti böyükdür. Bundan əlavə, Hacıvar-Sirab-Vayxır avtomobil yolu avtomobillərin Naxçıvan şəhərinə daxil olmadan Şahbuz-Culfa-Ordubad və əks istiqamətində 12 kilometr məsafəyə qənaət etməklə rahat hərəkət etmələrinə şərait yaradır. Adıçəkilən avtomobil yolu eyni zamanda Naxçıvan-Şahbuz-Batabat magistral yoluna alternativ yol kimi də qəbul edilə bilər. Xüsusilə həftənin şənbə və bazar günləri kənd yaşayış məntəqələrindən müxtəlif kənd təsərrüfatı məhsullarının paytaxt Naxçıvan şəhərinə rahat daşınması sakinlər üçün əlavə imkanlar deməkdir. Onu da vurğulamaq lazımdır ki, yeni yolların tikilməsi həm də kənd yaşayış məntəqələrinin abadlaşması və inkişafı deməkdir. Hacıvar-Sirab-Vayxır avtomobil yolunun keçdiyi kəndlərdə də geniş abadlıq işləri aparılmış, hasarlar hörülmüş, sakinlərə məxsus həyət qapıları dəyişdirilmişdir. Yol boyu bütün yaşayış məntəqələrinin ərazisində böyükhəcmli tullantı qutularının qoyulması isə ətraf ərazilərin təmiz saxlanılmasında mühüm rol oynayır. Təbii ki, görülən işlər yolun daimi istifadəçilərinin – kənd sakinlərinin sevincinə səbəb olmuşdur.
Vayxır kənd sakini Hikmət Əhmədov, Xalxal kənd sakinləri Mirzə Mahmudov, Adil Zeynalov, Yaqut Abdullayeva, Hacıvar kənd sakinləri Ziya Quluzadə və Etibar Mahmudov yeni avtomobil yolunun rahatlığından, həyata keçirilmiş abadlıq işlərindən ağızdolusu danışırlar. Kənd yollarına heç zaman belə diqqət göstərilmədiyini vurğulayan sakinlər görülən işləri yurdumuzun iqtisadi imkanları və bu imkanları sadə vətəndaşlarla bölüşən dövlətimizin gücündə görürlər.
Bəli, abad yurd yolundan bəlli olar. Yol rahat olmasa, yurdun abadlı­ğından, yurd abad olmasa isə yolun rahatlığından danışmaq yersizdir. Bizimsə hər ikisi haqqında danışmağa haqqımız çatır. Bu haqqı bizə dövlətimizin gücü və bu gücün arxasında dayanan Vətən sevgisi verir.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR