22 Dekabr 2024, Bazar

Ölkəmizin inzibati-siyasi xəritəsində diyarımızın bu dilbər guşəsi kiçik bir yer tutan, ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad binayi-qədimdən özünün maddi-mədəniyyət nümunələri, əvəzsiz tarixi-memarlıq abidələri, özünəməxsus adət-ənənələri ilə tanınıb. Son illər bu qədim yurd yeri də digər bölgələrimiz kimi sürətli inkişaf yoluna çıxıb. Bölgənin ən ucqar dağ və sərhəd kəndlərinin belə, siması dəyişib, tikinti-quruculuq işləri geniş vüsət alıb. Yeni tikililər qədim Ordubada  yeni görkəm gətirib. Böyük dövlət qayğısı hesabına tarixiliyini saxlamaqla abad və füsunkar bir yurd yerinə çevrilən bağlar diyarı 2013-cü ildə də böyük uğurlar qazanıb.

Ordubadlıların ürək sözləri

“Ordubadlılar çətinliyə dözməyi bacaran insanlardır. Buna baxmayaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində onların da bəzilərində ruh düşkünlüyü sezilirdi. Belələrini qınamaq da olmurdu. Niyə? Məktəb binaları yararsız vəziyyətdə idi, təhsil ocaqları uyğunlaşdırılmış binalarda yerləşdirilmişdi. Səhiyyə xidməti unudulmuşdu, müasir informasiya texnologiyalarından istifadə barədə söhbət etməyə dəyməzdi.

Elektrik enerjisi, yanacağın olmaması isə ən böyük dərdlərimizdən idi. Xidmət sahələrinin fəaliyyətini yox səviyyəsində saymaq olardı. Bu gün muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Ordubad rayonunda da böyük quruculuq işləri həyata keçirilir. Sevinirik ki, bu gün Ordubadın da problemləri öz həllini tapıb, özü də yüksək səviyyədə.
İlbəil rayonda müxtəliftəyinatlı tikintilərin sayı artır. Elə 2013-cü ildə rayon ərazisində  xeyli qurucu­luq işi görülüb. Dövlətimiz öz vətəndaşlarının yaxşı yaşaması üçün bütün imkanlardan istifadə edir. Bütün gücümüzlə çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq, muxtar respublika iqtisadiyyatının gücləndirilməsinə töhfələrimizi verək”. Bu sözləri rayon sakini, qocaman müəllim Şəhrud İsmayılov deyir.
Ordubad Bələdiyyəsinin sədri  Eldar Zeynalov söhbətə qoşulur: “Müxtəlif dövlət proqramlarının muxtar respublikamızda ardıcıllıqla, uğurla həyata keçirilməsi digər bölgələr kimi, bu rayona da canlanma gətirib. Bu gün Ordubadda elə bir sahə yoxdur ki, orada inkişaf, dirçəliş, yüksəliş meyilləri hiss olunmasın. Təkcə Ordubad şəhərinin deyil, ucqar kəndlərin belə, siması yeniləşib. Son illərdə quruculuq işlərinin həcmi daha da artıb, miqyası genişlənib. Rayonun elə bir yaşayış məntəqəsi yoxdur ki, görkəmini dəyişməsin, orada sosialtəyinatlı tədbirlər həyata keçirilməsin. Bu müddətdə neçə-neçə kənddə yeni təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa olunub, yollar çəkilib, körpülər salınıb, su, elektrik təsərrüfatı yaxşılaşdırılıb. Görülən işləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ölkəmizdə bərqərar olunmuş sabitlik və sürətli sosial-iqtisadi inkişafla əlaqələndirərək belə xarakterizə edir: “Bu gün ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar bütün sahələrin inkişafına səbəb olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada da uğurla davam etdirilir... Əhalinin rahatlığı üçün lazımi şərait yaradılır, insanlar hərtərəfli qayğı ilə əhatə olunur, yeni sosial obyektlər tikilərək istifadəyə verilir, fərdi təsərrüfatların genişləndirilməsi üçün lazımi dövlət dəstəyi göstərilir. Bütün bunların həyata keçirilməsi ölkəmizdə Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur”.
Hər iki rayon ziyalısının söhbətlərini bütün ordubadlıların ürək sözləri kimi qəbul etmək olar. Dövlət-vətəndaş münasibətləri prizmasından baxsaq, bu, muxtar respublikada insanların təfəkkür tərzinin, həyata baxışlarının, bütövlükdə, dövlətçiliyə sədaqət ruhunda formalaşması deməkdir.

Ordubadın quruculuq xəritəsində yeni ünvanlar

2013-cü ilin nailiyyətlərini ilk olaraq tikinti-quruculuq sahəsində görmək olar. Ənənəvi olaraq ötən il də belə işlər rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində də aparılıb. Tikinti-quruculuq işlərinin təyinatı da müxtəlif olmaqla həyatımızın bütün sahələrini əhatə edib. Rayonda 2013-cü ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyanın 51238,8 min manatından tikinti-quraşdırma işlərində istifadə olunub. Bu da əvvəlki illə müqayisədə 5,5 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsinin inzibati binasının, “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün binanın, Ordubad şəhərində 242 yerlik uşaq bağçası, Sabirkənddə 378 şagird yerlik, Xurs kəndində 110 şagird yerlik, Nəsirvaz kəndində 88 şagird yerlik tam orta məktəb binalarının, Ələhi kəndində 88 şagird yerlik ümumi orta məktəb binasının, Bist kəndində həkim ambulatoriyası binasının, Nəsirvaz, Ələhi və Xurs kəndlərində kənd mərkəzlərinin və feldşer-mama məntəqələrinin, Nürgüt kəndində feldşer-mama məntəqəsinin  tikintisi ilin başa çatan quruculuq tədbirləri sırasındadır.
Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin inzibati binası, Bist və Nürgüt kəndlərində tam orta məktəb binaları yenidən qurulub.
Rayonda sahibkarlıq fəaliyyətinə yaradılan şərait hesabına son illər emal və istehsal sahələrinin sayı xeyli artıb. Ötən il Ordubad şəhərində meyvə-tərəvəz qurudulması, Vənənd kəndində müxtəlif meyvələrdən mürəbbə, Biləv kəndində çörək istehsalı sahələrində, Yuxarı Əndəmic kəndində iki, Aza və Vənənd kəndlərinin hər birində bir istixana kompleksində işlər başa çatdırılıb. Ordubad “Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər görülüb.
Ordubad Su Elektrik Stansiyasının, Ordubad şəhərində istixana kompleksinin, Aza kəndində elektrik açarları və müxtəlif meyvələrdən kompot istehsalı sahələrinin, Aşağı Əylis kəndində heyvandarlıq, Üstüpü kəndində arıçılıq təsərrüfatlarının yaradılması işləri davam etdirilib.
2013-cü ildə rayonda meliorasiya və irriqasiya işlərinin aparılmasına da ciddi önəm verilib. Vələver kəndinə içməli su xəttinin çəkilişi və kaptajın tikintisi, Xanağa kəndində içməli, Nəsirvaz kəndində suvarma su xətlərinin çəkilişi, Çənnəb kəndində içməli və suvarma su xətlərinin yeni əraziyə köçürülməsi, Yuxarı Əylis və Ağrı kəndlərinin hər birində bir kəhrizin təmiri, rayon ərazisində kanal və arxların lildən təmizlənməsi işləri başa çatdırılıb, Yuxarı Əylis kəndində bir kəhrizin təmiri, Sabirkənddə kaptajın tikintisi və su xəttinin çəkilişi davam etdirilib.
Nəqliyyat sahəsi də diqqətdən kənarda qalmayıb. Rayon ərazisində üç körpünün, Gənzə kəndində avtomobil yolunda istinad divarının tikintisi, Biləv-Xurs-Nəsirvaz və Düylün-Çənnəb-Məzrə avtomobil yollarının təmiri başa çatdırılıb.
Sadaladıqlarımız rayonda 2013-cü ildə həyata keçirilən tikinti-qurucu­luq tədbirlərinin hamısı deyil. Neçə illərdir ki, geniş vüsət alan belə işlərin bir qismidir. Bütün bunlar ordubadlılar tərəfindən onlara göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirilir və onlar da bölgənin quruculuq xəritəsinin ilbəil ge­nişləndirilməsindən qürur hissi duyur, tikilənlərin, qurulanların qorunmasını vətəndaşlıq borcu hesab edirlər.

Aqrar bölmənin də inkişafı diqqət mərkəzindədir 

Aqrar sahəyə gəldikdə isə deməliyik ki, əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də bu sahədə xeyli irəliləyiş müşahidə edilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar İsmayılov deyir ki, ötən il də rayonun torpaq mülkiyyətçiləri müxtəlif yardımlar və keyfiyyətli toxum sortları ilə təmin ediliblər. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Ordubad rayon bazasının xidmətindən istifadəyə hərtərəfli şərait yaradılıb. Bu da torpaq mülkiyyətçilərinə əkinçiliyin müxtəlif sahələrində yaxşı göstəricilər əldə etməyə imkan verib. Ordubadlıların daha çox məşğul olduqları əkinçilik sahələrindən biri də taxılçılıqdır. Rayonun taxılçıları 2013-cü ildə 2145 hektar sahədən 5750 ton məhsul götürüblər.  
Torpaq mülkiyyətçiləri ötən il 2427 hektar sahədə dənli və dənli-paxlalı bitkilərin əkinini keçiriblər. Sahələrdən 6655 ton məhsul toplanıb.
Rayonda kartofçuluğun inkişafı üçün geniş imkanlar mövcuddur. Hər il torpaq mülkiyyətçiləri əkin sahələrinin bir qismini kartofçuluq üçün ayırırlar. Cari ildə onlar 573 hektar sahədən 8410,2 ton məhsul götürərək hektarın orta məhsuldarlığını 146,8 sentnerə çatdırıblar.
Digər təsərrüfat sahələri ilə yanaşı, bölgədə meyvəçiliyin də inkişafı diqqət mərkəzində saxlanılıb. Barverən meyvə bağlarından 2955,5 ton məhsul tədarük edilib. Bu, əvvəlki illə müqayisədə 314,9 ton çoxdur. Rayonda üzümçülüyün inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, barverən üzüm bağlarından 228 ton məhsul yığılıb.
Yeri gəlmişkən bir məsələni də qeyd edək. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nın qəbulundan ötən müddət ərzində rayonda bu istiqamətdə xeyli iş görülüb. Ötən ilin yaz iməci­likləri dövründə 4,5 hektar sahədə yeni bağ salınıb, 3,5 hektar sahədə bərpa işləri aparılıb. Payız iməcilikləri dövründə isə 2 hektar sahə yeni bağlar salınması üçün əkinəyararlı vəziyyətə gətirilib. Bu mövsümdə daha 3,5 hektar bağda bərpa işləri aparılacaq.

Xidmət infrastrukturlarının fəaliyyəti qənaətbəxşdir

Rayonda rabitə xidmətinin səviyyəsini yüksəltmək üçün həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilib. Ordubadda 25 avtomat telefon stansiyasının xidmətindən istifadə olunur. Ötən il 191 ədəd telefon çəkilərək abunəçilərin sayı 8059-a çatdırılıb. İnternet istifadəçilərinin də sayı gündən-günə artmaqdadır.
Rayonun Gəmiqaya qolu üstündə yerləşən Bist, Ələhi, Xurs, Nürgüt, Nəsirvaz kəndlərində kompleks quruculuq tədbirləri həyata keçirilməsi ilə əlaqədar bu ünvanlarda yeni xətlər çəkilib, avtomat telefon stansiyası quraşdırılıb. Bölgənin digər yaşayış məntəqələrində də ötən il cari və əsaslı təmir işləri aparılıb. Rabitəçilər abunəçilərin qış mövsümündə hansısa problemlərlə üzləşməmələri üçün bütün mümkün tədbirləri həyata keçiriblər. Bu səbəbdən də heç bir çətinlik hiss olunmur.
Elektrik enerjisindən səmərəli istifadə edilməsi daim diqqət mərkəzində saxlanılıb. Elektriklər cari və əsaslı təmir işlərini vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirməyə səy göstəriblər. Müxtəlif gücə malik 3 transformator yarımstansiyası quraşdırılıb, mövcud yarımstansiyalarda təmir işləri aparılıb. 110/35/10 kilovoltluq “Ordubad” yarımstansiyasının tikintisi və avadanlıqlarla təchizat işləri başa çatdırılıb.
Hazırda rayonda 10 min abonent mavi yanacaqdan istifadə edir. Ötən il tikinti işləri aparılan yaşayış məntəqələrində 2094 metr məsafədə boruların yeri dəyişdirilib. 807 metr yeni xətt çəkilib. Qəza-dispetçer xidməti qrupu qış rejiminə keçirilib. Əhali arasında aparılan maarifləndirici tədbirlər davam etdirilir.

Yeni ildə yeniliklər daha çox olacaq

Bağlar diyarı Ordubad rayonunda 2013-cü ildə görülən işlər, aparılan genişmiqyaslı qurucu­luq tədbirləri, aqrar bölmədə qazanılan uğurlar, xidmət sahələrinin fəaliyyətinin gücləndirilməsi əhalinin rifah halını daha da yaxşı­laşdırıb. Bəs ordubadlılar üçün 2014-cü il necə keçəcək? Bu il rayonda nələrlə yadda qalacaq? Bu suallara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Qürbət Rzayev qısa və konkret cavab verir:
– Naxçıvanda dünənlə kifayətlənməyən zamanın bu gün öz diktəsini ortaya qoymasına ciddi reaksiya verilməsi həyatın bütün sahələrində müasirlik ab-havası yaradıb. Bu da regionda bərqərar olunan iş prinsipinin təzahürüdür. Belə iş prinsipi hesabına adamlar hər gün bir yeniliklə rastlaşırlar. Bu, Ordubad rayonunun da gündəlik həyat ritminə çevrilib. 2013-cü ildə və elə ondan əvvəlki illərdə də bölgədə illərə bərabər işlər görülüb. 2014-cü ildə bu işlərin davam etdiriləcəyi, daha böyük yeniliklər yaradılacağı şəksizdir. Çünki neçə illərdir, bunu görürük. Ona görə də tam əminliklə demək olar ki, “Muxtariyyət ili”ndə Ordubad daha böyük uğurlara imza atacaq.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR