İqtisadi inkişafın əsas amillərindən biri ölkədə həyata keçirilən uğurlu bank-kredit siyasətidir. Real sektorun inkişafını şərtləndirən yerli istehsalın genişləndirilməsi bank-kredit müəssisələrinin də səmərəli fəaliyyətindən çox asılıdır. Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın ümumi mənzərəsinə baxdıqda bu sahədə müsbət dinamikanın ötən 2013-cü ildə də davam etdirildiyini görmək mümkündür. Ötən il muxtar respublikamızda bank-kredit sahəsində hansı işlər görülmüş və əldə olunan nəticələr nədir? Bu kimi suallara cavab almaq üçün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundovla həmsöhbət olduq:
– Elvin müəllim, ötən il muxtar respublikamız üçün bank-kredit sahəsində nə ilə əlamətdar olmuşdur?
– 2013-cü il Naxçıvan Muxtar Respublikasında hərtərəfli inkişaf ili kimi yadda qalmış və bu nailiyyətlərin əldə olunmasında bank sektoru da fəal iştirak etmişdir. Belə ki, muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2014-cü il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 84 milyon 287 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 14 milyon 631 min manat, uzunmüddətli kredit qoyuluşu isə 69 milyon 656 min manat təşkil etmiş, səmərəli kreditləşmə mexanizmi yeni istehsal və xidmət sahələrinin yaradılmasına təsir göstərən əsas amillərdən biri olmuşdur. Kredit qoyuluşları, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilmişdir ki, bu da kənd təsərrüfatı, sənaye və istehlak malları istehsalının həcminin artması, yeni iş yerlərinin yaradılmasında mühüm rol oynamışdır.
Bank və digər kredit təşkilatları tərəfindən 2013-cü il ərzində 49 milyon 766 min manat kredit verilmişdir ki, bunun 18 milyon 648 min manatını qısamüddətli, 31milyon 118 min manatını isə uzunmüddətli kreditlər təşkil etmişdir. Verilmiş kreditin 14 milyon 784 min manatı kənd təsərrüfatı, 9 milyon 966 min manatı sənaye, 4 milyon 100 min manatı tikinti, 3 milyon 13 min manatı kommersiya, 767 min manatı nəqliyyat, 1 milyon 390 min manatı maliyyə fəaliyyəti üçün, 984 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 14 milyon 762 min manatı digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir. Verilmiş kreditlərin 35,3 faizini kiçikhəcmli kreditlər təşkil edir.
Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də tədbirlər həyata keçirilmiş, 2013-cü ildə 75 hüquqi, 8374 fiziki şəxs olmaqla, 8449 müştəriyə yeni bank hesabı açılmışdır ki, bu da 2012-ci illə müqayisədə 34,2 faiz artım deməkdir.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar tərəfindən xarici valyuta köçürmələri üzrə xeyli işlər görülmüş, müxtəlif məqsədlər üçün 9 milyon 189 min avronun, 78 milyon 413 min ABŞ dollarının, 4 milyon 497 min rus rublunun köçürülməsi təmin olunmuşdur. Muxtar respublikada fəaliyyət göstərən 13 bank qurumunun hamısında 19 növ təcili pul köçürmələri sistemi fəaliyyət göstərir. 2013-cü ildə təcili pul köçürmələri vasitəsilə dünyanın 43-dən çox ölkəsindən muxtar respublika sakinlərinin adına 8 milyon 848 min ABŞ dolları məbləğində pul köçürülmüş və banklar vasitəsilə ödənilmişdir.
2013-cü ildə Naxçıvan Muxtar Respublikası üzrə bankların emissiya göstəricisi 62 faiz olmuş və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz azalmışdır.
2013-cü il ərzində Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 665 milyon 766 min manat nağd pul dövriyyəyə buraxılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 48 milyon 92 min manat və ya 7,8 faiz çoxdur. Bu isə onu göstərir ki, muxtar respublikanın iqtisadiyyatına yönəldilən investisiyanın həcmi durmadan artır və sosial-iqtisadi həyat dinamik inkişaf edir.
– İnnovativ ödəniş sistemlərinin inkişaf etdirilməsi ilə bağlı hansı işlər görülmüşdür?
– Muxtar respublikada nağdsız ödənişlərin miqyasının genişləndirilməsi hazırda qarşımızda duran əsas vəzifələrdəndir. Bu məqsədlə elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Ödəniş sistemlərinin inkişaf etdirilməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi üçün POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılmış, 1 yanvar 2014-cü il tarixə onların sayı 248 ədəd olmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 152 ədəd artmışdır. Artıq ödəniş kartları vasitəsilə vergi və rüsumların, Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması rüsumlarının, gömrük rüsumlarının, Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələrinə sosial sığorta haqlarının, mobil və stasionar telefonların abunə və danışıq xərclərinin ödənilməsinin elektron ödəniş formasında aparılması təmin edilmişdir.
Vətəndaşlara müasir bank xidməti göstərilməsi məqsədilə 92 ədəd bankomatla xidmət göstərilmiş, o cümlədən 53-ü Naxçıvan şəhərində, 39-u isə rayon mərkəzlərində və böyük kənd yaşayış məntəqələrində olmaqla, muxtar respublika əhalisi tamamilə bu xidmətlə əhatə olunmuşdur. Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı ötən ilin müvafiq dövründə 161 min 268 ədəd təşkil edirdisə, hazırda elektron ödəniş kartlarının ümumi sayı 183 min 72 ədədə çatmış və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 min 804 ədəd artmışdır.
– Bankların əmanətçilərlə işləri necə təşkil olunmuşdur?Bu sahədə vəziyyət necədir?
– 2013-cü il ərzində muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 5 milyon 71 min manat, o cümlədən xarici valyuta ilə 1 milyon 227 min manat təşkil etmişdir. Hazırda banklara qoyulan əmanətlər üçün müddətindən və növündən asılı olaraq, 4 faizdən 20 faizədək illik faiz ödənilir. 2013-cü ildə keçmiş SSRİ Əmanət Bankının Naxçıvan Muxtar Respublikasında olan əmanətçilərinə birdəfəlik fərdi ödəmələr davam etdirilmiş, 37 min 536 nəfər əmanətçiyə 13 milyon 993 min manat vəsait ödənilmiş və proses tamamilə başa çatdırılmışdır.
Ümumən baxdıqda isə muxtar respublikada fəaliyyət göstərən bank qurumlarının 2013-cü ili mənfəətlə başa vurduqlarını qeyd edə bilərəm. Gələcəkdə bank sektorunda işlərin daha da təkmilləşdirilməsi üçün elektron ödəniş məkanının formalaşdırılması, nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsi, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi, inflyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi, bank infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların miqyasının artırılması, yeni bank xidmətlərinin yaradılması kimi qarşımızda mühüm vəzifələr durur.
– Müsahibə üçün sağ olun.
Əli CABBAROV