22 Dekabr 2024, Bazar

Bu uğurlar 2014-cü ildə də davam etdirilir

Bu gün qaynar bir həyat tərzinin hökm sürdüyü sərhəd bölgəmiz Sədərək rayonu haqqında qəzetimiz üçün dəfələrlə yazılar hazırlamışam. Bölgənin 1988-ci ildən başlanan ağır günlərini, o günlərdə əl-ələ verib doğma torpağı böyük qəhrəmanlıqla qoruyan insanlarını, son illər burada həyata keçirilən tədbirləri qələmə almağa çalışmışam. Çalışmışam ki, insanların torpağa bağlılıq, doğma yurda sevgi və məhəbbət hisslərini bu sərhəd bölgəsi sakinlərinin timsalında göstərə bilim. Belə bölgələrin sakinlərinin həm də sərhədçi həyatı yaşamalarını elə həmin hisslərin təcəssümü kimi təsvir etməyə nə dərəcədə nail olmuşamsa, bunu oxucular deyə bilər.

Yerlə göy arasında olan fərq

2014-cü ilin əvvəllərində yolum yenidən Sədərəyə düşdü. Tanış olan yollar, qəlbə fərəh gətirən qış mənzərələri, Kəngərli və Şərur rayonlarının Naxçıvan-Sədərək magistralının sağ və solunda qərarlaşan kənd yaşayış məntəqələrindəki müasir görkəm yenə də məni düşüncələr aləminə apardı...

Muxtar respublikamızın, eləcə də ölkəmizin “Qeyrət qalası” adlandırılan bölgəsinə budəfəki gəlişimdə məqsədim rayonun 2013-cü ildəki sosial-iqtisadi inkişafı barədə yazı hazırlamaq idi. Yol boyu düşünürdüm ki, illər ötdükcə bölgə haqqında yazı yazmaq imkanları daha da genişlənir. Yazını, necə deyərlər, ətə-qana gətirən də elə inkişafı göstərən rəqəmlər olduğundan istər-istəməz bir çətinliklə üzləşirsən. Nədədir çətinlik? Məsələ ondadır ki, sərhəd rayonunun bu gününü, qurub-yaradılanları, görülən işləri necə qələmə alasan ki, dünənki Sədərəklə bu günün Sədərəyinin fərqini ortaya qoyasan. Fərq isə yerlə göy arasındakı qədərdir.
Bu düşüncələrlə Heydərabad qəsəbəsinə – Sədərəyin rayon mərkəzinə çatıram. İlk olaraq üz tuturam rayon İcra Hakimiyyətinə, şöbə müdiri Samil Kazımovun iş otağına. Qapı açıqdır. Samil müəllim bir ağsaqqalla şirin-şirin söhbət edir. Görüşüb hal-əhval tuturuq. Samil müəllimin həmsöhbəti ilə tanış oluram. Öyrənirəm ki, İsmayıl Heydərov Sədərək rayonunun ən yaşlı sakinidir. Ömrünün onuncu onilliyini yaşayır, daha dəqiq desəm, yüz ili başa vurmağa cəmi 3 il qalıb. Bu məqam söhbətə körpü olur.

Dünəni unudulmayan, bu gün xoş çağlarını yaşayan Sədərək

İsmayıl Heydərov deyir ki, Sədərəyin indiki çağında 100 yaşı başa vurmağa nə var ki? Bu gün kimin təknəsində çörəyi yoxdur? Kim işsizdir? Kim yanacaq, işıq dərdi çəkir? Heç kim. Qalır nə? Zəhmət çəkmək, işdən möhkəm yapışmaq... Hiss edirəm ki, o, günü-gündən gözəlləşən, düşmənə gözdağı olan Sədərəyin dünənindən danışmaq istəmir. Ancaq o günləri unutmadığını hiss etmək çətin deyil.
Ürəyimdə gəldiyim bir qənaətlə İsmayıl kişinin sözünü kəsirəm: – Bu, yurd yerinin qəhrəmanlıqla yaşanmış tarixidir. Bu tarix həm də ölkəmizin tarixinə yazılmış bir səhifədir. Bu gün həmin tarixi unutmağı tarix özü bizə bağışlamaz.
İsmayıl dayı fikrə gedir. Yəqin ki, yaxın keçmişdə yaşanmış həyat gözləri önünə gəlir və danışmaq istəmədiyi həmin dövrü xatırlamalı olur:
– Getsin o günlər, oğlum. Əliyalın şəkildə düşmən qabağına çıxdıq. Soyuğa, şaxtaya baxmadıq. Bir onu düşündük ki, bu torpaq bizə dədə-babalarımızdan qalıb. Biz də onu bizdən sonrakılara verməliyik. Bu torpağa düşmən ayağı dəyməməlidir. Şəhidlər verdik torpaq uğrunda. Ev-eşiklər dağıldı, gecələri səngərlərdə keçirdik. On dörd dəfə qanlı döyüşlərin şahidi oldum. Köməyimizə yenə özümüzünkülər yetdilər. Naxçıvanın bütün rayonlarından, Azərbaycanın ondan çox bölgəsindən Sədərəyə kömək gəldi. Sədərək belə günlər yaşadı. Odur ki, bu gün bu torpağı qorumaq bizim borcumuzdur.
Onunla söhbətimizi davam etdirmək istəsək də, vacib işi olduğunu bildirdi. Üzrxahlıq edib otaqdan çıxdı. Yaranan bir neçə dəqiqəlik sükut yenə məni düşüncələr aləminə apardı: Ağır günlər yaşamış, çətinliklərə dözməyi bacaran, bu günün qədrini bilən, sabaha böyük ümidlər bəsləyən belə ağsaqqallara böyük ehtiyacımız var. Yaxşı ki, bu gün elələri bizimlə bir sırada çoxdur. Onun söhbətimizin əvvəlində dediklərini indi də xatırlayıram. Çünki el ağsaqqalı Sədərəyin bu gününə heç bir rəng vurmadan olanları deyir.
...Samil müəllimlə Heydərabad qəsəbəsini gəzirik. Hər addımda bir yenilik var. Hər addımda müasirlik özünü göstərir. Hər addımda gözəlliklər üzə gülür. Bütün bunlar isə təkcə Sədərəyin deyil, ümumilikdə, muxtar respublikamızın sosial-iqtisadi inkişafının göstəriciləridir. Samil müəllim bu barədə danışır.

Rayon həyatının ayrılmaz tərkib hissəsinə çevrilən quruculuq prosesləri 2014-cü ildə də davam etdirilib

Onun söhbətindən öyrənirik ki, 2013-cü ildə rayonda əsas kapitala yönəldilmiş investisiyanın həcmi 25 milyon 508 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 23 milyon 728,3 min manat təşkil edib. İnvestisiyanın həcmi əvvəlki illə müqayisədə 3,6 faiz artıb. Bu vəsaitdən müxtəliftəyinatlı obyektlərin tikintisində, yenidən qurulmasında və əsaslı təmirində istifadə olunub.
Heydərabad qəsəbəsində 144 yerlik uşaq bağçası və seysmoloji stansiya, Sədərək kənd 1 nömrəli tam orta məktəb binalarının tikintisi, həmin kənddə rabitə evinin, Sədərək Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxananın təmiri, pendir istehsalı sahəsinin yaradılması işləri başa çatdırılıb. 15 subartezian quyusunun inşası davam etdirilib. İstifadəyə verilən Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəməri də keçən ilin ərməğanlarındandır. Rayonda Araz çayından qidalanan və sərfiyyatı saatda 3 min kubmetr olan yeni nasos stansiyasının tikintisində də işlər yekunlaşıb. Rayon ərazisində sahilbərkitmə işləri də davam etdirilib, 7 min metr məsafədə daşla sahilbərkitmə işləri aparılıb. 2100 metr məsafədən artıq ərazidə isə yeni torpaq bənd tikilib. Hazırda daşla sahilbərkitmə işləri davam etdirilir. Bölgədə tikinti-quruculuq işləri bunlarla məhdudlaşmır. “Sədərək rayonunun içməli su və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi də sürətlə icra olunur.
Sədərəklilər “Heydər Əliyev ili”nin ərməğanlarını onlara göstərilən dövlət qayğısının ifadəsi kimi dəyərləndirir, “Muxtariyyət ili”ndə əzmkarlıqlarını daha da artırmağa, əvvəlki ilin uğurlarını davam etdirməyə çalışırlar. Məqsəd isə doğma yurdu bundan da gözəl görməkdir. Belə olacağına da inanırlar. Bu inamı onlarda yaradan isə arxalarında güclü dövlətin dayanmasıdır.

Rayon təşkilatlarının fəaliyyətinə yaradılan şərait və bu günün reallıqları

Söhbətə bir neçə təşkilatın timsalında aydınlıq gətirmək istəyirik. İlk olaraq bölgədə təhsilin səviyyəsinə nəzər salaq. Sədərəkdə 4 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu təhsil ocaqlarında çalışanlar mühüm bir vəzifəni yerinə yetirdiklərini unutmurlar. Onlar sərhəd bölgəsində böyüyən uşaqlara hərtərəfli bilik verməklə yanaşı, şagirdlərin vətənpərvərlik tərbiyəsinin düzgün formalaşdırılması və istiqamətləndirilməsini, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olunmalarını diqqət mərkəzində saxlayırlar. Ötən tədris ilində 4 məktəbdən 33 nəfər məzun ali məktəb tələbəsi adını qazanıb. Onlardan 1 nəfəri qəbul imtahanlarında 500-dən artıq bal toplayıb. Sədərək kənd 2 nömrəli tam orta məktəbin uğurları daha çoxdur. Bu məktəbin 8 məzunu müəllimlərinin etimadını doğruldub. Rayonun pedaqoji kollektivləri qazanılan uğurları son nəticə hesab etmirlər. Yaradılan şərait müqabilində qazanılan nəticəni qarşıdakı dövrlərdə yeniləməyə səy göstərirlər.
Bölgənin mədəniyyət, səhiyyə, digər xidmət sahələri də öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq Musiqi Məktəbi, iki mədəniyyət evi tərəfindən 2013-cü ildə mədəni irsimizin qorunub saxlanılması, inkişaf etdirilməsi, geniş təbliği istiqamətində xeyli iş görülüb. Maraqlı və rəngarəng tədbirlər həyata keçirilib. Rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində saxlanılıb. “Sədərək yallısı”, “Uğur” və “Səda” ansamblları rayonda keçirilən tədbirlərdə, həmçinin hərbi hissələrdə olub, çıxışlar ediblər.
Rayonda 2013-cü ildə səhiyyə xidmətinin vəziyyəti də xeyli yüksəldilib. Bölgə sakinlərinə rayon Mərkəzi Xəstəxanası, Heydərabad həkim ambulatoriyası, Qaraağac kənd feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. Bölgənin ağxalatlı peşə sahibləri rayon sakinlərinin sağlamlığını qorumaq üçün bütün imkanlarından istifadə edirlər.

Sədərəklilər yaşadıqları torpağı qorumağı bacardıqları kimi, onu əkib-becərməyi də bacarırlar

Rayonun məhsuldar torpaq sahələri, iqlim şəraiti burada kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirməyə imkan verir. Son illər davamlı surətdə göstərilən dövlət qayğısı torpaq mülkiyyətçilərinin xeyli uğurlar qazanmasına səbəb olub. Bölgədə daha çox inkişaf etdirilən əkinçilik sahələrindən biri taxılçılıqdır. Ötən il torpaq mülkiyyətçiləri 2128 hektar sahədən 6142 ton taxıl tədarük ediblər. Tədarük edilən taxılın 3557 tonu buğda, 2585 tonu arpa olmaqla, hektarın məhsuldarlığı 28,9 sentnerə çatdırılıb. Bu sahə ilə məşğul olanların müxtəlif dövlət yardımları, kreditlər, məhsuldar toxum sortları, texnika, suvarma suyu ilə təchizatı diqqət mərkəzində saxlanılıb, sahələrə aqrotexniki qaydalar əsasında qulluq edilməsinə şərait yaradılıb. Çəkilən zəhmət isə Sədərək taxılçılarının xeyli gəlir əldə etməsinə imkan verib. 2013-cü ilin nəticələri sədərəkliləri cari ilin bol məhsulunun əsasını qoymağa bir daha ruhlandırıb, onlar payızlıq taxıl əkinini optimal müddətdə başa çatdırıblar.
Bəhs olunan dövrdə çəkilən zəhmət və göstərilən qayğı hesabına digər sahələrdə qazanılan uğurları da ötən ilin fərəhli yekunları saymaq olar. Bostan məhsulları üçün ayrılan 185 hektar sahədən 2121,9 ton məhsul tədarük olunub. Sədərək torpaqları burada kartofçuluğun inkişaf etdirilməsinə, keyfiyyətli məhsul istehsalına imkan verir. Bu imkanlardan səmərəli istifadə edən torpaq mülkiyyətçiləri ötən il 95 hektar sahədən 1795,5 ton kartof tədarük ediblər.
Rayon əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı” bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Bölgənin torpaq mülkiyyətçiləri həm öz tələbatlarını ödəmək, həm də daxili bazara töhfələrini vermək üçün səylərini artıraraq ötən il uğurlu nəticələr qazanıblar. Barverən meyvə bağlarından 629 ton meyvə, 412 hektar tərəvəz əkini sahəsindən 4 min 861,6 ton məhsul tədarük edilib. Üzüm bağlarından isə 1310 ton üzüm yığılıb. Aqrar sahədə qazanılan bütün bu uğurlar belə deməyə əsas verir ki, sədərəklilər ən qiymətli sərvət olan torpağı özlərinin daimi iş yerinə çeviriblər. Onlar torpağı qorumağı bacardıqları kimi, onu əkib-becərməyi də bacarırlar.

*     *     *

Rayonda insanlara xeyli gəlir gətirən sahələrdən biri də heyvandarlıqdır. Neçə illərdir ki, bu sahəyə qayğı hesabına sədərəklilər öz tələbatlarına uyğun ət, süd və süd məhsulları istehsal etməklə yanaşı, muxtar respublikada yerli istehsalın xüsusi çəkisinin artmasına çalışırlar. Rayonda 2725 baş iribuynuzlu, 15 min 684 baş xırdabuynuzlu heyvan saxlanılır. Hər il heyvanların baş sayının artırılması qayğısına qalınır. Ona görə də bu sahə ilə məşğul olanlara kreditlər verilir. Ötən il rayonda diri çəkidə 372 ton ət, 1668 ton süd istehsal edilib.

Sərhəd bölgəsi 2014-cü ilə uğurla qədəm qoyub

Ötən il bütün sahələrdə qazanılan uğurlardan xeyli danışmaq olar. Buna ehtiyac duymuruq. Bildirmək istəyirik ki, rayon yeni ilə böyük həvəslə qədəm qoyub. Bölgə sakinləri ürəkdən inanırlar ki, 2014-cü ildə qazandıqları uğurlar cari ildəkindən daha çox olacaq. Bunu görüşdüyüm insanların söhbətlərindən hiss edirəm. Rayon ziyalısı, el ağsaqqalı Teymur Quliyev isə 2014-cü ildə ən böyük arzumuzun həyata keçiriləcəyinə inamını bildirir:
– Sədərəkdə bərqərar olunmuş sabitlik, sosial-iqtisadi inkişaf, insanların maddi-rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi bölgə sakinlərinin qurub-yaratmaq əzmini birə-beş qat artırıb. Onlar layiq olduqları səviyyədə yaşadıqları üçün dövlətimizə min­nətdardırlar. İnanıram ki, bu sərhəd bölgəsində yaradılmış şəraiti 2014-cü ildə əsir qalmış torpaqlarımızda da görəcəyik.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR