22 Dekabr 2024, Bazar

Xəbər verdiyimiz kimi, 28 fevral-1 mart tarixlərində Naxçıvan şəhərində Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən muxtar respublikada kənd təsərrüfatının kreditləşməsi mövzusunda kurs keçilmişdir. Tədbirdə iştirak edən Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayevlə həmsöhbət olduq:
– Cavanşir müəllim, bu kursun keçilməsində məqsəd nədir?
– Bilirsiniz, bank işi daim olaraq iqtisadiyyatın digər sahələri ilə əlaqəli şəkildə inkişaf edərək təkmilləşmə tələb edən həssas bir sahədir. Biz 2003-cü ildən başlayaraq hər il ölkəmizin regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında bank işçiləri ilə görüşlər təşkil edir, onların kreditləşmə sahəsində bilik və bacarıqlarının artırılması üçün belə tədbirlər keçiririk. Bu dəfə də Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin dəvəti ilə biz kənd təsərrüfatının maliyyələşməsi istiqamətində bankların fəallığının artırılması və kredit alan fermer və torpaq mülkiyyətçiləri ilə onların əməkdaşlığının genişləndirilməsi yollarını müzakirə etmək üçün burdayıq.

Bu görüşümüzün vaxtı da təsadüfi deyildir. Qarşıdan yaz fəsli gəlir və kəndli öz təsərrüfat ilinə başlamaq üzrədir. Onların ilin bu vaxtında problemlərinin öyrənilməsi, torpaq mülkiyyətçilərinə lazım olan maliyyə dəstəyinin vaxtında göstərilməsi üçün bank işçilərinin üzərinə düşən vəzifələrin müəyyənləşdirilməsi, praktik məsələlərin öyrənilməsi bu kursun əsas məqsədlərindəndir.
– Müasir dövrdə bank işçisi, kredit mütəxəssisi qarşısında hansı vəzifələr durur?
– Qeyd etdiyimiz kimi, bank işi çox həssas bir sahədir. Kənd təsərrüfatı da çox mürəkkəb, bir çox faktorlardan asılı olan bir sahədir. Əgər sırf aqrar sahənin kreditləşməsi üzrə məsələyə baxsaq, görərik ki, bank mütəxəssisi burada öz fəaliyyəti ilə təkcə bir fermer və ya torpaq mülkiyyətçisinə kredit verməklə kifayətlənməməlidir. Burada məsələyə kompleks yanaşılmalı, onun bütün cəhətləri nəzərə alınmalıdır. Başqa sözlə, bankla fermer arasındakı əlaqələr quru hesabat xatirinə deyil, onun işinin uğuru naminə təşkil olunmalıdır. Fermerə kredit verən bankın işçisi, öz növbəsində, kənd təsərrüfatı sahəsinə bələd olmalı, bu sahədəki mövsümilik problemini bilməli, torpaq, iqlim xüsusiyyətlərini, emal sənayesinin imkanlarını, rentabelliliyi nəzərə almalıdır. Bütün bu kimi məsələlər yaxşı mənimsənilib, risklər düzgün qiymətləndirildikdə həm bankın, həm də torpaq mülkiyyətçisinin uğurundan danışmaq mümkündür.
– Cavanşir müəllim, Naxçıvan Muxtar Respublikasında bank-kredit işində hansı spesifik cəhətləri müşahidə edirsiniz?
– Naxçıvan ölkəmizin sürətlə inkişaf edən regionlarından biridir. Və bu inkişafda, şübhəsiz, bank sektorunun da öz rolu vardır. Ötən dövrdə Naxçıvana hər gəlişimizdə gözəlləşən diyarın hər guşəsində yenilikləri görüb sevinirik. Bunları bank sahəsində də görülən işlərə aid etmək olar. Burada fəaliyyət göstərən banklar həyata keçirilən uğurlu idarəetmə sayəsində iqtisadiyyatın bütün sahələrinin, o cümlədən kənd təsərrüfatının inkişafına öz töhfələrini verməkdə, regionun hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə etməkdədirlər. Mən burada fəaliyyət göstərən bankları bir-birinə rəqib deyil, korporativ əməkdaşlar kimi görürəm. Məqsəd aydın, strategiya vahid olanda belə əməkdaşlıq da mümkündür. Belə əməkdaşlıq bu gün Naxçıvanda vardır. Elə bunun nəticəsidir ki, hazırda muxtar respublikada verilən kreditlərin risk ehtimalı ümumi ölkə üzrə mövcud olan göstəricidən 12 dəfə azdır. Başqa sözlə, digər regionlarda batan kreditlər ümumi kreditləşmənin 6 faizini təşkil etdiyi halda Naxçıvanda bu rəqəm cəmi 0,5 faizdir. Bu da Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın düzgün idarə olunduğunu, banklarla real sektor arasında əlaqələrin yaxşı tənzimləndiyini, digər sahələrdə olduğu kimi, kredit mədəniyyətinin də yüksək olduğunu göstərir.
– Müsahibə üçün sağ olun!

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR