“Son illər həyata keçirilmiş islahatların tərkib hissəsi kimi vergi orqanlarının işinin çevik və işlək mexanizmlər əsasında qurulması ölkəmizdə liberal biznes mühitinin təkmilləşməsinə, habelə vergi daxilolmalarının artım dinamikasına müsbət təsirini göstərir”. Bu fikirlər Babək Rayon Vergilər Şöbəsində keçirilən sahibkarlarla görüşdə səsləndirilib.
Tədbirdə vergi ödəyiciləri ilə bağlanması nəzərdə tutulan vergi partnyorluğu sazişləri barədə danışan şöbənin rəisi Səftər Əliyarov qeyd edib ki, “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Bu sənəd vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək, çevik və səmərəli vergi nəzarəti yaratmaq, sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla onun inkişafını stimullaşdırmaq, əməkdaşlığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək kimi mühüm məqsədləri müəyyən edir.
Qaydalara əsasən, sazişin bağlanılması məqsədilə vergi ödəyicilərinin seçimi zamanı ilkin olaraq sertifikatlaşdırılmış proqram təminatı ilə mühasibat uçotu aparan vergi ödəyicilərinə, ƏDV ödəyicilərinə, maliyyə xidmətlərini həyata keçirən kredit və sığorta təşkilatlarına, vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edən, habelə alğı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük veriləcək.
Sonra şöbənin əməkdaşlarından Ataxan Nuriyevin, Habil Fərhadovun, Gülşən Eyvazovanın və başqalarının çıxışları olub.
Xəbərlər şöbəsi