Muxtar respublikamızda üstün istiqamət verilən əkinçilik sahələrindən biri taxılçılıqdır. Hərtərəfli qayğı ilə əhatə olunan torpaq mülkiyyətçiləri, sahibkarlar taxılçılıqda qazanılan uğurları ilbəil artırırlar.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, 2014-cü ilin məhsulu üçün 35749,7 hektar sahədə taxıl əkilib. Bunun da 29697,7 hektarı payızlıq, 6052 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 425,7 hektar çoxdur.
Taxıl zəmilərinin 26274,1 hektarında buğda, 9475,6 hektarında isə arpa əkilib. Sahələrdə bol məhsul yetişdirilib. İyul ayının 14-dək olan məlumata görə, 26 min 617 hektar sahənin taxılı tədarük olunub. Hazırda taxıl biçini davam edir. Rayonlarda yaradılmış qərargahlar məhsul istehsalçılarının çətinliklərlə rastlaşmamaları üçün bütün lazımi tədbirləri həyata keçirirlər. Onu da qeyd edək ki, əkin sahələrində 84 kombayndan istifadə olunur.
Taxıl biçini haqqında məlumat, hektarla
Taxılın məhsuldarlıq göstəricisi muxtar respublikanın şəhər və rayonları üzrə bir hektardan orta hesabla 20-31 sentner intervalında müşahidə olunmaqdadır. Əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri belə deməyə əsas verir ki, taxıl biçini itkiyə yol verilmədən mütəşəkkil qaydada başa çatdırılacaq.