Naxçıvan Muxtar Respublikası iqtisadiyyatın inkişafına görə yeni keyfiyyət mərhələsindədir. Yeni mərhələnin əsas hədəfi iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olmaqla muxtar respublikanın dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdən ibarətdir. Bu hədəfin reallaşması istiqamətində icrası vacib vəzifələr müəyyənləşdirilmişdir. Artıq regionda hədəflənən məqsədlərə nail olunmaqdadır.
Belə ki, son illər muxtar respublikamızda irimiqyaslı layihələr reallaşdırılır, yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəliftəyinatlı yeni istehsal müəssisələri yaradılır. Həmçinin fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilir, mütərəqqi texnologiyalar tətbiq olunur. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikamızda müxtəlif növdə ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın çox hissəsi yerli istehsal hesabına ödənilir.
Daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yeraltı və yerüstü sərvətilə zəngin Naxçıvanın təbii resurslarından biri olan Duzdağ yataqları Naxçıvan şəhərindən 12 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir. Məlumat üçün qeyd edək ki, Naxçıvan Duzdağında əsaslı tədqiqat işləri aparılmış və bu araşdırmaların nəticələri “Naxçıvan Duzdağının qədim duz mədənləri” kitabında ətraflı şəkildə öz əksini tapmışdır. Kitabda Duzdağ mədəninin qədimliyi, bu mədənlərdən e.ə. III-II minillikdən başlayaraq duz çıxarıldığı, mədənçiliyin inkişaf etdirildiyi bildirilir. Tədqiqatlar nəticəsində Duzdağ mədəninin Erkən Tunc dövründə geniş istifadə olunduğu müəyyən edilmiş, duzun sosial və ictimai münasibətlər faktoruna çevrilərək sənətkarlığın və ticarətin, bununla birlikdə isə Naxçıvan şəhər mədəniyyətinin yaranmasına güclü təsir göstərdiyi aşkarlanmışdır.
Primitiv üsulla çıxarılan duz məişətdə istifadə olunmaqla yanaşı, mübadilə vasitəsi kimi Böyük İpək Yolu ilə Şərq və Qərb ölkələrinə aparılmışdır. Duzdağ yatağından sənaye üsulu ilə duz çıxarılmasına ilk dəfə 1927-ci ildə başlanılmış, Sovetlər Birliyi dönəmində bu sənaye müəssisəsində istehsal edilən daşduz ittifaq respublikalarına göndərilmişdir. Lakin 1988-1993-cü illərdə bu sənaye müəssisəsinin də fəaliyyəti tamamilə dayanmışdır.
1993-cü ildən sonra Azərbaycanda yaradılan sabitlik və iqtisadi inkişaf yeraltı və yerüstü sərvətlərlə zəngin olan muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə olunmasına da əlverişli şərait yaratmışdır. Duz mədənində tikinti-quraşdırma, yenidənqurma, təmir-bərpa, abadlıq işləri aparılmış, istismarı dayanmış və uzunluğu 1700 metr olan 1 nömrəli şaxta, eləcə də mövcud 2 duz emalı sexi müasir texnoloji avadanlıqlarla təmin edilməklə müəssisə yenidən qurularaq istifadəyə verilmişdir. 2005-ci ildə isə istehsal gücü gündə 7 və 20 ton olan 2 yeni duz emalı müəssisəsi tikilərək istehsala başlanmışdır. Burada bütün istehsal prosesi avtomatlaşdırılmış, paketləyici avadanlıq quraşdırılmışdır. Bu da hazır məhsulu 200, 250 və 500 qramlıq taralarda qablaşdırmağa imkan verir.
2010-cu ildə 3 ədəd rəqəmsal yodvuran, 2 ədəd tarixvuran və 1 ədəd duzpaketləyən avadanlıq alınıb quraşdırılmışdır. Əl əməyi yüngülləşdirilmiş, yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, istehsal olunan məhsulun vaxtında sifarişçilərin ünvanlarına çatdırılması da təmin edilmişdir.
İstifadəyə verilən yeni duz emalı sexləri Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahələridir. Bu gün duz mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir. Gündəlik istehsal gücü 40-45 ton daşduz, 20-25 ton isə üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 çeşiddə duz istehsal olunur və bu məhsullar məişətdə, heyvandarlıqda, kimya sənayesində istifadə edilir. Məişətdə istifadə edilən yodlaşdırılmış duz həm nəfis tərtibatla bəzədilmiş 0,5, 1 kiloqramlıq karton və plastik, həm də 0,2, 0,5 kiloqramlıq polietilen taralarda və 25 kiloqramlıq kisələrdə “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır.
80 nəfərin işlə təmin olunduğu müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir. Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Müəssisədə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş laboratoriya fəaliyyət göstərir. Bu da istehsal edilən duzun keyfiyyətinə tam nəzarət etməyə imkan verir. İstehsal prosesinin konveyer üsulu ilə təşkil edildiyi müəssisədə duz yeraltı partlayış üsulu ilə əsas kütlədən ayrılıb kiçik vaqonlara yüklənərək yerüstü sahəyə daşınır. Daşduz yerüstü sahədə çeşidləndikdən sonra emal müəssisələrinə gətirilir. Hər birində 2 istehsal sexinin fəaliyyət göstərdiyi müəssisələrdə daşduz birinci sexdə 2 mərhələdə müxtəlif avadanlıqlarda əzilərək üyüdülüb hər ton duzun tərkibinə 85 qram yod əlavə edilməklə elevatorla ikinci sexə ötürülür. Burada isə ələkdən keçirildikdən sonra paketlənir. İstehsal olunan məhsulun taraları üzərində yod çatışmazlığının fəsadları ilə əlaqədar məlumat, duzun tərkibi, istehsal tarixi və yararlılıq müddəti göstərilir.
Daxili bazarı yüksəkkeyfiyyətli məhsullarla təmin etmək əzmi ilə çalışan kollektiv cari ilin 10 ayında 5463,7 ton daşduz və 2666,5 ton üyüdülmüş duz istehsal etmişdir. Müəssisə tərəfindən 1897,3 ton daşduz və 2490,7 ton üyüdülmüş duz satılmışdır ki, bu da əvvəlki illə müqayisədə çoxdur. Keyfiyyət göstəriciləri ilə seçilən Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək məqsədilə Bərdə şəhərində baza yaradılmışdır. Müəssisənin balansındakı yük maşınları ilə duz bazaya daşınır, oradan da sifarişə uyğun ətraf rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə çatdırılır. Ümumilikdə, müəssisədə istehsal olunan 449,7 ton daşduz və 837,6 ton narın duz muxtar respublikamızda, 1447,6 ton daşduz və 1653,1 ton narın duz Bakı şəhərində və ölkəmizin digər regionlarında satışa çıxarılmışdır.
Kərəm HƏSƏNOV