22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu cənubdan Araz çayı, şimal-qərbdən Saraybulaq dağlarının cənub-şərq ətəkləri ilə əhatələnir, cənub-şərqdən Dəhnə və Vəlidağ yüksəklikləri ilə Şərur düzündən ayrılır. 800-940 metr mütləq yüksəkliyə malik olan Sədərək şimaldan cənuba və qərbdən şərqə doğru meyillidir. Münbit torpaqlara malik olan bu düzənlik rayonun kənd təsərrüfatında mühüm rol oynayır.
Sədərək rayonunda torpaq örtüyünün əmələ gəlməsində və onun dəyişilməsində relyef xüsusiyyətləri öz təsirini göstərməkdədir. Rayonda düzənlik sahə, yəni Arazboyu mailli düzənlik isti və quraq iqlim şəraitində yaranmış yarımsəhra landşaftlı bitki və torpaq örtüyünə malikdir. Rayon ərazisində zonanın spesifik xüsusiyyətlərinə uyğun olaraq, boz, boz-qonur, çəmən-boz və subasar torpaqlar yayılmışdır.

Qeyd etmək lazımdır ki, Sədərək rayonunun qəsəbə və kəndlərinin ərazisində, əsasən, şırım üsulu ilə payızlıq və yazlıq taxıl, üzüm və şəkər çuğunduru əkinlərinin aparılması daha məqsədəuyğundur. Bununla yanaşı, əkin dövriyyəsində növbəli əkin sistemini tətbiq etmək məqsədi ilə yem bitkiləri və paxlalı bitkilərin əkini də aparılmalıdır. Bu, heyvandarlığın da inkişafına təsir edən amillərdəndir.
Təcrübə göstərir ki, rayon ərazisində yuxarıda göstərilən əkinlərlə yanaşı, meyvə və tərəvəz bitkilərinin də əkini aparıla bilər. Belə ki, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, xəritələşdirmə və maarifləndirmə işlərinin həyata keçirilməsi nəticəsində rayon ərazisində 2014-cü ilin yaz mövsümündə 15 hektaradək yeni meyvə bağı salınmış, 7 hektardan artıq bağlarda isə bərpa işləri aparılmışdır. Son illər ərzində proqrama uyğun olaraq, rayonun qəsəbə və kəndlərində 77 hektardan çox meyvə bağı salınmışdır. Bu da rayon əhalisinin maddi rifahının daha da yaxşılaşmasına öz təsirini göstərməkdədir. Rayonda meyvə bağlarının salınması ilə yanaşı, 2014-cü ilin yazında 55 hektar sahədə bostan əkini aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində nasos stansiyalarının yenidən qurulması və Şir arxı üzərində yeni nasos stansiyasının tikintisi başa çatdırılmışdır. Mənbəyini Şir arxından götürməklə Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndləri ərazisində suvarma suyu üçün sudaşıyıcı xətlərin çəkilməsi və şəbəkələrə ayrılması rayonda suya olan tələbatı daha da yaxşılaşdıraraq torpaq mülkiyyətçilərinin torpaqlardan səmərəli istifadələrinə şərait yaratmışdır.
Coğrafi şərait, ərazidə yayılmış torpaq tipləri və iqlim xüsusiyyətləri nəzərə alınmaqla əkinlərin keçirilməsi, əkin atlaslarına uyğun torpaq sahələrindən istifadə edilməsi və məhsuldarlığın yüksəldilməsində intensiv tədbirlərin həyata keçirilməsi ilə bağlı qəsəbə və kəndlərdə torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işinin aparılması nəticəsində torpaq istifadəçiləri mülkiyyətlərində olan torpaq sahələrindən səmərəli və təyinatı üzrə istifadə edərək boş qalan əkinəyararlı torpaq sahələrini də əkin dövriyyəsinə qatmışlar.

Hüsaməddin HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
Sədərək Rayon Şöbəsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR