22 Dekabr 2024, Bazar

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, əvvəlki dövrlərdə olduğu kimi, “Heydər Əliyev ili” elan edilmiş 2013-cü il ərzində də muxtar respublikamızın iqtisadi və sosial həyatında dinamik inkişaf prosesləri uğurla davam etdirilmişdir.
2013-cü ildə muxtar respublikada 2 milyard 338 milyon 928 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 10,3 faiz üstələyir. Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 28,5 faizlik payla sənaye, ikinci yeri isə 25,5 faizlik payla tikinti sahəsi tutmuş və Ümumi Daxili Məhsulun 64,8 faizi maddi istehsal sektorunun payına düşmüşdür. 2013-cü ildə hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilə nisbətən 9 faiz artaraq 5423 manat (6911,8 ABŞ dolları) səviyyəsində olmuşdur.

2013-cü ildə 2012-ci ilə nisbətən sənaye məhsulunun həcmi 6,3 faiz, əsas kapitala yönəldilən investisiyalar 5,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,9 faiz, nəqliyyat sektorunda yük daşınması 9,5 faiz, informasiya və rabitə xidmətləri 6,1 faiz, o cümlədən mobil rabitə xidməti 5,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 11,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər 16,7 faiz, xarici ticarət dövriyyəsi 13,5 faiz, o cümlədən ixracın həcmi 7,7 faiz, əhalinin gəlirləri 7 faiz, hər bir nəfərə düşən gəlirlər 4,9 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 3,1 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə

Sənaye

Muxtar respublikada yeni sənaye müəssisələrinin yaradılması, azad rəqabət mühitinin inkişaf etdirilməsi və rəqabətədavamlı yeni məhsul növləri istehsalının dəstəklənməsinin nəticəsidir ki, 2013-cü ildə 862 milyon 870  min manat  həcmində sənaye məhsulu istehsal olunmuş və 2012-ci illə  müqayisədə 6,3 faiz artım qeydə alınmışdır.
Sənaye məhsulu istehsalının 95,6 faizi malların, 4,4 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 63 milyon 746 min manatlıq, qeyri-dövlət sektorunda isə 799 milyon 124 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 92,6 faizi özəl sektorun payına düşmüşdür.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

İstehsal potensialının gücləndirilməsi istiqamətində 2013-cü ildə muxtar respublikada dövlət dəstəyi ilə 124 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 46 istehsal və xidmət obyektinin qurulması hazırda davam etdirilir.
Sənaye sahəsinin inkişafı ixracın da həcminə müsbət təsir göstərmiş və 2013-cü ildə 308 milyon 295 min Amerika Birləşmiş Ştatları dolları həcmində sənaye məhsulu ixrac istiqamətində göndərilmişdir.

Hərbi quruculuq

Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hissə və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır.
2013-cü ildə Naxçıvan şəhərində iki yaşayış binasının, iki anbarın və bir qazanxananın tikintisi, bir yaşayış binasının isə yenidən qurulması başa çatdırılmış, hazırda mərkəzi hərbi xəstəxananın, iki anbarın və bir yaşayış binasının tikintisi davam etdirilir.
Naxçıvan şəhərində hərbi şəhərcikdə xidmət kompleksinin tikintisi başa çatdırılmış, “Naxçıvan” Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin inşası davam etdirilir.
Şahbuz şəhərindəki hərbi hissədə yeni texniki parkın və sursat anbarının inşası, Kəngərli rayonundakı hərbi hissədə əsgər yataqxanasının yenidən qurulması başa çatdırılmış, Təlim-Tədris Mərkəzinin tikintisi hazırda davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin inzibati binasının yenidən qurulması, Ordubad rayonundakı hərbi hissədə infrastruktur obyektlərinin və Sədərək rayonunda sərhəd məntəqəsinin təmiri başa çatdırılmışdır. Bundan əlavə, Naxçıvan şəhərində hərbi hissədə su anbarının inşası davam etdirilir.
2013-cü ildə hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan şəhərində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 16 hərbi qulluqçuya yeni mənzillər verilmişdir.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üçün 2013-cü il ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 1 milyard 37 milyon 748 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2012-ci ildəki müvafiq göstəricidən 5,6 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 919 milyon 43 min manatı və ya 88,6 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.

Əsas kapitala yönəldilmiş investisiyanın dinamikası, min manat

2013-cü ildə muxtar respublikada 592 müxtəliftəyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş,  hazırda 157 müxtəliftəyinatlı obyektin inşası və ya əsaslı təmiri aparılır.            
Ötən il ərzində, ümumilikdə, 35 inzibati binanın tikintisi və ya yenidən qurulması başa çatdırılmış, 11 inzibati binanın isə tikintisi, yenidən qurulması və ya əsaslı təmiri işləri hazırda davam etdirilir.                  
Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri bütün inzibati ərazimizi, o cümlədən ucqar yaşayış məntəqələrini də əhatə edir. 2013-cü ildə muxtar respublikada 20 kənd mərkəzinin inşası başa çatdırılmış, hazırda 1 kənd mərkəzinin inşası işləri davam etdirilir.
Muxtar respublikanın şəhər və rayonlarında kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, ötən il ərzində 4 ədəd yersüpürən, 1 ədəd qarkürüyən və qumsəpən, 2 ədəd yoltəmizləyən və 5 ədəd tullantıdaşıyan maşın alınaraq muxtar respublikaya gətirilmişdir.
Muxtar respublikada 3 yaşayış binasının tikintisi, 5 yaşayış binasının yenidən qurulması, 16 yaşayış binasının əsaslı təmiri, 5 yaşayış binasının isə təmiri başa çatdırılmış, 7 yaşayış binasının tikintisi, 1 yaşayış binasının isə yenidən qurulması hazırda davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində yeni yaşayış kompleksinin tikintisi davam etdirilməkdədir.
Ötən ildə 12 qazanxananın tikintisi, 19 yaşayış binasında istilik xətlərinin yenidən qurulması başa çatdırılmışdır.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərməkdədir. 2013-cü ildə  muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 358 min 12 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2012-ci ildəki müvafiq göstəricidən 8 min 248 kvadratmetr və ya 2,4 faiz çoxdur.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər davam etdirilir. Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin tikintisi başa çatdırılmış, 1 yanvar 2014-cü il tarixə 201,8 kilometr uzunluğunda kanalizasiya və 218,4 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Bundan əlavə, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi istiqamətində, ümumilikdə, 349,7 kilometr uzunluğunda içməli su və 229,3 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir. Layihə çərçivəsində 19 subartezian quyusunun tikintisi hazırda davam etdirilir.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə aqrar sektorda kompleks tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində ciddi nailiyyətlər əldə olunmuşdur. Belə ki, 2013-cü ildə proqramın qəbul olunduğu 2008-ci illə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,4 dəfə artaraq 222 milyon 964 min manata, heyvandarlıq məhsullarının həcmi isə 91,9 faiz artaraq 114 milyon 163 min manata çatmışdır.      
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatının yaxşılaşdırılması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 348 ədədi 2013-cü ildə olmaqla, cəmi 1227 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Gətirilmiş texnikalardan 253 ədədi 2013-cü ildə lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Aqroservis xidmətləri şəbəkəsinin işinin təkmilləşdirilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası fəaliyyətə başlamışdır. Ötən il ərzində məhsul istehsalçıları 4 min 124 ton mineral gübrə ilə təmin olunmuşlar.
2013-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 127 hektar sahədə əkin aparılmışdır ki, bu da 2012-ci ilin məhsulu üçün əkilmiş sahədən 9  hektar çoxdur.

Cəmi əkin sahələri, hektarla

Ötən il də taxılçılıq əsas əkinçilik sahəsi olmaqla diqqət mərkəzində saxlanılmış, 35 min 324 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 25 min 869 hektarını buğda, 9 min 455 hektarını isə arpa təşkil etmişdir. 2012-ci ilə nisbətən taxıl əkini sahələrinin həcmi 359 hektar artmışdır. Taxıl zəmilərindən 102 min 960 ton məhsul toplanmışdır ki, bu da 2012-ci illə müqayisədə 1,1 faiz çoxdur. Artan əhali tələbatını təmin etmək məqsədilə 2013-cü ildə Naxçıvan şəhərində taxılın saxlanılması üçün tutumu 9 min ton olan üç yeni bunker yaradılmış, muxtar respublikada taxılı uzun müddətə saxlamağa imkan verən anbarın həcmi 18 min tondan 27 min tona çatdırılmışdır. Bundan əlavə, Culfa rayonunun Camaldın kəndində su dəyirmanı bərpa olunmuşdur.  
Tələbata uyğun olaraq, kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış və 2013-cü ildə 2957 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2012-ci ildə əkilmiş sahədən 126 hektar çoxdur. Əkin sahələrindən 2012-ci ilə nisbətən 4,7 faiz çox, yəni 41296,8 ton kartof yığılmışdır.
2013-cü ildə 109468 ton dənli və dənli-paxlalı məhsulu (qarğıdalısız), 3882,9 ton dən üçün qarğıdalı, 694,9 ton dən üçün günəbaxan, 66497 ton tərəvəz, 39037,5 ton ərzaq üçün bostan məhsulları, 43276,2 ton meyvə, 15112,7 ton üzüm toplanmışdır.  
Aqrar sektorun inkişafında mühüm təsir vasitəsi olan soyuducu anbarların yaradılması istiqamətində 2013-cü ildə tutumu 250 ton olan 2 soyuducu  anbar istifadəyə verilmiş, soyuducu anbarların sayı 17-yə, ümumi tutumu isə 11 min 970 tona çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərməkdədir. 2013-cü ildə meyvə istehsalının həcmi bir il öncəyə nisbətdə 3 faiz, tərəvəz istehsalı isə 1 faiz artmışdır.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayının, ət və süd məhsulları istehsalının həcminin artmasına müsbət təsir göstərir. 2013-cü ildə bu sahənin inkişafı istiqamətində 2 yeni heyvandarlıq təsərrüfatı yaradılmış, hazırda 3 heyvandarlıq təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə 2013-cü ildə heyvandarlıq təsərrüfatlarında 8515 baş inək və düyə süni yolla mayalandırılmış, əvvəlki ildə mayalandırılmış inək və düyələrdən 6211 baş sağlam buzov alınmışdır. 337 başı 2013-cü ildə olmaqla son 5 ildə 1678 baş cins mal-qara muxtar respublikaya gətirilmiş və lizinq yolu ilə fermerlərə verilmişdir.
1 yanvar 2014-cü il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 106 min 215 baş, qoyun və keçilərin sayı isə 635 min 464 baş olmuşdur ki, bu da 1 yanvar 2013-cü il tarixə olan göstəriciləri müvafiq olaraq 1,4 və 1,6 faiz üstələmişdir.
Mal-qaranın baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsullarının qənaətbəxş artımını təmin edir. 2013-cü ildə muxtar respublikada diri çəkidə 19501,9 ton ət, 78613,1 ton süd  istehsal olunmuşdur ki, bu da 2012-ci ildəki müvafiq göstəricilərdən 3,4 və 0,2 faiz çoxdur.
Daxili bazarda quş əti və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsini təmin etmək  istiqamətində 2013-cü ildə 14 yeni quşçuluq təsərrüfatı yaradılmış, hazırda 7 yeni quşçuluq təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir. Muxtar respublikada quşçuluq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi yaradılmışdır.
Kənd təsərrüfatının mühüm sahələrindən olan arıçılığın inkişafı 2013-cü il ərzində də davam etdirilmiş və təsərrüfat subyektlərinə 271 min manata yaxın həcmdə kredit verilmişdir. Ötən il 1 arıçılıq təsərrüfatı yaradılmış, hazırda 1 arıçılıq təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir. 1 yanvar 2014-cü il tarixə muxtar respublikada  arı ailələrinin sayı 68705-ə çatmış və bir il öncəki göstəricini 5,4 faiz üstələmişdir. Ötən il 1304 ton bal istehsal edilmişdir ki, bu da 2012-ci ildəki müvafiq göstəricidən 11 faiz çoxdur.
Balıqçılıq sahəsinin inkişafı istiqamətində 1 balıqçılıq təsərrüfatının genişləndirilməsi və yeni balıq cinsinin yetişdirilməsi üzrə işlər aparılır.
Ümumilikdə, 2013-cü ildə kənd təsərrüfatı sahəsi üzrə təsərrüfat subyektlərinə 14 milyon 784 min manatdan artıq  həcmdə kreditin verilməsi təmin olunmuşdur.
Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi kimi 2013-cü ildə muxtar respublikada 337 milyon 127 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2012-ci ildəki müvafiq göstəricidən  6,9 faiz çoxdur.

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

Muxtar respublikada meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsinin nəticəsidir ki, torpaqların münbitliyinin saxlanılması və yüksəldilməsi əsasında kənd təsərrüfatı məhsulları istehsalının sabitliyi  təmin olunmuş, az məhsuldar və istifadəsiz torpaqlar yaxşılaşdırılmaqla əkin dövriyyəsinə cəlb edilmişdir. 2013-cü ildə 4 nasos stansiyası, 3 subartezian quyusu və 11 kəhriz istifadəyə verilmiş, 7 kəhrizin bərpası və ya təmiri hazırda davam etdirilir. Su anbarlarına suyun yığılması, kollektor və drenaj şəbəkələrinin inşası və təmiri, yeni kanalların tikintisi, yaşıllıq zolaqlarının suvarılması üçün su xətlərinin çəkilməsi, nasos stansiyalarının təmiri və yararsız suvarma xətlərinin yenilənməsi işləri davamlı aparılmaqla suvarma suyuna olan tələbat tam şəkildə təmin edilir. Bundan əlavə, muxtar respublikada çayətrafı torpaqların yuyulmasının qarşısının alınması istiqamətində davamlı olaraq sahilbərkitmə işləri aparılır.
Muxtar respublikada ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində aparılan tədbirlər 2013-cü ildə də diqqətdə saxlanılmış, 531 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 400 mindən çox ağac və gül kolu əkilmişdir.

Nəqliyyat, informasiya və rabitə, energetika

Muxtar respublika əhalisinin artan hərəkət dinamikliyini təmin edən və iqtisadi artıma paralel olaraq inkişaf etdirilən etibarlı və əlverişli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
2013-cü ildə muxtar respublikada 163,9 kilometr uzunluğunda avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuş, 21 körpü tikilərək, 12 körpü isə təmir olunaraq istismara verilmişdir.
Muxtar respublikada müasir avtomobil yollarının çəkilişində istifadə olunması məqsədilə 6 ədəd yükləyici ekskavator, 3 ədəd yük avtomobili, 4 ədəd vərdənə, 1 ədəd avtoqreyder, 1 ədəd asfaltyayan, hava nəqliyyatı infra­strukturunun yaxşılaşdırılması və əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanına yeni müasirtipli maşın-mexanizmlər gətirilmişdir. Bu dövr ərzində dəmir yolu nəqliyyatının ahəngdar işi təmin olunmuşdur.
Ötən il ərzində muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 2012-ci illə müqayisədə 9,5 faiz, sərnişin daşınması isə 8,9 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 46 milyon 578 min manat gəlir əldə edilmişdir ki, bu da 2012-ci illə müqayisədə 8,5 faiz çoxdur.
Muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi istiqamətində Naxçıvan şəhərində, Şərur və Sədərək rayonlarında 3-cü nəsil telekommunikasiya sistemləri quraşdırılmışdır. Hazırda bu sistem mövcud telefon istifadəçilərinin 57 faizinə xidmət göstərir. Bundan əlavə, Şahbuz və Babək rayonlarındakı avtomat telefon stansiyalarının 3-cü  nəsil telekommunikasiya sistemləri ilə əvəz edilməsi işləri başa çatdırılmışdır.
2013-cü ildə universal telekommunikasiya və poçt xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar Naxçıvan şəhərində 3, Kəngərli rayonunun Qıvraq və  Şahbuz rayonunun Badamlı qəsəbələrində, Naxçıvan şəhərinin Tumbul və Qaraxanbəyli, Şərur rayonunun Həmzəli, Gümüşlü, Xanlıqlar, Sərxanlı, Dəmirçi və Şahbulaq, Babək rayonunun Çeşməbasar və Şəkərabad, Ordubad rayonunun Çənnəb, Ələhi, Xurs, Nəsirvaz və Kotam, Culfa rayonunun Kırna, Əlincə və Teyvaz, Şahbuz rayonunun Ayrınc, Güney Qışlaq, Qızıl Qışlaq, Ağbulaq və Kükü, Kəngərli rayonunun Xok və Xıncab, Sədərək rayonunun Sədərək kəndlərində avtomat telefon stansiyaları istifadəyə verilmişdir. Şərur rayonunun Sərxanlı, Şahbulaq, Gümüşlü, Dəmirçi və Xanlıqlar, Babək rayonunun Çeşməbasar və  Şəkərabad, Ordubad rayonunun Xurs, Ələhi, Nəsirvaz və  Çənnəb, Culfa rayonunun Teyvaz, Kırna və Əlincə, Şahbuz rayonunun Külüs, Ayrınc, Kükü, Sələsüz, Qızıl Qışlaq, Güney Qışlaq və Ağbulaq, Kəngərli rayonunun Xok kəndlərində poçt bölmələri istifadəyə verilmişdir. Ümumilikdə, 2013-cü il ərzində 27 avtomat telefon stansiyası və 22 poçt bölməsi yeni binalara köçürülmüşdür. Avtomat telefon stansiyalardan 18-i yeni qurulmuş, poçt bölmələrindən isə 13-ü yeni açılmışdır.
Sədərək-Ordubad alternativ fiber-optik kabelin tikintisi, fiber-optik kabellə rabitənin və avtomat telefon stansiyalarının optik arabağlantılarla təşkili ilə əlaqədar işlər həyata keçirilməkdədir. Bu dövr ərzində muxtar respublikada avtomat telefon stansiyalarının 94 faizi fiber-optik bağlantılarla təmin edilmişdir.
Muxtar respublikanın iri yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkili istiqamətində tədbirlər davam etdirilmiş, Şərur rayonunun Dərəkənd, Gümüşlü, Alışar və Şahbulaq, Babək rayonunun Sirab, Didivar, Kərimbəyli, Məzrə, Güznüt və  Kültəpə, Ordubad rayonunun Dizə və Unus, Culfa rayonunun Xanəgah, Kırna və Dizə, Kəngərli rayonunun Çalxanqala və Qarabağlar kəndlərində, Şahbuz rayonunda Şahbuzkənddə bu xidmətdən istifadəyə başlanılmışdır. Ordubad, Culfa və Şahbuz şəhərlərində, Babək rayonunun Cəhri və Şəkərabad, Ordubad rayonunun Əndəmic və Dəstə kəndlərinin hər birində iki ədəd, Ordubad rayonunun Vənənd və  Nüsnüs, Culfa rayonunun Əbrəqunus və Yaycı kəndlərinin hər birində bir ədəd olmaqla genişzolaqlı internet xidmətlərinin təşkili üçün əlavə avadanlıqlar quraşdırılmışdır.
İnformasiya cəmiyyətinin formalaşmasında xüsusi əhəmiyyətə malik olan “Elektron hökumət”in qurulması istiqamətində ardıcıl tədbirlər görülmüş, “Elektron hökumət” portalı yaradılmışdır.
Ötən dövr ərzində keyfiyyətli televiziya və radio yayımının təşkili məqsədilə muxtar respublikanın yaşayış ərazilərinin  75 faizində rəqəmli yayım təmin edilmişdir.
Muxtar respublikada poçt xidmətlərinin daha müasir tələblər səviyyəsində həyata keçirilməsini, ənənəvi xidmətlərlə yanaşı, əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsini və kommunal xidmət haqlarının poçtlar vasitəsilə yığılmasını təmin etmək, eləcə də bu sahədə idarəetməni təkmilləşdirmək məqsədilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
2013-cü ildə muxtar respublikada 1913 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulmuş, hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 67-yə çatmışdır.
1 yanvar 2014-cü il tarixə aktiv istifadə olunan mobil telefonların sayı 447086 ədəd, əhalinin hər 100 nəfərinə isə düşən mobil telefonlarının sayı 104 ədəd olmuşdur.
2013-cü ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2012-ci ildəki müvafiq göstəricini 6,1 faiz üstələyərək 45 milyon 52 min manat olmuşdur. Ümumi xidmətlərin 85,2 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2012-ci ildəki müvafiq göstəricidən 5,9 faiz çoxdur.
Enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində 2013-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə Arpaçay Su Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, Şərur rayonunda 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyasının inşası işləri hazırda davam etdirilir.
Ordubad rayonunda 110/35/10 kilovoltluq “Ordubad” elektrik yarımstansiyasının tikintisi və avadanlıqlarla təchiz edilməsi, Şərur rayonunda 35/10 kilovoltluq “Xanlıqlar” elektrik yarımstansiyasının yenidən qurulması işləri başa çatdırılmışdır.
Muxtar respublikada 39 ədəd müxtəlifgüclü transformator yarımstansiyasının quraşdırılması və 87,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi işləri başa çatdırılmışdır.
Muxtar respublikada istehlakçıların təbii qazla təminatı prosesi mühüm əhəmiyyət kəsb edir. 2013-cü ildə 81 min 162 əhali abonenti təbii qazla təmin olunmuş və 81,6 kilometr uzunluğunda Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərinin tikintisi başa çatdırılmışdır.

Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri

Muxtar respublikada iqtisadi sistemin formalaşmasında və dinamik inkişafın təmin olunmasında mühüm rola malik olan sahibkarlığın dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. 2013-cü ildə muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində Naxçıvan şəhərində biznes-forumların, işgüzar görüş və konfransların keçirilməsini, həmçinin yerli məhsulların tanıdılmasını və satışının təşkilini təmin etmək məqsədilə Biznes Mərkəzi yaradılmışdır.
Sahibkarlıq subyektlərinin qeydiyyatı çərçivəsində ötən il muxtar respublika üzrə 24 hüquqi və 1162 fiziki şəxs qeydiyyata alınmışdır.
İqtisadi aktivliyin yüksəldilməsi məqsədilə sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi işi ötən il ərzində də davam etdirilmişdir. 2013-cü ildə bank və kredit təşkilatları tərəfindən sahibkarlara 49 milyon 765 min manatdan artıq həcmdə kreditlərin verilməsi təmin olunmuşdur.
Bu gün muxtar respublikada 346 növdə yerli məhsul istehsal olunmaqdadır. Bu məhsulların 115 növü ərzaq, 231 növü qeyri-ərzaq məhsullarıdır. 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 332 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
2013-cü ildə muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 7 faiz artaraq 1 milyard 737 milyon 58 min manata, onun hər bir nəfərə düşən həcmi isə 4,9 faizlik artımla 4028 manata çatmışdır. Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 376,6 manat olmuşdur ki, bu da 2012-ci ildəki müvafiq göstəricidən 3,1 faiz çoxdur.
Muxtar respublika iqtisadiyyatında və sosial sahədə qazanılmış uğurlar məşğulluğun yüksəldilməsinə də zəmin yaratmışdır. 2003-cü il oktyabr ayının 1-dən 1 yanvar 2014-cü il tarixədək muxtar respublikada 59369 yeni iş yeri yaradılmışdır ki, bunun da 42890-ı və ya 72,2 faizi daimi iş yerləridir. 2013-cü ildə 2260 yeni iş yerinin 2092-si və ya 92,6 faizi daimi iş yerlərinin payına düşür.

İstehlak bazarı

Muxtar respublikada uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində əhalinin rifah halı yaxşılaşmış və alıcılıq qabiliyyəti daha da yüksəlmişdir. 2013-cü ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 289 milyon manatdan artıq həcmdə istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da bir il öncəki  göstəricidən 12,7 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 2013-cü ildə Şahbuz rayonunun Sələsüz kəndində iki, Şərur rayonunun Dəmirçi, Şahbulaq, Sərxanlı və Gümüşlü, Babək rayonunun Cəhri, Ordubad rayonunun Nəsirvaz, Bist, Ələhi, Xurs və Nürgüt, Culfa rayonunun Əlincə, Teyvaz və Kırna, Kəngərli rayonunun Xok, Şahbuz rayonunun Güney Qışlaq, Qızıl Qışlaq, Ayrınc və Kükü kəndlərinin hər birində bir xidmət mərkəzinin tikintisi, Şərur rayonunun Xanlıqlar kəndində xidmət mərkəzinin isə yenidən qurulması başa çatdırılmışdır.

Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublika daxilindəki yüksək iqtisadi fəallıq xarici ticarət əlaqələrinin də genişlənməsini təmin etməkdədir.
2013-cü ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 511 milyon 989 min ABŞ dollarına çatmışdır ki, bu da bir il öncəki müvafiq göstəricidən 13,5 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 402 milyon 416 min ABŞ dollarını ixrac, 109 milyon 573 min ABŞ dollarını isə idxal təşkil etmiş və 292 milyon 843 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. İxracın həcmi son bir  ildə 7,7 faiz artmışdır.
Bank sektorunun inkişafı hazırkı yüksək iqtisadi aktivliyə paralellik təşkil edir. Pul əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə  aparılması üçün 2013-cü ildə 152 POS-terminal quraşdırılmış və bu göstərici 1 yanvar 2014-cü il tarixə 248-ə çatdırılmışdır. POS-terminallarından geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına, nəticədə isə iqtisadiyyatın inkişafına müsbət təsir edir.
1 yanvar 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 24716-ya çatmışdır ki, bunun da 21426-sı və ya 86,7 faizi aktiv hesablardır. 2013-cü il ərzində açılmış 8449 bank hesabının 8395-i və ya 99,4 faizi aktiv hesablardır. Bu dövr ərzində banklar tərəfindən dövriyyəyə 812 milyon 765 min manat pul kütləsi buraxılmışdır.
İctimai münasibətlərin dərinləşdiyi hazırkı dövrümüzdə muxtar respublikada şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sisteminin effektiv tənzimlənməsi təmin olunmuşdur. 2013-cü ildə muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 5293,3 min manat olmuşdur ki, bu da 2012-ci ildəki müvafiq göstəricidən 434,1 min manat və ya 8,9 faiz çoxdur.

Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Muxtar respublikada elm və təhsil ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilməkdədir. Bu istiqamətdə 2013-cü ildə Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi fəaliyyətə başlamışdır.
Ötən dövr ərzində Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasının, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin, Naxçıvan Dövlət Texniki Kollecinin binalarının təmiri başa çatdırılmış, Naxçıvan Özəl Universitetində yeni infrastruktur obyektlərinin tikintisi, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq korpusunun və Tibb fakültəsində klinik xəstəxananın yenidən qurulması hazırda davam etdirilir.
Yaradılmış şəraitin nəticəsi olaraq ötən dövr ərzində elmi kadrların sayı artmış, 4 nəfər elmlər doktoru, 10 nəfər isə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Ali təhsil və elm mərkəzlərində 6 beynəlxalq, 65 respublika və ali məktəb əhəmiyyətli konfrans və simpoziumlar keçirilmişdir. Alim və tədqiqatçıların 72 kitab və monoqrafiyası, 23 metodiki vəsaiti, 1500-dən çox elmi məqalə və tezisi çap olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 6 avqust tarixli Sərəncamına uyğun olaraq, “Naxçıvan tarixi” çoxcildliyinin fundamental elmi əhəmiyyət kəsb edən birinci cildi hazırlanaraq çap edilmişdir.
2013-cü ildə Naxçıvan şəhərində 972 şagird yerlik 10 nömrəli, 846 şagird yerlik 16 nömrəli, Babək rayonunun Cəhri kəndində 828 şagird yerlik 1 nömrəli, Sədərək rayonunun Sədərək kəndində 828 şagird yerlik 1 nömrəli, Şərur rayonunun Sərxanlı kəndində 234, Dəmirçi kəndində 1026, Xanlıqlar kəndində 396, Şahbulaq kəndində 110, Gümüşlü kəndində 132, Babək rayonunun Şəkərabad kəndində 306, Çeşməbasar kəndində 234, Ordubad rayonunda Sabirkənddə 378, Ələhi və Nəsirvaz kəndlərinin hər birində 88, Bist kəndində 154, Xurs və Nürgüt kəndlərinin hər birində 110, Culfa rayonunun Kırna kəndində 306, Ərəfsə kəndində 320, Şurud kəndində 90, Teyvaz kəndində 110, Şahbuz rayonunun Kükü kəndində 198, Ayrınc və Qızıl Qışlaq kənd­lərinin hər birində 110, Kəngərli rayonunun Xok kəndində 1080 şagird yerlik məktəb binalarında tikinti, yenidənqurma və əsaslı təmir işləri başa çatdırılmış, Naxçıvan şəhərində 11 nömrəli məktəb binasının yenidən qurulması isə hazırda davam etdirilir.
Naxçıvan şəhərində 242 yerlik 5 nömrəli, Ordubad şəhərində 242 yerlik, Sədərək rayonunun Heydərabad qəsəbəsində 144 yerlik uşaq bağçası binalarının tikintisi başa çatdırılmış, Babək rayonunun Babək qəsəbəsində uşaq bağçası binasının tikintisi hazırda davam etdirilir.
Naxçıvan şəhərində Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin tikintisi, 3 nömrəli Uşaq Musiqi Məktəbi binasının yenidən qurulması başa çatdırılmışdır. Bundan əlavə, Şərur rayonunda Şərur Peşə Liseyinin tikintisi işləri aparılır.
Muxtar respublikanın ümumtəhsil məktəblərində informasiya texnologiyalarının tətbiqi sahəsində mühüm tədbirlər həyata  keçirilir. Hazırda muxtar respublikanın bütün təhsil müəssisələrində ən müasir kompüter avadanlıqlarından istifadə olunur. Muxtar respublikanın ümumtəhsil məktəblərində 3409 dəst kompüter quraşdırılmış, hər 13 şagird bir dəst kompüterlə təmin olunmuşdur. İstifadədə olan 3409 dəst kompüterin 2849-u və ya 83,6 faizi internetə qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində təhsilin daha keyfiyyətlə aparılması məqsədilə 548 elektron lövhə quraşdırılmışdır.
Təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğı bu sahədə keyfiyyət göstəricilərini ilbəil yaxşılaşdırmaqdadır. 2013-cü ildə  qəbul imtahanlarında iştirak etmiş abituriyent­lərdən 1677 nəfəri ali məktəblərin, 515 nəfəri isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Bu dövr ərzində 500-700 intervalında bal toplayan tələbələrin sayı bir il öncəyə nisbətdə 45 nəfər artaraq 312 nəfər olmuşdur ki, onlardan da 6 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. Yaradılan şəraitin nəticəsidir ki, abituriyentlərimiz ixtisas seçimi zamanı muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində oxumağa daha çox üstünlük verirlər. 2013-cü ildə 692 nəfər Naxçıvan Dövlət Universitetinə, 220 nəfər Naxçıvan Müəllimlər İnstitutuna, 167 nəfər isə Naxçıvan Özəl Universitetinə daxil olmuşdur. Təhsildə qazanılmış uğurlara görə 3 məktəb ilin “Ən yaxşı ümumtəhsil məktəbi”, 5 müəllim isə “Ən yaxşı müəllim” mükafatına layiq görülmüşdür.
Əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Bu sahənin inkişafı istiqamətində ötən il   ərzində Babək Rayon Mərkəzi Xəstəxanasının tikintisi, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, Babək Rayon Cəhri Kənd Sahə Xəstəxanasının əsaslı təmiri başa çatdırılmışdır.
Şərur rayonunun Dəmirçi, Xanlıqlar və Sərxanlı, Babək rayonunun Çeşməbasar, Ordubad rayonunun Bist, Culfa rayonunun Kırna, Kəngərli rayonunun Xok, Şahbuz rayonunun Kükü və Qızıl Qışlaq kəndlərində həkim ambulatoriyası binalarının, Şərur rayonunun Şahbulaq və Gümüşlü, Babək rayonunun Şəkərabad, Ordubad rayonunun Nəsirvaz, Nürgüt, Ələhi və Xurs, Culfa rayonunun Teyvaz, Şahbuz rayonunun Güney Qışlaq və Ayrınc kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Sələsüz kəndində həkim ambulatoriyası binasının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin, Dəri-Zöhrəvi Dispanserinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə və Profilaktika Mərkəzinin tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulması hazırda davam etdirilir.
Sosial layihələr çərçivəsində 2013-cü il ərzində yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 319 cərrahi əməliyyat, o cümlədən 67 xəstədə açıq ürək, 7 nəfər xəstədə periferik damar, 77 nəfər xəstədə angioqrafiya, 75 nəfər xəstədə göz və 64 nəfər xəstədə müxtəlif əməliyyatlar aparılmış, 29 nəfər xəstənin ürək damarlarına stent qoyulmuşdur.

2013-cü il ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 3 milyon 463 min manata yaxın həcmdə ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ünvanlı dövlət sosial yardımı alanların sayı ümumi əhalinin 2,8 faizini təşkil etmişdir ki, bu da öz minimal həddi ilə ümumi inkişafa uyğun mütənasiblikdədir.
Ümumilikdə, bu dövr ərzində Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan 232 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanı məhdud olan 259 uşağın müalicəsi təşkil edilmiş, eyni zamanda onurğa və sinir xəstəlikləri olan 9 məhdud fiziki imkanlı və sağlamlıq imkanı məhdud 16 uşaq Ukrayna Respublikasına müalicəyə göndərilmişdir. 105 nəfər əlil müxtəlif sanatoriyalara yollayışlarla təmin edilmiş, məhdud fiziki imkanlı 80 şəxsin, o cümlədən 35 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmişdir. 2013-cü ildə sosial qayğıya ehtiyacı olan 30 şəxsə minik avtomobilləri verilmiş, iki ailə üçün fərdi yaşayış evinin tikintisi başa çatdırılmışdır.
Həyata keçirilən kompleks islahatlar, xüsusilə də əhali rifahının davamlı yüksəlişinə yönəldilmiş irimiqyaslı tədbirlər demoqrafik vəziyyətin qənaətbəxş mənzərəsini təmin etmişdir. Muxtar respublikamızda demoqrafik siyasət əhali rifahının yaxşılaşdırılması və ailələrin iqtisadi müstəqilliyinin təmin edilməsi  fonunda reallaşdırılır. 1 yanvar 2014-cü il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 8139 nəfər və ya 1,9 faiz artaraq 435367 nəfərə çatmışdır.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması, öz növbəsində, 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salmışdır. 2013-cü ildə 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstərici 2012-ci illə müqayisədə 60 faiz azalaraq 4 nəfər təşkil etmişdir. Perinatal ana ölümü isə sıfır səviyyəsindədir.
Sosial siyasətin başlıca istiqamətlərindən biri kimi pensiya və müavinətlərin səmərəli maliyyələşdirilməsi həyata keçirilir. 2013-cü ildə  Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 51 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır. 2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun cəmi daxilolmaları 2012-ci illə müqayisədə 11,3 faiz, o cümlədən özəl sektor üzrə 34,3 faiz artmışdır.
Əhalinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi məqsədilə bədən tərbiyəsi və idman sahəsində bir sıra tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə ötən il Atıcılıq, Hava və Ekstremal İdman Növləri federasiyaları yaradılmış, Naxçıvan şəhərində Atıcılıq Mərkəzinin, Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi binasının tikintisi, Naxçıvan Muxtar Respublika Stadionunun yenidən qurulması, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin binasının əsaslı təmiri başa çatdırılmış, Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbi binasının tikintisi, Şərur şəhərində əltopu oyunları idman meydançasının əsaslı təmiri hazırda davam etdirilir. Bundan əlavə, 2013-cü ildə idman sahəsinin inkişafı istiqamətində “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun peşəkar futbola qayıdışı üzrə əsaslı tədbirlər görülmüşdür.
İdman potensialının davamlı olaraq yaxşılaşdırılması muxtar respublikada beynəlxalq turnir və yarışların keçirilməsinə də əlverişli şərait yaratmışdır. 2013-cü ildə “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalının və yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnirin, futbol üzrə Azərbaycan kubokunun final yarışının, eləcə də digər idman yarışlarının keçirilməsi muxtar respublikada idmanın kütləviliyinin artırılması baxımından əhəmiyyətli olmuşdur.
Muxtar respublikada tarixi-mədəni irsin qorunması və təbliği, mədəni potensialın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası və bərpası davamlı xarakter almışdır. 2013-cü ildə mədəniyyət obyektlərinin inşası və bərpası istiqamətində Naxçıvan şəhərində Saat Meydanı və parkın, Culfa rayonunda Dövlət Bayrağı Meydanının tikintisi, Kəngərli rayonunun Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının təmiri başa çatdırılmışdır. Babək rayonunun Babək qəsəbəsində 1941-1945-ci illər müharibəsi və Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılmışdır.
Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının və Fəxri Xiyabanın, Gənclər Mərkəzinin, Naxçıvançay vadisində parkın tikintisi, Naxçıvanqala tarixi abidəsinin bərpası işləri hazırda davam etdirilir.
Bu dövr ərzində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin inzibati binası və sərgi salonunun tikintisi başa çatdırılmışdır.
Culfa rayonunun Əbrəqunus kəndində məscidin tikintisi, Teyvaz kəndində məscidin əsaslı təmiri, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin təmiri başa çatdırılmış, Naxçıvan şəhərində və Ordubad rayonunun Yuxarı Əylis kəndində məscidlərin tikintisi hazırda davam etdirilir.
Ordubad rayonunda “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün binanın tikintisi, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin və Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yenidən qurulması, Naxçıvan şəhərində “Buzxana” tarix-memarlıq abidəsinin bərpası başa çatdırılmış, Naxçıvanqala tarixi abidəsinin ərazisində muzeyin tikintisi, Ordubad şəhərində Y.Məmmədəliyevin ev-muzeyinin əsaslı təmiri, “Buzxana” tarix-memarlıq abidəsinin isə bərpası hazırda davam etdirilir.
Milli-mədəni dəyərlərimizin qorunması tədbirləri çərçivəsində xalq tətbiqi sənətinin əsas qollarından olan xalçaçılığın təbliği məqsədilə aparılan elmi araşdırmalar nəticəsində nəfis tərtibatda “Naxçıvan xalçaçıları” kitabı və “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı çap olunmuş, “Naxçıvan xalçaları” sənədli filmi çəkilmişdir. Yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası zənginləşdirilmiş, muzeyin internet saytı hazırlanmışdır.
Muxtar respublikada kitabxana işinin müasir standartlar səviyyəsində qurulması və elektron kitabxanaların yaradılması sahəsində də işlər davam etdirilmiş, Naxçıvan Muxtar Respublika Kitabxanasında, Naxçıvan Muxtar Respublikası Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidməti yaradılmışdır.
2013-cü ildə muxtar respublikada kütləvi informasiya vasitələrinin işinin yaxşılaşdırılması istiqamətində Naxçıvan Dövlət Televiziyası və Radiosunun texniki imkanları daha da artırılmış, yeni efir və çəkiliş avadanlıqları alınmış, virtual studiya yaradılmışdır. Bununla yanaşı, hazırlanan verilişlərin keyfiyyətini artırmaq məqsədilə dövlət teleradiosunda, eləcə də “Kanal-35” televiziyasında və “Naxçıvanın səsi” radiosunda bədii şuralar fəaliyyətə başlamışdır. “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin də maddi-texniki bazaları yaxşılaşdırılmış, qəzet redaksiyalarına kompüter dəstləri, fotoaparatlar və səsyazma avadanlıqları verilmişdir.
Muxtar respublikada müasir tələblərə cavab verən turizm obyektlərinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin, digər bu kimi infrastruktur obyektlərinin istifadəyə verilməsi bu sahədə aktivliyi daha da artırmağa imkan yaratmışdır. 2013-cü ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 370 min 638 nəfər turist gəlmişdir ki, bu da 2012-ci ildəki müvafiq göstəricini 3,3 faiz və ya 11 min 675 nəfər üstələyir.

Hüquq-mühafizə orqanları ilə iş

Əvvəlki dövrlərdə olduğu kimi, 2013-cü ildə də muxtar respublikada hüquq-mühafizə orqanlarının işinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi işi diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsinin inzibati binasının tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının tikintisi hazırda davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında avtomobil parkının və təlim mərkəzinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şərur və Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin inzibati binalarının və texnika parklarının tikintisi başa çatdırılmış, Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının və texnika parkının tikintisi hazırda davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin inzibati binalarının, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsinin Şərur rayonlararası müayinə mərkəzinin tikintisi davam etdirilir.
2013-cü ildə əldə olunmuş nailiyyətlər muxtar respublikanın ictimai-iqtisadi, sosial-mədəni həyatında yeni bir quruculuq səhifəsi açmışdır. Bu inkişafa töhfəsini verənlərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 53 nəfər Azərbaycan Respublikasının müxtəlif orden, medal və fəxri adları ilə təltif edilmiş, 1 nəfərə ali hərbi və 1 nəfərə ali xüsusi rütbə verilmiş, 9 nəfər Prezident mükafatına layiq görülmüşdür. Həmçinin 21 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları, 4 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 33 nəfər “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunmuşdur.
Ümumilikdə, qeyd olunan faktlar bir daha təsdiqləyir ki, Naxçıvan Muxtar Respublikasında əldə olunmuş sosial və iqtisadi təmayüllü uğurlar məhdud imkanlar üzərindən intibaha yol açmağı bacaran çevik idarəetmənin məntiqi nəticələridir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR