Hər bir ölkənin müstəqil iqtisadi siyasət yeridə bilməsi üçün beynəlxalq iqtisadi əməkdaşlığın bütün mümkün formalarından istifadə olunması əsas şərtdir. Ölkənin və regionun beynəlxalq əmək bölgüsündə tutduğu yerə görə digər dünya ölkələri ilə inteqrasiya əlaqələrinə girməsi, son nəticədə, onun beynəlxalq aləmdə nüfuzunu artırıb ona etibarlı partnyorlar qazandıran və birgə layihələrdə və siyasi arenada söz sahibinə çevrilməsinə imkan yaradan ən mühüm amillərdən biridir.
Beynəlxalq iqtisadi inteqrasiya ölkələr arasında əmtəə və xidmətlərin sərbəst mübadiləsi, kapitalın və iş qüvvəsinin azad hərəkəti, birgə iqtisadi, elmi-texniki layihələrin həyata keçirilməsinə əsaslanır. Bunun vasitəsilə dünya dövlətləri iqtisadi inteqrasiya yolu ilə öz istehsal güclərini, istehsalın səmərəliliyini və bütün bunların nəticəsində isə əhalinin rifahını yüksəltməyə səy göstərirlər. Müstəqillik dövründə Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyasında çox böyük nəticələr əldə olunmuşdur. İndi artıq ölkəmiz iri regional ittifaqlarda təmsil olunmaqda, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdədir. Bu istiqamətdə görülən işlər isə, ilk növbədə, ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaratmaqla sahibkarlığı inkişaf etdirməyə, iqtisadiyyatın perspektivli sahələrinə daxili və xarici investisiyalar cəlb olunmasına, qeyri-neft sektorunun inkişafına imkan vermişdir.
Xarici iqtisadi əlaqələr müasir dövrdə iqtisadi və mədəni inkişafın mühüm göstəricilərindən biri hesab olunur. Xarici ölkələrlə yaradılan hər bir əməkdaşlıq, son nəticədə, ölkənin qlobal rəqabət mühitindəki yerinə təsir edən bir amil kimi çıxış edir və bu, ölkənin investisiya cazibədarlığını müəyyən edən mühüm amillərdən biridir. Bu da, öz növbəsində, ölkədə və onun regionlarında biznes mühitinin daha da dərinləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Məhz beynəlxalq rəqabətin təsiri altında xüsusi iqtisadi zonalar, sənaye şəhərcikləri, texnoparklar, biznes-inkubatorlar yaradılır, məsləhət, informasiya təminatı təşkil edilir, beynəlxalq iqtisadi əməkdaşlığın xüsusi bir növü olan beynəlxalq turizm həm gəlmə, həm də getmə turizm tiplərində sürətlə inkişaf etdirilir. Bunun üçün ən mühüm amillərdən biri regionun malik olduğu istehsal-iqtisadi və rekreasiya imkanlarının onun coğrafi və geostrateji mövqeyi ilə dəstəklənməsidir. Əgər ölkədə siyasi sabitlik yaradıb onun bu potensialını dünya iqtisadiyyatına inteqrasiya etdirmək zamanın tələbidirsə, bu potensialdan maksimum səmərə ilə istifadə edib həyat səviyyəsinin yüksəldilməsinə yönəldilən hər bir addım da burada yaşayan insanların tələbidir. Konkret olaraq, buna Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası timsalında nəzər salsaq, görərik ki, regionda işgüzar fəallıq artıb həyat səviyyəsi yüksəldikcə tələbatların ödənilməsi üçün regionun idxal və ixrac proseslərinin də payı artmaqdadır. Belə ki, muxtar respublikadakı istehsal müəssisələri qısa bir müddət ərzində öz fəaliyyətində yeni texnologiyaların tətbiqi və xarici bazarlara çıxış məsələlərində mühüm bir irəliləyiş qət etmişdir. Yaxın keçmişə nəzər salsaq, görərik ki, ölkəmiz müstəqillik əldə etdikdən sonrakı ilk dövrlərdə əhalinin artan tələbatlarının ödənilməsi məqsədilə regiona idxal olunan hər çeşid məhsulların tədricən yerli məhsullarla əvəz edilməsi regionun iqtisadi təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin birinci mərhələsinin vəzifəsi olmuşdur. Bunu təmin etmək, onu sözdə deyil, işdə həyata keçirmək isə heç də bir neçə kəlməyə sığan həcmdə asan iş deyildir. İnsanların həyatında, gündəlik tələbatlarında özünə möhkəm yer tutmuş bəzi elementlərin, məsələn, çox zaman idxala və ya el dili ilə desək, “xarici mallar”a üstünlük verilməsinin əksinə olaraq, yerli məhsullara keçidin təmin olunması kifayət qədər zəhmət, dəqiq proqramlaşdırılmış siyasət və vaxt tələb edən bir məsələ kimi qarşıda durmuşdur. Onun bütün imkanlar daxilində həll edilməsi və yerli istehsal məhsullarının istehlak bazarında mühüm yerə gəlib çatması növbəti, daha mühüm ikinci mərhələyə keçidi şərtləndirmişdir. Bu, Naxçıvan Muxtar Respublikasında ixracyönümlü iqtisadiyyatın yaradılması və regiondakı istehsal və xidmət müəssisələrinin buradakı rolunun və məsuliyyətinin artırılması ilə əlaqədar olan bir məsələdir. Bu məhz ona görə mühümdür ki, açıq iqtisadiyyata malik olan bir ölkədə fəaliyyət göstərən istənilən müəssisə qlobal rəqabətə qoşulduğundan öz fəaliyyətini dünya və Avropa standartları səviyyəsində qurmalı və bütün göstəricilər, keyfiyyət, ekoloji və sosial məsuliyyət məsələləri üzrə daim təkmilləşdirmə strategiyası həyata keçirməlidir. Qeyd etmək lazımdır ki, bu faktor həm də həmin müəssisənin daxili bazardakı uğurunun təminatçısıdır. Başqa sözlə, xarici bazarda özünə yer tuta bilən bir müəssisənin məhsullarına verilən keyfiyyət zəmanəti ilə bunu bacara bilməyən digər sahibkarın məhsullarının müqayisəsindən danışmaq çox çətindir. Ona görə müasir dövrdə Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf məsələlərində yeni vəzifələr kimi ixrac məsələləri üstünlük təşkil edir. İndi artıq müasir tələblər çərçivəsində muxtar respublikamızda sənaye parkının yaradılması, yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli son sənaye məhsulu istehsalının və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin təşkil olunması vəzifəsi qarşıya qoyulmuşdur. Çünki Naxçıvanda yaradılan hər yeni istehsal müəssisəsi qlobal rəqabətə qoşulduqca dünya standartları səviyyəsində məhsullar istehsal edilməsi zərurəti də yaranır. Bu gün Naxçıvan brendi ilə xarici bazarlarda özünə yer qazanan yüksəkkeyfiyyətli, ekoloji təmiz ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı və xaricə ixracı üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvanın zəngin turizm potensialından istifadəyə imkan verəcək beynəlxalq turizmin təşkili də bu istiqamətdə qarşıya qoyulmuş mühüm vəzifələrdəndir.
Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın tempi artdıqca xarici iqtisadi əlaqələr də genişlənməkdədir. Bu da, öz növbəsində, xarici ticarət həcminin və onun coğrafiyasının genişlənməsini təmin etməkdədir. Təkcə cari ilin ilk beş ayı ərzində muxtar respublikanın 166 milyon 635 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi olmuşdur ki, bu da bir il öncəki göstəricini 0,4 faiz üstələmişdir. İxracın həcmi son bir il ərzində 14,5 faiz artaraq 119 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 71 milyon ABŞ dollarından çox həcmdə müsbət saldo yaranmışdır. Muxtar respublikanın malik olduğu bütün iqtisadi-istehsal imkanlarından, təbii ehtiyatlarından səmərəli istifadə etməklə onun ixrac potensialının daha da artırılması, ixracatda elm və əməktutumlu məhsullara üstünlük verilməsi üçün qarşıda yeni üfüqlər açılmışdır. Bu, hər keçən gün yüksələn Naxçıvanın dünyaya açılan geniş pəncərəsidir.
Əli CABBAROV