Dünən Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun mahiyyəti ilə bağlı sahibkarlarla görüş keçirilmişdir. Görüşü Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Mircavid Tağızadə açaraq muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun mahiyyəti”, İqtisadiyyat və Sənaye Nazirliyinin sektor müdiri Aysel Qədirzadənin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların normativ-hüquqi aktların tələblərinə uyğun tənzimlənməsi istiqamətində görülmüş və görüləcək işlər”, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat bölməsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Səyyub Kərimovun “Sahibkarlıq sahəsində aparılan yoxlamaların qeydiyyatı” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələrdə bildirilmişdir ki, müstəqilliyin bərpasından sonra sahibkarlığın inkişaf perspektivləri geniş müzakirə olunmuş, iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə beynəlxalq tələblərə uyğun qanunvericilik bazası yaradılmışdır. Sahibkarlıq fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi ölkəmizdə sahibkarlıq fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirməklə bu sahənin inkişafına əlverişli imkanlar yaratmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2011-ci il 18 fevral tarixli Fərman imzalamış və 2011-ci ilin may ayından etibarən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestri fəaliyyətə başlamışdır. Həmin fərman istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsinə, onların səmərəliliyinin yüksəldilməsinə, yoxlamalar zamanı şəffaflığın təmin edilməsinə və yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Xəbərlər şöbəsi