22 Dekabr 2024, Bazar

Noyabrın 4-də Gəncə şəhərində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Biznes Forumu keçirilmişdir.
Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, yerli icra hakimiyyəti orqanları əməkdaşlarının və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar­ların iştirak etdiyi forumda Azərbaycanda bir çox sahələrdə Türkiyə şirkətlərinin, eləcə də Türkiyədə Azərbaycan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yerdə durur. Türkiyədən Azərbaycana da son on ildə böyük həcmdə investisiya yönəldilmişdir.

Forum muxtar respublikamızda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün də uğurlu olmuşdur. Tədbirdə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Bakı ofisinin, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Naxçıvan Avtomobil Zavodu” MMC-nin Gəncə filialının, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin Bakı ofisinin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatın və Türkiyə İxracatçılar Məclisinin fəaliyyətinə dair videoçarxın nümayişindən sonra biznes-forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir. Keçirilən ikitərəfli görüşlər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, iş adamları arasında işgüzar əlaqələrin daha da genişlənməsinə töhfə vermişdir. Bu çərçivədə Babək “Sirab” ASC-nin nümayəndəsi Emil Vəliyevlə Türkiyənin Bursa şəhərində fəaliyyət göstərən Aroma Bursa Meyvə Suları və Qida Ticarət şefi Leyla Aydın Yüksəl arasında əməkdaşlıq imkanları barədə müzakirələr aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR