22 Dekabr 2024, Bazar

2014-cü ilin birinci yarısı arxada qalıb. Bu dövrdə muxtar respublikada fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarla yanaşı, bank qurumları da yaradılan şəraitdən səmərəli istifadə etməyə səy göstərərək bank xidmətlərinin səviyyəsini yüksəltməyə çalışıb, bir sıra uğurlar qazanıblar. Bütün bunlar və qarşıda duran vəzifələr barədə suallarımızı Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin Kredit təşkilatlarına nəzarət şöbəsinin rəisi Şəmsəddin Sevdimalıyev cavablandırır.
– Hər bir ölkənin iqtisadiyyatının inkişaf etdirilməsində bankların üzərinə mühüm vəzifələr düşür. Həmin vəzifələrin yerinə yetirilməsində isə kredit qoyuluşları xüsusi əhəmiyyətə malikdir. Muxtar respublikada bu məsələ öz həllini necə tapıb?
– Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 94 milyon 400 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 14 milyon 186 min manat, uzunmüddətli kredit qoyuluşu isə 80 milyon 214 min manat təşkil edir.

Mərkəzi Bankın kreditləşmədə əsas məqsədi aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarın müdafiəsi, kiçik və orta sahibkar­lığın inkişafına nail olmaqdır. Eyni zamanda muxtar respublika əhalisinə verilmiş 11 milyon 815 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 3 milyon 835 min manat məbləğində verilmiş ipoteka kreditləri, 2 milyon 301 min manat məbləğində avtomobil kreditləri vasitəsilə vətəndaşların rifahının artırılması ilə bərabər, real sektor da dəstəklənmişdir.
Muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən 2014-cü ilin ilk 6 ayı ərzində 28 milyon 626 min manat kredit verilmişdir ki, bunun 9 milyon 749 min manatı qısamüddətli, 18 milyon 877 min manatı isə uzunmüddətli kreditlər olmuşdur. Verilmiş kreditlərin 8 milyon 404 min manatı kənd təsərrüfatı, 2 milyon 234 min manatı sənaye, 6 milyon 300 min manatı tikinti, 2 milyon 279 min manatı kommersiya, 15 min manatı nəqliyyat sahələrinə, 1 milyon 963 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 7 milyon 431 min manatı digər kommunal, sosial və istehlak kreditlərinin verilməsinə yönəldilmişdir.
Cari ilin ilk 6 ayı ərzində verilmiş kreditlərin 29,4 faizindən çoxunu – 8 milyon 404 min manatını kənd təsərrüfatı kreditləri təşkil edir. Kənd təsərrüfatı kreditləri ənənəvi istehsal və kiçik emal sahələrinin dirçəlməsində də əhəmiyyətli rol oynayır.
Bu kreditlər, əsasən, prioritet sayılan və muxtar respublikada qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrasına uyğun istehsal proseslərinin təmin edilməsi üçün çoxsaylı komponentlərə – toxum və əkin materiallarının, kiçik emal avadanlıqlarının alınmasına, digər aqrotexniki tədbirlərin aparılmasına, heyvandarlığın inkişafına yönəldilmişdir.
Verilmiş kreditlərin 33,9 faizini kiçikhəcmli kreditlər təşkil edir. Gələcəkdə belə kreditlərin verilməsinin həcminin artırılması istiqamətində lazımi işlər aparılır.
– Banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılan bank hesablarında artım varmı?
– Əvvəlcə onu deyim ki, ötən dövr ərzində muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmişdir.
Banklar tərəfindən 2014-cü ilin ilk 6 ayı ərzində 2218 hüquqi, 27 min 827 fiziki şəxs olmaqla, 30 min 45 müştəriyə xidmət göstərilmişdir. Bu hesabların 27 min 124-ü işlək hesab olmuşdur ki, onların 1295-i hüquqi, 25 min 829-u fiziki şəxslərə məxsusdur.
Adıçəkilən dövr ərzində 70 hüquqi, 9696 fiziki olmaqla, 9766 müştəriyə yeni bank hesabı açılmışdır. Açılmış bank hesablarının 9711-i fəaliyyət göstərir ki, onların 70-i hüquqi, 9641-i fiziki şəxslərə aiddir.
Açılmış bank hesablarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 5474 ədəd artmışdır.
– Əsassız nağd ödənişlərinin qarşısının alınması və emissiyanın artım tempinin aşağı salınması istiqamətində hansı tədbirlərə üstünlük verirsiniz?
– Əsassız nağd ödənişlərə yol verməmək üçün müəssisə və təşkilatlara, xüsusilə tikinti materiallarını qonşu xarici ölkələrdən alan qurumlara aldıqları mal və avadanlıqların dəyərinin istənilən valyuta növündə köçürülməsi təklif olunmuş, xarici valyutanın konvertasiyası haqları minimuma endirilmiş, akkreditiv forması, avans ödənilməklə və digər müqavilə şərtlərinə uyğun olaraq, xarici ölkələrə mal və avadanlıqların dəyərinin ödənilməsi üçün 4 milyon 793 min avro, 21 milyon 812 min ABŞ dolları, 5 milyon 29 min rus rublu, 11 milyon türk lirəsi köçürülmüş, 90-180 gün müddətində avadanlıqların alınıb muxtar respublikaya gətirilməsinə nəzarət olunmuş, gömrük bəyannamələri alınmışdır.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar tərəfindən bankların əməliyyat kassalarına daxil olan nağd pul hasilatını artırmaq və emissiyanın artım tempinin aşağı salınması istiqamətində də bir sıra işlər görülmüşdür.
Muxtar respublika üzrə bankların emissiya göstəriciləri 56,6 faiz təşkil etmiş və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz azalmışdır.
2014-cü ilin 6 ayı ərzində Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 247 milyon 734 min manat nağd pul dövriyyəyə buraxılmışdır ki , bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 milyon 592 min manat və ya 7,7 faiz azalma deməkdir. Bu isə onu göstərir ki, muxtar respublikada fəaliyyət göstərən bankların kassasına daxil olan nağd pulun həcmi artmış, xidmət olunan müəssisə və təşkilatların nağd pula olan tələbatı isə azalmışdır.
– Bu gün elektron ödəniş xidmətlərindən istifadənin aktivliyini yüksəltmək üçün hansı işlər görülür?
– Nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, innovativ ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması və elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilmiş, dövlət təşkilatlarında əhaliyə göstərilən xidmətlər üzrə rüsum və xidməthaqlarının nağdsız ödəniş vasitələri ilə ödənilməsi imkanları artırılmışdır. Artıq muxtar respublikada ödəniş kartları vasitəsilə vergi və rüsumların, Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumların, gömrük rüsumlarının, Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələrinə sosial sığorta haqlarının, mobil və stasionar telefonların abunə və danışıq xərclərinin ödənilməsinin elektron ödəniş formasında aparılması təmin edilmişdir.
Vətəndaşlar tərəfindən kommunal xərclərin ödəniş kartları vasitəsilə ödənilməsi üçün 2014-cü ilin ilk 6 ayı ərzində 398 ədəd, o cümlədən “Naxçıvanqaz” İstehsalat Birliyində 39 ədəd, “Naxçıvanpoçt” MMC-də 12 ədəd, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi qurumlarında 10 ədəd POS-terminal quraşdırılmışdır. Bəhs olunan dövrdə POS-terminal və digər ödəniş sistemləri vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 3 milyon 769 min manat təşkil etmişdir.
Ödəniş sistemlərinin inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılmış, 1 iyul 2014-cü il tarixə onların sayı 646 ədəd olmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 459 ədəd artmışdır.
Bu tədbirlərin həyata keçirilməsi nağd pul dövriyyəsinin məhdudlaşdırılmasına, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə təsir göstərən əsas amillərdən biridir.
Elektron ödəniş vasitələrindən, POS-terminallardan istifadənin aşağı olduğu nəzərə alınaraq bu sahənin inkişafına bundan sonra da xüsusi diqqət yetirilməsi nəzərdə tutulmuşdur.
– Vətəndaşlara göstərilən bank xidmətlərində hansı yeniliklər var?
– Vətəndaşlara göstərilən bank xidmətinin səviyyəsini yüksəltmək məqsədilə 92 ədəd bankomatla xidmət göstərilmiş, o cümlədən 53-ü Naxçıvan şəhərində, 39-u isə rayon mərkəzlərində və böyük kənd yaşayış məntəqələrində olmaqla, muxtar respublika əhalisi tamamilə bu xidmətlə əhatə olunmuşdur. Eyni zamanda əlavə bankomatların gətirilərək böyük kəndlərdə qurulması istiqamətində işlər aparılır.
Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı ötən ilin müvafiq dövründə 173 min 378 ədəd təşkil edirdisə, hazırda elektron ödəniş kartı alanların ümumi sayı 193 min 696-ya çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 min 318 ədəd artım deməkdir.
Nağdsız hesablaşmalara keçidlə əlaqədar olaraq əməkhaqqı, pensiya və digər sosial ödəmələrin ödəniş kartları ilə verilməsi ilə yanaşı, büdcə və büdcədənkənar xərclərin aparılmasında 100 faiz hüquqi şəxslərə verilən korporativ kartlardan istifadə olunur.
2014-cü ilin birinci yarısında “Naxçıvanbank” ASC-nin Naxçıvan şəhər, Şərur və Culfa rayon filialları yaradılmış, hal-hazırda həmin filiallar vasitəsilə vətəndaşlara yüksək səviyyəli bank xidməti göstərilir.
Muxtar respublikada fəaliyyət göstərən 16 bank qurumunun hamısında 19 növ təcili pul köçürmələri sistemi fəaliyyət göstərir. 2014-cü ilin əvvəlindən təcili pul köçürmələri vasitəsilə dünyanın 43-dən çox ölkəsindən muxtar respublika sakinlərinin adına 2 milyon 277 min ABŞ dolları məbləğində pul köçürülmüş və banklar vasitəsilə vətəndaşlara ödənilmişdir.
Bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 5 milyon 706 min manat, o cümlədən xarici valyuta ilə 1 milyon 385 min manat təşkil etmişdir. Banklara qoyulan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 62 min manat artmışdır. Banklara qoyulan əmanətlər üçün müddətindən və növündən asılı olaraq 4 faizdən 18 faizədək illik faiz ödənilir.
Muxtar respublikada Mərkəzi Bankın lisenziyası ilə 23 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir. Bu şöbələrdə əhaliyə xarici valyuta mübadiləsi və digər xidmətlər göstərilir.
– Qarşıda duran vəzifələr barədə nə deyə bilərsiniz?
– Açılmış bank hesablarının aktiv fəaliyyət göstərməsi və nağdsız hesablaşmalara keçidin sürətləndirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək, muxtar respublikanın şəhər və rayon mərkəzlərində, böyük kənd yaşayış məntəqələrində bankomat və POS-terminalların quraşdırılması davam etdiriləcək.
Əməkhaqqı və pensiyaların ödəniş kartları ilə ödənilməsi, xidmət və ticarət obyektlərində POS-terminalların quraşdırılması, alğı-satqı əməliyyatları zamanı nağdsız hesablaşmalardan geniş istifadə üçün POS-terminallardan səmərəli istifadənin təmin edilməsi və nağd pul dövriyyəsinin həcmini azaltmaq məqsədilə tədbirlər görülməsi, POS-terminallardan istifadənin genişləndirilməsi üçün mətbuat, tele­viziya və digər vasitələrlə müvafiq təbliğat işlərinin aparılmasının təmin edilməsi də qarşıda duran vəzifələr sırasındadır.
Elektron ödəniş məkanının formalaşdırılması, kütləvi kommunal xidmət göstərən təşkilatların elektron ödəniş imkanlarının yaradılması, özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədilə verilən kreditlər, eyni zamanda kənd təsərrüfatı kreditləri xüsusi nəzarətdə saxlanılacaq, onların çoxsahəli və səmərəli olması təmin ediləcək, kreditlərin verilməsində daha münasib faiz dərəcələri tətbiq olunacaq, verilmiş kreditlərin vaxtında qaytarılması, vaxtıkeçmiş kreditlərin ödənilməsi üçün müvafiq tədbirlər görüləcək.
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında 2014-cü ilin ikinci yarısında muxtar respublikada fəaliyyət göstərən bütün bank qurumlarının da qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirmək üçün bütün mövcud imkanlardan, yaradılan şəraitdən səmərəli istifadə etməklə muxtar respublika əhalisinə göstərilən bank xidmətlərinin daha yüksək səviyyədə təşkilinə çalışacağıq.

Müsahibəni apardı: Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR