Dünən Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası tərəfindən muxtar respublikada Quşçuluq Birliyinin yaradılması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə muxtar respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının rəhbərləri iştirak ediblər.
Tədbiri konfederasiyanın sədri Abbas Babayev açaraq yeni yaradılan Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi haqqında məlumat verib. Qeyd olunub ki, birlik muxtar respublikada quşçuluq təsərrüfatının ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, quşçuluq təsərrüfatı ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. Birlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qüvvədə olan digər normativ-hüquqi aktlarını və özünün Nizamnaməsini rəhbər tutur.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsinə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, muxtar respublikada çoxsaylı sahibkarlıq subyektləri fəaliyyət göstərir. Bu subyektlər içərisində quşçuluq təsərrüfatları da var. Həmin təsərrüfatlar yaradılmış şərait hesabına muxtar respublikada əhalinin zəruri ərzaq məhsullarından sayılan yumurta və quş ətinə olan ehtiyacının yerli istehsal hesabına ödənilməsinə öz töhfələrini verirlər. Famil Seyidov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, birliyin yaradılmasında məqsəd birlik üzvlərinin mövcud potensialını düzgün istiqamətləndirməkdən, əhalinin məşğulluğunu və quşçuluq təsərrüfatlarının fəaliyyətini gücləndirməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov çıxış edərək bildirib ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Davamlı xarakter alan belə tədbirlər regionda yerli ərzaq məhsulları istehsalında mühüm rol oynayır. Ona görə də bu gün daxili bazarda yerli istehsalın xüsusi çəkisi xeyli artıb. Yaradılan yeni birlik həmin istiqamətdə həyata keçirilən tədbirlərin daha bir nümunəsidir. Ekoloji cəhətdən təmiz quşçuluq məhsullarının istehsalında muxtar respublikada xeyli təcrübə qazanılıb. Əminik ki, yaradılan şəraitdən, qazanılan təcrübədən istifadə etmək və baytarlıq xidməti ilə sıx əlaqə saxlamaqla bundan sonra muxtar respublikada quşçuluq təsərrüfatlarının fəaliyyəti yeni mərhələyə qədəm qoyacaqdır.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Şəmsəddin Sevdimalıyev çıxışında qeyd edib ki, muxtar respublikada quşçuluq təsərrüfatlarının yaradılması üçün geniş imkanlar var. Bu imkanlardan biri də təsərrüfat yaratmaq istəyənlərə dövlət maliyyə dəstəyinin göstərilməsidir.
Sonra Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyinin 7 nəfərdən ibarət idarə heyəti seçilib. İdarə heyətinin üzvləri gizli səsvermə yolu ilə Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyinin sədrini, sədr müavinini və birliyin nəzarət-təftiş komissiyasının üzvlərini seçiblər. Qeyd edək ki, sahibkar Nurəddin Babayev birliyin sədri, Teymur Rzayev isə sədr müavini olub.
Tədbirə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayev yekun vurub.
Xəbərlər şöbəsi