22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərinin Qaraçuq kəndi muxtar respublikanın böyük yaşayış məntəqələrindən biridir. 1250 təsərrüfatda 4200 sakinin yaşadığı inzibati ərazi dairəsinin tərkibində Bulqan kəndi də var. Qaraçuqda 1970-ci ildə məktəb, icra nümayəndəliyi, həkim ambulatoriyası, musiqi məktəbi üçün binalar istifadəyə verilib.
Ötən müddətdə kənd xeyli böyüyüb, əhalinin sayı artıb. Bütün bunlar kənddə fəaliyyət göstərən təşkilatlara müasir iş şəraiti yaradılması zərurətini ortaya qoyub. Odur ki, mart ayından başlayaraq Qaraçuqda bir sıra quruculuq işlərinə start verilib. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları kənddə məktəb binasının, həkim ambu­latoriyasının yenidən qurulması, musiqi məktəbi, kənd və xidmət mərkəzləri üçün yeni binaların tikintisi ilə məşğuldurlar. Böyük ti­kinti meydançasını xatırladan kənddə inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Novruz­ovla görüşdük.

O, Qaraçuqda aparılan kompleks quruculuq tədbirlərinə görə kənd adamları adından dövlətimizə dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, Qaraçuq camaatı görülən bu işləri onlara göstərilən böyük dövlət qayğısı kimi dəyərləndirir. İcra nümayəndəsi ilə birlikdə tikinti obyektlərində olduq. İnşaat işlərini həyata keçirən idarənin rəisi Novruz Qalayev bildirdi ki, layihəyə əsasən, 630 şagird yerlik məktəb binasının bir korpusu 3, iki korpusu isə zirzəmi ilə birlikdə dördmərtəbəlidir. İnşaatçılara yaradılan şərait obyektdə tikinti işlərini vaxtında və keyfiyyətlə həyata keçirməyə imkan verib. Ötən dövr ərzində inşaat işlərinin böyük bir qismi başa çatdırılıb. Həmin tədbirlər yaxınlıqda inşa olunan musiqi məktəbinin binasında da həyata keçirilib.
Qaraçuq sakinlərinin sağlamlığı keşiyində dayanacaq həkim ambulatoriyası binasının yenidən qurulması da sürətlə davam etdirilir. İki mərtəbədən ibarət olacaq binada ağxalatlı peşə sahibləri üçün müasir iş şəraiti yaradılacaq.
Yaxınlıqdakı digər bir obyekt isə xidmət mərkəzi üçün nəzərdə tutulub. Burada ərzaq, sənaye malları mağazaları, ət satışı dükanı fəaliyyət göstərəcək.
Yeni tikililər sırasında Qaraçuq Kənd Mərkəzinin binası da var. Burada icra nümayəndə­liyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, mədəniyyət evi və digər qurumların normal fəaliyyəti təmin ediləcək.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin rəisi Novruz Qalayev onu da bildirdi ki, yeni obyektlərin yaxınlığında yerləşən evlərin həyət divarları da yenidən işlənir. Quruculuq tədbirləri başa çatdıqdan sonra obyektlərin yerləşdikləri ərazilərdə abadlıq işləri aparılacaq, kəndarası yollara qara örtük salınacaq.
Kəndə gəlmişkən burada aparılan qurucu­luq tədbirlərinə Qaraçuq sakinlərinin münasibətlərini öyrəndik. Kənd sakini Murad Əliyev bildirdi ki, quruculuq işlərinin aparılması hər bir qaraçuqlunu ürəkdən sevindirir. Çünki bu ünvanlardan hər birimiz istifadə edəcəyik. Həmin obyektlərdə çalışanlara yaradılan şərait bu ünvanlarda əhaliyə göstərilən xidmətin də səviyyəsinin yüksəldilməsinə müsbət təsirini göstərəcək.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR