Muxtar respublikada ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılır. İnsanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq, ekoloji problemlərin yaranmasının qarşısını almaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Cari qış mövsümündə havaların şaxtalı keçməsi, ərazilərin qarla örtülməsi müxtəlif fauna növlərinin qidaya olan tələbatını daha da artırır. Buna görə də adıçəkilən nazirlik tərəfindən əvvəlki illərdə olduğu kimi, cari qış mövsümündə də müxtəlif biotexniki tədbirlər həyata keçirilir. Heyvanların kompleks məskunlaşdığı yerlərə, onların miqrasiya dəhlizlərinə, qoruq, milli park, yasaqlıqlarda təyin olunan yerlərə müxtəlif qida məhsulları yerləşdirilir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, cari mövsümdə qeyd olunan ərazilərə 6 ton daşduz, 13 ton qaba yem (ot məhsulları), 1000 kiloqram buğda, arpa və 14 ton meyvə-tərəvəz məhsulları paylanılıb.
Qeyd edək ki, bu tədbirlər mövsüm ərzində heyvanların qidaya olan tələbatını ödəməklə yanaşı, bitki örtüyünə ziyan vurulmasının da qarşısını alır.
Xəbərlər şöbəsi