Muxtar respublikada sahibkarlığın inkişafında başlıca amil bu sahəni bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevirmək və bu məqsədlə müvafiq tədbirlər həyata keçirməkdir. Burada, ilk növbədə, sahibkarlara güzəştli şərtlərlə maliyyə dəstəyinin göstərilməsini qeyd etmək lazımdır. 2014-cü ilin birinci yarısında bank və kredit təşkilatları tərəfindən sahibkarlara verilmiş kreditlərin həcmi 2013-cü ilin müvafiq dövrünə nisbətən 21,6 faiz artaraq 28 milyon 626 min 112 manat təşkil edib.
Sahibkarlıq subyektlərinin qeydiyyatı çərçivəsində bəhs olunan dövrdə muxtar respublikada 11 hüquqi və 1184 fiziki şəxs qeydiyyata alınıb.
Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 349 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 116 növü ərzaq, 233 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 227 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 334 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib.
Cari ilin ilk 6 ayında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 755 milyon 16 min manata, onun hər bir nəfərə düşən həcmi isə 1,8 faizlik artımla 1731 manata çatıb. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 382,5 manat təşkil edib.
Muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər də bəhs olunan dövrdə davam etdirilib, “isaxtar.nmr.az” internet saytı yaradılıb. Bu saytda muxtar respublikada əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatlar işaxtaranlara təqdim edilir.
Məlumat üçün onu da bildirək ki, 2014-cü ilin ilk 6 ayında muxtar respublikada 1655 yeni iş yeri yaradılıb. Bunun da 1599-u və ya 96,6 faizi daimi iş yerləridir.
Xəbərlər şöbəsi