22 Dekabr 2024, Bazar

Muxtar respublikada həyata keçirilən sosial və iqtisadi islahatların uğurlu nəticələri Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunduğu və “Muxtariyyət ili” elan edilmiş 2014-cü ilin ilk yarımili ərzində də qorunub saxlanılmışdır.
Cari ilin ötən dövründə ən mühüm hadisələrdən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə Prezidenti Naxçıvan Beynəlxalq Hava Limanının, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binalarının, Gənclər Mərkəzinin, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının açılışında iştirak etmiş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə, Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal edilən məhsulların sərgisi ilə tanış olmuş, muxtar respublikanın ərazisində yerləşən hərbi hissələrə daxil olan yeni texnika və silahlara baxmışdır.

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə buradakı irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır. Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.
Bu dövr ərzində Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsin qorunub saxlanılmasını, müasir şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsini, abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat vəsait ayrılmışdır.
İlin əvvəlindən ötən altı ay ərzində muxtar respublikada 1 milyard 14 milyon 85 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 2,4 faiz üstələmişdir. 2014-cü ilin yanvar-iyun aylarında hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2323,8 manat (2962,9 ABŞ dolları) səviyyəsində olmuşdur. Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 22,8 faizlik payla tikinti sahəsi tutmuşdur.
2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar-iyun ayları ərzində sənaye məhsulunun həcmi 1,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,4 faiz, nəqliyyat sektorunda yük daşınması 2,3 faiz, informasiya və rabitə xidmətləri 2,1 faiz, o cümlədən mobil rabitə xidməti 1,2 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,1 faiz, ixracın həcmi 10,1 faiz, əhalinin gəlirləri 3,4 faiz, hər bir nəfərə düşən gəlirlər 1,8 faiz, orta aylıq əməkhaqqı isə 2,1 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə

Sənaye

Muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişafına yönəlmiş kompleks tədbirlər nəticəsində istehsalın dayanıqlığı təmin edilmiş və dinamik məhsul istehsalına nail olunmuşdur.
Cari ilin ilk yarımilində muxtar respublikada 471 milyon 580 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələyir.
Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşmüşdür. Dövlət sektorunda 32669 min manatlıq, qeyri-dövlət sektorunda isə 438911 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. İstehsal olunan məhsulun 93,1 faizi özəl sektorun payına düşmüşdür.

Sənaye məhsulu istehsalının dinamikası,
min manat

Cari ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə 22 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 48 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə hazırda davam etdirilməkdədir.
Cari ilin ötən dövrü ərzində sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2 milyon 233 min 800 manat həcmində kredit verilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 2,3 dəfə çoxdur.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş və cari ilin ilk yarımili ərzində daxili tələbatdan artıq istehsal olunmuş 138 milyon 670 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac istiqamətində göndərilmişdir.

Hərbi quruculuq

Muxtar respublikanın etibarlı müdafiəsinin təşkili istiqamətində həyata keçirilən genişmiqyaslı hərbi quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir”.
Muxtar respublikada ordu quruculuğu üzrə tədbirlər çərçivəsində cari ilin ilk yarımilində Naxçıvan şəhərində mərkəzi hərbi xəstəxananın, “N” hərbi hissənin qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın və iki yaşayış binasının tikintisi, “Naxçıvan” Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin inşası davam etdirilmişdir.
Şahbuz şəhərindəki hərbi hissədə əsgər yataqxanasının təmiri başa çatdırılmışdır. Kəngərli rayonundakı hərbi hissədə Təlim-Tədris Mərkəzinin və Naxçıvan şəhərində hərbi hissədə su anbarının inşası davam etdirilir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada Əlahiddə Ümumqoşun Ordusuna 15 ədəd “Mitsubishi-PAJERO”, 11 ədəd “Mitsubishi L-200”, 10 ədəd “UAZ”, 2 ədəd “FİAT” markalı xidməti avtomobil, 2 ədəd “Ford” markalı səyyari tibbi yardım və 1 ədəd rentgen flüoroqrafiya avtomobilləri verilmişdir.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

İnvestisiya qoyuluşları hər bir sahənin, ümumilikdə isə muxtar respublikanın dinamik inkişafını sürətləndirən mühüm amillərdən biridir. Bu istiqamətdə cari ilin ötən dövrü ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 516 milyon 277 min manatlıq investisiya yönəldilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 1,6 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 455 milyon 694 min manatı və ya 88,3 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.

Əsas kapitala yönəldilmiş investisiyanın dinamikası,
min manat

Muxtar respublikada tikinti-quruculuq işlərinin həcminin genişləndirilməsi bu sahədə texnika və avtomobillərə olan tələbatın artmasına da səbəb olmuşdur. Cari ilin ilk altı ayı ərzində Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın rayonlarında aparılan tikinti-quruculuq işlərində istifadə olunması məqsədilə 1 ədəd 12 tonluq kran, 3 ekskavator, 3 yükləyici və 6 yük avtomobili alınaraq muxtar respublikaya gətirilmişdir.
2014-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 121 müxtəliftəyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 234 müxtəliftəyinatlı obyektin isə tikintisi, yenidən qurulması və ya əsaslı təmiri hazırda davam etdirilir.
2014-cü ilin yanvar-iyun ayları ərzində 5 inzibati binanın tikintisi və ya yenidən qurulması başa çatdırılmışdır. 29 inzibati binanın tikintisi, yenidən qurulması və ya əsaslı təmiri işləri davam etdirilir.
Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri bütün inzibati ərazimizi, o cümlədən ucqar yaşayış məntəqələrini də əhatə etməkdədir. Hazırda 14 kənd mərkəzinin inşası davam etdirilir.
Ötən dövr ərzində muxtar respublikada 4 yaşayış binasının tikintisi, 1 yaşayış binasının yenidən qurulması, 1 yaşayış binasının təmiri başa çatdırılmış, 4 yaşayış binasının tikintisi, 6 yaşayış binasının yenidən qurulması, 2 yaşayış binasının əsaslı təmiri, 3 yaşayış binasının isə təmiri davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin tikintisi aparılmaqdadır.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərməkdədir. 2014-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 229 min 112 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 0,2 faiz çoxdur.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər davam etdirilir. Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmiş, 1 iyul 2014-cü il tarixə Naxçıvan şəhərində 212 kilometr uzunluğunda kanalizasiya və 222,5 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Bundan əlavə, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi istiqamətində, ümumilikdə, 478,1 kilometr uzunluğunda içməli su və 295 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir. Layihə çərçivəsində 19 subartezian quyusunun tikintisi davam etdirilir.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə aqrar sektorda kompleks tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, proqramın qəbul olunduğu 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 3 dəfə artaraq 46 milyon 419 min manata, heyvandarlıq məhsullarının həcmi isə 82,3 faiz artaraq 53 milyon 426 min manata çatmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. Həyata keçirilən tədbirlərə uyğun olaraq, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 165 ədədi 2014-cü ilin yanvar-iyun aylarında olmaqla cəmi 1410 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2014-cü ilin yanvar-iyun ayları ərzində 157 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası nağd hesablaşma və ya lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Ötən dövr ərzində məhsul istehsalçıları 3765,6 ton mineral gübrə ilə təmin olunmuşlar.
2014-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 829 hektar sahədə əkin aparılmışdır ki, bu da 2013-cü ilin məhsulu üçün əkilmiş sahədən 702 hektar çoxdur.

Cəmi əkin sahələri, hektarla

Muxtar respublikada məhsuldar və keyfiyyətli buğda toxumlarının istehsalının stimullaşdırılması və daxili tələbatın ödənilməsi məqsədilə toxumçuluq təsərrüfatlarının yaradılması və onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də işlər davam etdirilir. Cari ilin ötən dövrü ərzində yeni toxumçuluq təsərrüfatı tərəfindən 400 hektardan artıq sahədə toxumluq buğda əkini həyata keçirilmişdir. Hazırda Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunmaqdadır. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumunun satışının da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada 8 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
2014-cü ilin məhsulu üçün 35749,7 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 29697,7 hektarı payızlıq, 6052 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 425,7 hektar artmışdır. Taxıl zəmilərinin 26274,1 hektarında buğda, 9475,6 hektarında isə arpa əkilmişdir. Hazırda taxıl biçini davam edir.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış və 2014-cü ildə 2962 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2013-cü ildə əkilmiş sahədən çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərmişdir. 2014-cü ilin yanvar-iyun aylarında meyvə istehsalının həcmi bir il öncəyə nisbətən 0,2 faiz, tərəvəz istehsalı isə 1,4 faiz artmışdır. Hazırda meyvə və tərəvəz yığımı davam edir.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandar­lığın inkişafının davamlı olaraq dəstəklənməsi iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayının, ət və süd məhsulları istehsalının həcminin artmasına öz təsirini göstərməkdədir. 2014-cü ilin ilk yarımili ərzində bu sahənin inkişafı istiqamətində 3 heyvandarlıq təsərrüfatı yaradılmış, hazırda 1 heyvandarlıq təsərrüfatının yaradılması və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi üzrə işlər davam etdirilir.
Heyvandarlıq sahəsində yüksək məhsuldarlıq göstəricilərinə nail olunması əsas məqsəd kimi qəbul olunub. Bunun səmərəli təşkilində isə süni mayalandırma mühüm rola malikdir. 2014-cü ilin yanvar-iyun aylarında heyvandarlıq təsərrüfatlarında 3881 baş inək və düyə süni yolla mayalandırılmışdır. Əvvəlki ildə mayalandırılmış inək və düyələrdən 2758 baş sağlam buzov alınmışdır. Bununla yanaşı, yüksək məhsuldarlıq göstəricilərinə malik olan mal-qaranın xüsusi çəkisi də davamlı olaraq artırılmaqdadır.
1 iyul 2014-cü il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 113 min 871 baş, qoyun və keçilərin sayı isə 701 min 872 baş olmuşdur ki, bu da 1 iyul 2013-cü il tarixə olan göstəriciləri müvafiq olaraq 2,6 və 2,8 faiz üstələmişdir. 2014-cü ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 10500,8 ton ət, 45754,5 ton süd istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 2,3 və 0,5 faiz çoxdur.
Daxili bazarda ət və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi istiqamətində tədbirlər davam etdirilir. İlin əvvəlindən ötən dövr ərzində 3 quşçuluq təsərrüfatı yaradılmışdır. Hazırda 2 quşçuluq təsərrüfatının yaradılması və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi istiqamətində iş aparılır.
Kənd təsərrüfatının mühüm sahələrindən olan arıçılığın və balıqçılığın inkişafı məqsədilə tədbirlər görülmüş, cari ilin ilk yarımili ərzində 1 arıçılıq təsərrüfatının yaradılması və 1 balıqçılıq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi ilə bağlı işlər aparılmışdır.
Ümumilikdə, cari ilin ilk yarımili ərzində kənd təsərrüfatı subyektlərinə 8 milyon 404 min manatdan çox həcmdə kreditin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 24 faiz çoxdur.
2014-cü ilin yanvar-iyun aylarında 100 milyon 254 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 6,4 faiz üstələyir.

Kənd təsərrüfatının ümumi məhsulu,
min manat

Etibarlı ərzaq təminatı sisteminin qurulması daxili bazarda tələbatın səmərəli ödənilməsi ilə yanaşı, ixrac potensialını gücləndirməkdədir. Belə ki, ötən dövr ərzində muxtar respublikadan kənara 36 milyon ABŞ dollarından artıq kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Muxtar respublikada meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsi və yeniləşdirilməsi işi də üstün istiqamət kimi saxlanılmaqdadır. Ötən dövr ərzində bu sahədə görülən işləri daha da sürətləndirmək məqsədilə muxtar respublikaya 10 ədəd ekskavator və 1 ədəd yükünü özüboşaldan ağırtonnajlı avtomobil gətirilmişdir.
Babək və Sədərək rayonlarının hər birində bir nasos stansiyasının tikintisi, Uzunoba Su Anbarının yenidən qurulması başa çatdırılmış, Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan su xəttinin, Böyükdüz və Xok kənd­lərinin torpaq sahələrinin suvarılması üçün əlavə su xətlərinin çəkilişi davam etdirilir.
Babək rayonunun Cəhri kəndində drenaj xəttinin çəkilişi, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının ərazilərində kanal və arxların lildən təmizlənməsi başa çatdırılmış, Naxçıvan şəhərinin Qaraçuq kəndində drenaj xəttinin çəkilişi, Şərur rayonunda kollektor-drenaj şəbəkəsinin, Babək rayonunun Nehrəm kəndində kollektorun lildən təmizlənməsi davam etdirilmişdir.
Babək rayonunun Xalxal, Ordubad rayonunun Aşağı Əylis və Nüsnüs, Şahbuz rayonunun Kolanı kəndlərində suvarma su xətlərinin, Ordubad rayonunun Dəstə kəndində suvarma su kanalının çəkilişi, Yuxarı Əylis kəndində suvarma su xəttinin yeni əraziyə köçürülməsi başa çatdırılmışdır. Şərur rayonunun Bəhruz Kəngərli kəndində suvarma şəbəkəsinin bərpası işləri davam etdirilir.
Şahbuz rayonunda Badamlı çayında istiqamətləndirici bəndin tikintisi başa çatdırılmış, Araz çayında sahilbərkitmə işlərinin, Babək rayonunda suvarma boru və drenaj xətlərinin, Şərur rayonunda Arpaçayda və Babək rayonunun Vayxır kəndi ərazisində istiqamətləndirici bəndlərin tikintisi, Şərur rayonunda Arpaçay sol sahil kanalı üzərindəki sel ötürücünün bərpası davam etdirilmişdir.
Muxtar respublikada 3 kəhrizin təmiri başa çatdırılmışdır. Bir kəhrizin bərpası və 6 kəhrizin təmiri davam etdirilməkdədir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində aparılan tədbirlərin intensivliyi cari ildə də saxlanılmış, ilin əvvəlindən 286,2 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 228 min ədəd ağac və bəzək kolları əkilmişdir.

Nəqliyyat, informasiya və rabitə, energetika

Muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Ötən dövrdə 88,8 kilometr uzunluğunda Naxçıvan- Şahbuz-Batabat magistral avtomobil yolunun tikintisi başa çatdırılmış, Qıvraq-Püsyan-Xanlıqlar, Yarımca-Qahab-Naxışnərgiz və Şəkərabad-Hacıvar avtomobil yollarının yenidən qurulması, Naxçıvan, Şərur və Ordubad şəhərlərində daxili avtomobil yollarının təmiri davam etdirilmişdir.
Şahbuz rayonunun Badamlı kəndində 9 paqonometr uzunluğunda körpünün tikintisi, Ordubad rayonunun Yuxarı Əylis kəndində 1,1 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində istinad divarının tikintisi, Naxçıvan şəhərində “İstiqlal” küçəsində, Babək rayonunun Babək qəsəbəsində, Şərur rayonunun Püsyan, Kürkənd və Dizə, Babək rayonunun Vayxır kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Muxtar respublikada müasir avtomobil yollarının çəkilişində istifadə olunması məqsədilə cari ilin ötən dövrü ərzində 2 ədəd yük avtomobili, 2 ədəd ekskavator, 1 ədəd qreyder və 1 ədəd vərdənə alınmışdır.
Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasının tikintisi başa çatdırılmış, əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltmək məqsədilə yeni maşın-mexanizmlər gətirilmişdir. Bu dövr ərzində dəmir yolu nəqliyyatının ahəngdar işi təmin olunmuşdur.
Ötən altı ay ərzində muxtar respublikanın nəqliyyat sektorunda yük daşınması 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz, sərnişin daşınması isə 2,1 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 22 milyon 54 min manat gəlir əldə edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 2,4 faiz çoxdur.
Muxtar respublikanın davamlı inkişaf siyasətinin əsas istiqamətlərindən olan informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsinin sürətli inkişafı istiqamətində cari ilin ötən dövrü ərzində Şahbuz Rayon Rabitə İdarəsi üçün yeni bina istifadəyə verilmiş, Şahbuz və Babək rayonlarını əhatə edən 13952 abunəçi tutumlu 38 ədəd yeni nəsil telefon stansiyaları quraşdırılmışdır.
Ötən dövr ərzində “Naxtel” simsiz telefon şəbəkəsinin əhatəsinin genişləndirilməsi məqsədilə 5 yeni baza stansiyası istifadəyə verilmiş, “Naxtel” üzərindən qısa mesaj (SMS) xidmətinin göstərilməsi üçün avadanlıqlar qurulmuş, digər mobil operatorlarla SMS mübadiləsi təmin edilmişdir. Bundan əlavə, “Naxtel”in toplu SMS xidmət mərkəzi də yaradılmışdır.
Muxtar respublikada bütün yaşayış məntəqələrinin genişzolaqlı internetlə təmin edilməsi məqsədilə cari ilin ilk altı ayında Naxçıvan şəhərində EV-DO texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti təşkil edilmiş, Babək rayonunun Zeynəddin, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Əlincə, Əbrəqunus, Milax və Ləkətağ, Şahbuz rayonunun Kolanı kəndlərində DSLAM avadanlığı qurulmuşdur. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 92 faizində genişzolaqlı internet xidməti təşkil edilmişdir. Bundan əlavə, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası davam etdirilir.
Muxtar respublikanın yaşayış məntəqələrində rəqəmsal televiziya yayımının təmin edilməsi məqsədilə 7 güclü, 30 azgüclü televiziya vericisi istifadəyə verilmişdir. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 94 faizində sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilmişdir.
Cari ilin ötən dövrü ərzində Naxçıvan şəhərinin “İstiqlal” küçəsində 256, B.Abbasov küçəsində 512, Xətai məhəlləsində 320 və Qaraxanbəyli kəndində 512, Şərur rayonunun Alışar kəndində 448, Babək rayonunun Gülşənabad kəndində 256, Culfa rayonunun Yaycı kəndində 384 və Kəngərli rayonunun Qıvraq qəsəbəsində 160 nömrə tutumlu avtomat telefon stansiyaları istismara verilmişdir.
Cari ilin ilk altı ayında muxtar respublikada Elektron İmzanın Sertifikat Mərkəzi yaradılmış və “Elektron imza”nın tətbiqinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar internet saytı yaradılmış, buklet, poçt markası və zərf hazırlanmışdır.
Ümumi uzunluğu 240 km olan Ordubad-Sədərək alternativ fiber-optik magistral kabel xəttinin tikintisi davam etdirilmiş, cari ilin yanvar-iyun aylarında muxtar respublikada, ümumilikdə, 63,2 kilometr uzunluğunda fiber-optik kabel xətlərinin çəkilişi həyata keçirilmişdir.
2014-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 3311 ədəd yeni telefon sabit şəbəkəyə qoşulmuş, 1 iyul 2014-cü il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 67-yə çatmışdır.
2014-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2013-cü ilin müvafiq dövründəki göstəricini 2,1 faiz üstələyərək 23 milyon 337 min manat olmuşdur. Ümumi xidmətlərin 84,6 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 1,2 faiz çoxdur.
Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır. Naxçıvan bu gün elektrik enerjisi ilə təchizat baxımından öz enerji təhlükəsizliyini tam şəkildə təmin edə bilibdir. Hətta ixrac imkanları yaranmışdır”.
Bu sahədə tədbirlərin intensivləşdirilməsi məqsə­dilə 2014-cü il martın 14-də Azərbaycan Respublikasının Prezidenti Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat vəsait ayrılmışdır.
Cari ilin ötən dövrü ərzində Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilmişdir. Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası işləri davam etdirilməkdədir.
Muxtar respublikada 10 ədəd müxtəlif güclü transformator yarımstansiyasının quraşdırılması və 30 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi başa çatdırılmışdır.
Enerji təhlükəsizliyinin əsas tərkib hissəsi kimi istehlakçıların təbii qazla təminatı təsərrüfat fəaliyyətinin inkişafında mühüm rol oynamaqdadır. 1 iyul 2014-cü il tarixə 81 min 517 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Muxtar respublikaya yanacaq-sürtgü materiallarının daşınmasını təmin etmək məqsədilə cari ilin ötən dövrü ərzində Almaniya istehsalı olan 10 ədəd “Man” markalı avtomobil gətirilmişdir. Bundan əlavə, hazırda Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində yanacaqdoldurma məntəqəsinin tikintisi davam etdirilməkdədir.

Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri

Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkar­lığın inkişafı istiqamətində muxtar respublikada mühüm tədbirlər həyata keçirilməkdədir.
İqtisadi aktivliyin yüksəldilməsi məqsədilə sahibkarlara güzəştli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi ötən dövr ərzində də davam etdirilmişdir. 2014-cü ilin yanvar-iyun ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara verilmiş kreditlərin həcmi 2013-cü ilin müvafiq dövrünə nisbətən 21,6 faiz artaraq 28 milyon 626 min 112 manat təşkil etmişdir.
Sahibkarlıq subyektlərinin qeydiyyatı çərçivəsində 2014-cü ilin ilk yarımilində muxtar respublikada 11 hüquqi və 1184 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 349 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 116 növü ərzaq, 233 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 227 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 334 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Cari ilin ilk altı ayında muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 3,4 faiz artaraq 755 milyon 16 min manata, onun hər bir nəfərə düşən həcmi isə 1,8 faizlik artımla 1731 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 382,5 manata çatmışdır ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 2,1 faiz çoxdur.
Muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər görülmüş, “isaxtar.nmr.az” internet saytı yaradılmışdır. Bu saytda muxtar respublikada əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatlar işaxtaranlara çatdırılır.
2014-cü ilin yanvar-iyun aylarında 1655 yeni iş yeri yaradılmışdır ki, bunun da 1599-u və ya 96,6 faizi daimi iş yerləridir.

İstehlak bazarı

Əhalinin alıcılıq qabiliyyətinin dinamik yüksəlişi əmtəə dövriyyəsinin həcminin də genişlənməsini şərtləndirir. 2014-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 519 milyon 105 min manat həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,4 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Cəlilkənd, Dizə, Kürkənd və Diyadin, Babək rayonunun Qoşadizə və Güznüt, Culfa rayonunun Bənəniyar və Şurud, Kəngərli rayonunun Qarabağlar, Şahbuz rayonunun Nursu və Gömür kəndlərində xidmət mərkəzlərinin yaradılması davam etdirilir.

Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublikada xarici ticarətin davamlı olaraq genişləndirilməsi iqtisadi siyasətin əsas istiqaməti kimi saxlanılmışdır.
2014-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 232 milyon 421 min ABŞ dollarına çatmışdır ki, bu da bir il öncəki müvafiq göstəricidən 0,9 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 175 milyon 90 min ABŞ dollarını ixrac, 57 milyon 331 min ABŞ dollarını isə idxal təşkil etmiş və 117 milyon 759 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı hazırkı yüksək iqtisadi aktivliyə paralellik təşkil etməkdədir. Pul əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması üçün cari ilin ilk altı ayı ərzində 398 POS-terminal quraşdırılmış və bu göstərici 1 iyul 2014-cü il tarixə 646-ya çatmışdır. POS-terminallarından geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərməkdədir.
1 iyul 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 30045-ə çatmışdır ki, bunun da 27124-ü və ya 90,3 faizi aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində açılmış 9766 bank hesabının 9711-i və ya 99,4 faizi aktiv hesab olmuşdur.
Cari ilin yanvar ayından etibarən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kənd təsərrüfatı sahəsi və biznes üzrə verilən kreditlərin faiz dərəcələri 15 faizədək endirilmiş, kiçikhəcmli kreditlərin verilməsi prosedurları sadələşdirilmiş, bankın Şərur və Culfa rayon filialları yaradılmışdır. Həyata keçirilən tədbirlər sahibkarların kiçik maliyyə resurslarına olan tələbatlarının ödənilməsi ilə yanaşı, muxtar respublikada kənd təsərrüfatının inkişafına da stimul verəcəkdir.
İqtisadiyyatın tarazlı fəaliyyətini təmin edən, sahibkarları potensial risklərdən qoruyan, iqtisadi inkişaf üçün uzunmüddətli investisiya mənbələrini yaradan səmərəli sığorta sisteminin formalaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. 2014-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 2722,6 min manat olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 235,5 min manat və ya 9,5 faiz çoxdur.

Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Sosial siyasətin mühüm tərkib hissəsi kimi təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri cari ilin ötən dövrü ərzində də diqqət mərkəzində saxlanılmışdır.
İlin əvvəlindən Naxçıvan Özəl Universitetində yeni infrastruktur obyektlərinin tikintisi, Naxçıvan Dövlət Universitetinin əsas korpusunun, Tibb fakültəsində klinik xəstəxananın, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq korpusunun yenidən qurulması, Konservatoriya binasının təmiri davam etdirilmişdir.
Naxçıvan şəhərində 1100 şagird yerlik 11 nömrəli, Culfa rayonunun Əlincə kəndində 252 şagird yerlik, Şahbuz rayonunun Sələsüz kəndində 234 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmış, Ordubad şəhərində 3 nömrəli, Şahbuz şəhərində 2 nömrəli, Şərur rayonunun Diyadin, Babək rayonunun Naxışnərgiz, Ordubad rayonunun Aşağı Əylis kəndlərində məktəb binalarının tikintisi, Babək rayonunun Nehrəm kəndində 2 nömrəli, Kəngərli rayonunun Qarabağlar kəndində 1 nöm­rəli, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Püsyan, Dizə, Kürkənd və Axura, Babək rayonunun Qahab və Qoşadizə, Culfa rayonunun Bənəniyar, Şahbuz rayonunun Nursu və Gömür kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilir.
Babək rayonunun Babək qəsəbəsindəki 242 yerlik uşaq bağçası üçün bina tikilmiş, Şahbuz şəhərində uşaq bağçası binasının tikintisi davam etdirilmişdir.
Naxçıvan şəhərində, Culfa rayonunun Bənəniyar kəndində uşaq musiqi məktəbi binalarının tikintisi, Naxçıvan şəhərinin Qaraçuq kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması davam etdirilmişdir.
Şərur rayonunda Şərur Peşə Liseyi binasının tikintisi davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, həmçinin təhsil hüquqlarının təmin olunması da daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanmış, muxtar respulikada məhdud fiziki imkanlılar üçün distant tədrisin təşkili məqsədilə 25 şagird yerlik texniki avadanlıq alınmışdır.
Səhiyyə sahəsində də görülən işlər davam etdirilmiş, cari ilin ötən dövrü ərzində Kəngərli Rayon Mərkəzi Xəstəxanası yenidən qurulmuş, Culfa rayonunun Əlincə kəndində feldşer-mama məntəqəsinin tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublika Yoluxucu Xəstəliklər Mərkəzinin, Dəri-Zöhrəvi Dispanserinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə və Profilaktika Mərkəzinin tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Dizə və Püsyan, Babək rayonunun Qahab və Güznüt kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Naxçıvan Əlillərin Bərpa Mərkəzinin əsaslı təmiri, Şahbuz rayonunun Nursu kəndində həkim ambulatoriyası binasının yenidən qurulması davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon manat vəsait ayrılmışdır.
2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə ölkə Prezidentinin müvafiq tapşırığı muxtar respublikamızda da uğurla icra olunmuşdur. Bu aksiyanın mütəşəkkil keçirilməsi üçün xüsusi tədbirlər planı hazırlanmış, dispanserizasiya tədbirlərinin effektivliyinə nail olmaq üçün kütləvi informasiya vasitələrində çıxışlar təşkil edilmiş, şəhər və rayon tibb müəssisələrində maarifləndirici seminarlar keçirilmişdir. Bu dövr ərzində muxtar respublikada 273 min 555 vətəndaş tibbi müayinədən keçirilmiş, tibbi müayinə zamanı aşkar olunan ilkin, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilmişlər.
Sosial layihələr çərçivəsində ilin ilk altı ayında yüksək ixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 156 cərrahi əməliyyat, o cümlədən 44 nəfər xəstədə açıq ürək, 1 nəfər xəstədə periferik damar, 6 nəfər xəstədə plastik əməliyyat, 39 nəfər xəstədə göz əməliyyatları aparılmışdır.
2014-cü ilin yanvar-iyun aylarında muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 1 milyon 724 min manatdan artıq həcmdə ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ümumilikdə, bu dövr ərzində 530 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan 88 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanı məhdud olan 166 uşağın müalicəsi təşkil edilmiş, istirahət etmələri üçün sağlamlıq imkanları məhdud olan 47 uşaq Ağbulaq İstirahət Mərkəzinə göndərilmişdir. Sağlamlıq imkanları məhdud 6 uşaq valideynlərinin müşayiəti ilə Latviya Respublikasına, məhdud fiziki imkanlı 6 nəfər Yunanıstan Respublikasına müalicəyə göndərilmiş, 48 nəfər əlil müxtəlif sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 91 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 190 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuş, 14 nəfər əlilin ölkə daxilində müalicəsinə, 32 nəfər əlilin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Ötən dövr ərzində sosial qayğıya ehtiyacı olan 40 nəfərə minik avtomobilləri verilmişdir. İki ailə üçün yaşayış evinin tikintisi hazırda davam etdirilir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, muxtar respublika əhalisinin sayı 1 iyun 2014-cü il tarixə bir il öncəyə nisbətdə 6 min 196 nəfər artaraq 437 min 67 nəfər olmuşdur.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Cari ilin ötən dövrü ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 56 milyon 477 min manatdan çox vəsait yönəldilmişdir. Bu dövr ərzində pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 51 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır. 2014-cü ilin ilk yarımili ərzində Dövlət Sosial Müdafiə Fondunun cəmi daxilolmaları 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz, o cümlədən özəl sektor üzrə 20,2 faiz artmışdır.
Bədən tərbiyəsi və idman infrastrukturu müntəzəm əsasda yaxşılaşdırılmış, Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbi binasının tikintisi, Şərur şəhərində əltopu oyunları idman meydançasının əsaslı təmiri hazırda davam etdirilməkdədir.
Muxtar respublikada tarixi-mədəni irsin qorunması və təbliği, mədəni potensialın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası və bərpası davamlı xarakter almışdır. 2014-cü ilin ilk yarımili ərzində Naxçıvan şəhərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi istifadəyə verilmişdir. Hazırda Dövlət Bayrağı Meydanının və Fəxri Xiyabanın, Naxçıvançay vadisində və Əziz Əliyev küçəsində parkların tikintisi davam etdirilir.
Ordubad şəhərində Akademik Yusif Məmmədəliyevin ev-muzeyinin yenidən qurulması başa çatdırılmış, Şərur rayonundakı Cəlilkənddə Cəlil Məmmədquluzadənin xatirə muzeyinin tikintisi, Şahbuz rayonunun Nursu kəndində Məmməd Arazın ev-muzeyinin, Şərur rayonunda Cəlilkənddə mədəniyyət evinin yenidən qurulması, Culfa rayonundakı Əlincəqala tarixi abidəsinin, Ordubad şəhərində və Şərur rayonundakı Cəlilkənddə Buzxana tarix-memarlıq abidələrinin, Culfa rayonunda Gülüstan türbəsinin bərpası davam etdirilmişdir.
Ordubad rayonunun Yuxarı Əylis kəndində məscidin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində məscidin tikintisi hazırda davam etdirilir.
Naxçıvan şəhərində hamam kompleksinin tikintisi davam etdirilmişdir.
Muxtar respublikada gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda böyüməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzində saxlanılır. Cari ilin ötən dövrü ərzində Naxçıvan şəhərində istifadəyə verilmiş Gənclər Mərkəzi gənclərin xüsusi layihələr vasitəsilə muxtar respublikada aparılan quruculuq tədbirlərinə cəlbi və asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir.
Muxtar respublikada turizm potensialının mövcud imkanlarından səmərəli istifadə edilmiş, 2014-cü ilin ötən dövrü ərzində Uzunoba Su Anbarında yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyi istifadəyə verilmişdir. 2014-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 174 min 512 nəfər turist gəlmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 2,6 faiz və ya 4 min 455 nəfər üstələyir.

Hüquq-mühafizə orqanları ilə iş

2014-cü ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Sədərək Rayon Şöbəsinin inzibati binasının və texnika parkının tikintisi davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binaları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Şərur Rayonlararası Müayinə Mərkəzi tikilərək istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzi, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati binaların və anbar kompleksinin tikintisi davam etdirilir.
Aparılan təhlillər deməyə əsas verir ki, muxtar respublikada əldə edilmiş davamlı və tarazlı inkişaf həyata keçirilmiş məqsədyönlü sosial-iqtisadi islahatların məntiqi nəticəsidir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR