Bu il Sədərək rayonunda kənd təsərrüfatı məhsulları istehsalı sahəsində daha böyük uğurlar əldə ediləcək
Sədərəklilər tarixən su sarıdan korluq çəkmiş, illərlə istər içməli, istərsə də suvarma suyu problemi ilə üzləşmişlər. Bura həmişə suyu çatışmayan bölgə hesab olunmuşdur. Baxmayaraq ki, yaxınlığından Araz boyda çay axır. Amma nə olsun ki, bu yurdun sakinləri əsrlərlə Arazın sularına həsrətlə baxıblar. Muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərindən Sədərək rayonuna da pay düşmüş, sədərəklilərin bu problemi də öz həllini tapmışdır.
Sədərək rayonunda yaradılan dördpilləli nasos stansiyaları adi suvarma sistemlərindən biri deyil, əsl möcüzədir. Sahələrə birbaşa su çıxarmaq mümkün olmadığı üçün Sədərəyin torpaqları bu üsulla suvarılır. Düzdür, bu ərazidə subartezian quyuları da qazılıb. Amma əsas güc, bir qayda olaraq, dördpilləli nasos stansiyasının üzərinə düşür.
Dördpilləli nasos stansiyası keçən əsrin 70-ci illərində inşa edilib. 80-ci illərin dağıdıcı prosesi onu da iflic vəziyyətinə salmışdı. Nəticədə, bir neçə il Sədərəkdə əkin sahələri susuz qalıb, torpaq cadar-cadar olub.
Əvvəlki nasos stansiyada çatışmayan cəhət Araz çayında suyun səviyyəsinin enməsi ilə bağlı idi. Elə olanda nasos stansiyası tam gücü ilə işləyə bilmirdi. Buna görə böyük həcmdə əsaslı təmir və yenidənqurma işlərinə ehtiyac duyulurdu. Onu da məhz muxtar respublikamızda aparılan quruculuq tədbirləri sayəsində həyata keçirmək mümkün oldu. Dövlət qayğısı ilə burada əsaslı təmir və yenidənqurma işləri aparılıb, dördpilləli nasos stansiyası yenidən işə salınıb. Bu gün “Sədərək-0”, “Sədərək-1”, “Sədərək-2”, “Sədərək-3” və “Sədərək-4” nasos stansiyaları hesabına 3 min hektardan artıq torpaq sahəsi suvarma suyu ilə təmin edilib. Bu da həmin sahələrdə bol kənd təsərrüfatı məhsulları yetişdirməyə imkan verir. Arpaçay dəryaçasından sağ sahil kanalı ilə gələn su da Sədərək torpaqlarına həyat bəxş edir.
Bəli, “su həyatdır” deyiblər. O, maddi nemətlərin istehsalında, təsərrüfat işlərinin genişləndirilməsində, mədəni-məişət şəraitinin yaxşılaşdırılmasında həlledici rol oynayır. Nə insan, nə də təbiət susuz yaşaya bilər. Su göydən də yağır, yerdən də çıxır. Bulağa, çaya dönüb çağlayır, cümlə cahana həyat bəxş edir. Amma bəzən susuzluq fəlakət həddinə çatır. Odur ki, suyun qədrini bilmək, ondan səmərəli şəkildə bəhrələnmək lazımdır. Yalnız beləliklə dünyanı yaşıllığa qərq etmək, gülüstana çevirmək, həm də həyati ehtiyacları ödəmək mümkündür.
İki il əvvəlin söhbətidir. 2012-ci ilin may ayı idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydərabad qəsəbəsində rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışından sonra Sədərək kəndinə gələrək kənd sakinləri ilə görüşdü. Söhbət zamanı kənd ağsaqqallarından biri Sədərəkdə əkin suyu probleminin hələ də yaşandığını söylədi, muxtar respublika rəhbərindən bu məsələnin həllinə köməklik göstərməsini xahiş etdi.
Rəhbər qətiyyəti kara gəldi. Ali Məclisin Sədri rayonda həyata keçiriləcək digər quruculuq tədbirləri ilə yanaşı, Sədərək rayonunda irriqasiya işlərinin təkmilləşdirilməsi məqsədilə Araz çayından qidalanan Şir arxının üzərində yeni nasos stansiyasının da tikilməsi tapşırığını verdi.
Keçən ilin fevral ayında “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları yeni nasos stansiyasının tikintisinə başladılar.
Artıq yeni nasos stansiyası istifadəyə verilib. Bu da imkan verir ki, Sədərək rayonunda əkinəyararlı torpaqların 40 faizi dayanıqlı suvarma suyu ilə təmin olunsun. Eyni zamanda yeni nasos stansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qatılıb. Görülən bu işlər kənd təsərrüfatının inkişafına, məhsul istehsalının çoxalmasına və rayonda əhalinin məşğulluğunun təmin olunmasına imkan verir.
Təbii ki, yeni nasos stansiyasının tikintisi Sədərəkdə su təminatının xeyli yaxşılaşdırılmasına səbəb olub. Nasos stansiyasında 1-i ehtiyat olmaqla, 3 nasos quraşdırılıb. Hər birinin gücü 550 kilovat-saat olan nasosların su sərfi saatda 1800 kubmetrdir. Ərazidə suqəbuledici hovuz tikilib. Kanaldan hovuza daxil olan su nasoslar vasitəsilə diametri 800 millimetrlik təzyiqli boru xəttinə vurulur. Təzyiqli boru xəttinin üzərində 6 suburaxıcı vardır. Həmçinin 1941 metr uzunluğunda müxtəlifdiametrli paylayıcı boru xətləri çəkilib, 73 ədəd suötürücü qapı qoyulub. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün ərazidə transformator quraşdırılıb, 3700 metr uzunluğunda elektrik xətti çəkilib.
Yeni nasos stansiyasının açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Muxtar respublikada irriqasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində icra olunan bu layihələr kənd təsərrüfatı sahəsində çalışanların qarşısında yeni vəzifələr qoyur. Belə ki, Sədərək rayonunda yeni əkin dövriyyəsinə qatılan torpaq sahələrindən səmərəli istifadə olunmalı, özəl, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların əkilməsi diqqət mərkəzində saxlanılmalıdır”. Yeni nasos stansiyasının istifadəyə verilməsi rayon sakinlərinin böyük sevincinə səbəb olub. Onlardan bir neçəsinin ürək sözlərini dinlədik. Kənd ağsaqqalı Sadıq Şahhüseynovun dediklərindən:
– Vallah, yatsaydım, yuxuma da girməzdi ki, bir vaxt gələcək, Şir arxından çöllərimizə, kəndimizə, məhəlləmizə su gələcək. Ata-babalarımız kimi, biz də əkin suyundan çox əziyyət çəkmişik. Neçə illərdir, həyətimizdə meyvə-tərəvəz yetişdirə bilmirdik. Həyət-bacamız, necə deyərlər, od tutub yanırdı. Gözlərimiz baxa-baxa əkdiyimiz tinglər, saldığımız şitillər quruyur, əməyimiz hədər gedirdi. Bu ildən bizim də üzümüzə gün doğdu.
Kənd ağsaqqalı Cəlil Əliyev söhbətə qoşulur:
– Sadıq kişi, niyə demirsən ki, dünyaya meydan oxuyan sovet dövlətinin var-karı başından aşsaydı da, 70 il ərzində səsimiz-ünümüz heç yerdə eşidilmədi. İndi tikan-qanqal basan, cadar-cadar olan, ilanmələyən çöllərimiz gülüstana dönür. Bütün bunlar müstəqilliyimizin bəhrələridir. Bax insanın qayğısına belə qalarlar. Odur ki, əlimiz, dilimiz daim duadadır. Allah Prezidentimizin və Ali Məclis Sədrimizin ömürlərini duz dağına döndərsin.
Kənd sakini Əsgər Əliyev də fərəhini gizlətmədi:
– Pay torpağımızı alandan əkmirdik. Neçə illər sahəmizə gedib məlul-məlul baxıb geri qayıtmışam. Nəhayət, bizim pay torpağımıza da su gəldi. Yaşlı olmağıma baxmayın, hələ özümü gümrah hiss edirəm. Nasos stansiyası işə düşən gündən çiynimdə bel sahədəyəm. Suyun hesabına tarlamı cənnətə döndərəcəyəm. Mənim kimiləri kəndimizdə çoxdur. Sizə zarafat gəlməsin, daha 1500 hektar torpağımız suvarma suyu ilə təmin edilib. İndi oğul istəyirəm ki, əl-qolunu çırmalayıb işə girişsin. Elə belə də olacaq. Çoxdan bu günü gözləyirdik.
İndi hər yerdə olduğu kimi, Sədərəkdə də işlərin qızğın çağıdır. Yem bitkiləri toplanır, kartof, meyvə tədarük edilir, taxıl zəmilərində biçin aparılır, bostan-tərəvəz sahələrində becərmə işləri sürətlə davam etdirilir. Burada, əlbəttə, su təsərrüfatı işçilərinin də üzərinə mühüm vəzifələr düşür. Odur ki, biz Sədərək Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məmməd Məmmədovla da görüşdük, bu sahədə işin təşkili ilə maraqlandıq. M.Məmmədov dedi:
– Kəndi, il boyu əkilib-becərilən torpaq sahələrini susuz təsəvvür etmək mümkün deyil. Ona görə də çalışırıq ki, kanal və ona xidmət edən qurğular daim saz vəziyyətdə olsun. Yaxşı bilirik ki, hər hansı bir nasazlıq və ya fasilə yaranarsa, o zaman işin ümumi ahəngi pozulur, kimsə narazı qalır, sahələr sudan korluq çəkir. Bu isə yolverilməzdir.
Rayonumuzda su təsərrüfatı işçiləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Suvarma kanallarının və arxların lildən təmizlənməsi, daşqın və sel sularına qarşı mübarizə, daş-beton bəndlərin təmiri, həyətyanı və əkin sahələrinin suvarılması, rayon əhalisinin içməli suya olan tələbatının ödənilməsi və idarəmizin funksiyasına aid olan digər bütün işlər həm 2013-cü ildə, həm də cari ilin indiyədək olan dövründə lazımi səviyyədə yerinə yetirilib.
Son vaxtlar su probleminin həlli ilə əlaqədar rayonda xeyli iş görüldüyünü bildirən həmsöhbətim dedi ki, 6 nasos stansiyasında 22 nasos aqreqatından 19-u təmir olunub. Cari ilin ilk 5 ayında hidrotexniki qurğularda, nasos stansiyalarında 12 min 252 manatlıq əsaslı və cari təmir işləri aparılıb. Rayonda 5 suvarma kanalının ümumi uzunluğu 32 min metrdir. Bu il 7 min 891 metr uzunluğunda kanalın lili təmizlənib. Bundan əlavə, bölgədə 90 kilometr uzunluğunda suvarma arxları mövcuddur ki, onların da təmizlənməsi diqqət mərkəzində saxlanılır.
İdarə rəisi fikrini belə tamamladı:
– Kənd adamı üçün ən böyük sevinc yüksək nəticə, götürdüyü bol məhsuldur. Suvarmanın keyfiyyətli təşkili, fermerlərlə, sahibkarlarla qarşılıqlı, əlbir fəaliyyət öz bəhrəsini verir. Bu il Sədərək rayonunda kənd təsərrüfatı məhsulları istehsalı sahəsində daha böyük uğurlar əldə ediləcəkdir. Artıq ilk nəticələr məlumdur. Məsələn, kartof, meyvə, yem bitkiləri məhsulları istehsalı ötən illərin müvafiq dövrü ilə müqayisədə xeyli yüksəlib. Bu isə bizim sevincimizi ikiqat artırır. Deməli, dövlət qayğısı, həmçinin zəhmətimiz hədər getmir. Xüsusilə üzərində yeni nasos stansiyası inşa olunan Şir arxı bolluq, bərəkət mənbəyidir.
Bu günümüz üçün gərəkli, dövlətimizin daim diqqət mərkəzində olan bir məsələ barədə söz açdıq; özü də sərhəd rayonunun timsalında. Sədərəklilər nikbindir. Çünki görülmüş işlər var, yerinə yetirilmiş vəzifələr var. Tarlalarda yetişdirilən bol məhsul da dediklərimizi təsdiq edir.
Cəfər ƏLİYEV