22 Dekabr 2024, Bazar

Cari ilin ilk altı ayının yekunları da belə deməyə əsas verir

Blokada və inkişaf sözləri kəskin şəkildə bir-birinə ziddiyyət təşkil edən iki anlayışdır. Buna görədir ki, 24 ildir, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında nəzərəçarpan sürətli sosial-iqtisadi inkişaf beynəlxalq səviyyəli ekspertlər tərəfindən təəccüblə qarşılanır. Səbəb isə məlumdur: dünyanın heç bir yerində blokada vəziyyətində saxlanılan bir məkanda inkişaf meyilləri, ümumiyyətlə, nəzərə çarpmayıb. Yəni hazırda dünyada ikinci belə bir nümunə yoxdur. Məhz buna görə həmin beynəlxalq ekspertlər iqtisadi inkişafla bağlı terminologiyaya yeni bir anlayışın daxil olduğunu etiraf edirlər. Bu, sosial-iqtisadi inkişafın Naxçıvan modelidir.

Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası çox sürətlə inkişaf edir. Qədim diyarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, ardıcıl olaraq islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır.

Mövcud potensialdan daha səmərəli istifadə etməklə sənayenin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli dəstək vermək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində Naxçıvanda əhəmiyyətli nailiyyətlər əldə edilib. Ən əsası isə bu uğurların davamlı xarakter almasıdır. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunduğu və “Muxtariyyət ili” elan edilmiş 2014-cü ilin ilk yarımili ərzində də biz uğurlu nəticələrin şahidi olduq.
Dövlət başçısı cənab İlham Əliyev ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, ölkəmizin güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədilə 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, ötən müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri yaradılıb. Qədim diyarda sənaye məhsullarının istehsalının ilbəil sürətlə artması da bu sahədə nəzərəçarpan inkişafın əsas göstəricilərindən biri kimi dəyərləndirilir.
Cari ilin ilk 6 ayında muxtar respublikada 471 milyon 580 min manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələyir. Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşüb. Dövlət sektorunda 32669 min manatlıq, qeyri-dövlət sektorunda isə 438911 min manatlıq sənaye məhsulu istehsal edilib. Yəni istehsal olunan məhsulun 93,1 faizi özəl sektorun payına düşüb.
Bundan başqa, cari ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə 22 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilib, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 48 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə hazırda davam etdirilməkdədir.
Cari ilin ötən dövrü ərzində sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2 milyon 233 min 800 manat həcmində kredit verilib. Bu da bir il öncəki müvafiq göstəricidən 2,3 dəfə çoxdur.
Muxtar respublikada sənayedə istehsalın artması ixracın da həcminə müsbət təsir göstərib və cari ilin ilk yarımili ərzində daxili tələbatdan artıq istehsal olunmuş 138 milyon 670 min ABŞ dolları dəyərində sənaye məhsulu xarici ölkələrə ixrac edilib.
İqtisadiyyatın ən vacib sahəsi olan kənd təsərrüfatında istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında kompleks tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2008-ci il sentyabrın 17-də imzaladığı Sərəncamla təs­diq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasın­da əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı”nın icrası istiqamətində bir sıra işlər görülüb. Belə ki, proqramın qəbul olunduğu 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 3 dəfə artaraq 46 milyon 419 min manata, heyvandarlıq məhsullarının həcmi isə 82,3 faiz artaraq 53 milyon 426 min manata çatıb.
2014-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 829 hektar sahədə əkin aparılıb ki, bu da 2013-cü ilin məhsulu üçün əkilmiş sahədən 702 hektar çoxdur.
Etibarlı ərzaq təminatı sisteminin qurulması daxili bazarda tələbatın səmərəli ödənilməsi ilə yanaşı, ixrac potensialını da gücləndirməkdədir. Belə ki, ötən dövr ərzində muxtar respublikadan 36 milyon ABŞ dollarından artıq kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları ixrac olunub.
Ümumilikdə, istehsalın yüksək sürətlə artması iqtisadi inkişafın mühüm göstəricilərindən hesab edilir. Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 349 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 116 növü ərzaq, 233 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 227 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 334 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib.
Yuxarıda qeyd etdiyimiz kimi, blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası bütün sahələrdə inkişafa nail olub. Təbii ki, bu inkişaf tendensiyasının qorunub saxlanılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Onu da deyək ki, inkişaf həm də enerjiyə olan tələbatı daha da artırır. Yəni yüksəlişi qoruyub saxlamaq üçün öncə enerji təhlükəsizliyini təmin etmək lazımdır. Bu mənada muxtar respublikada enerji təminatının daha da yaxşılaşdırılması, ən əsası, enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik işlər görülüb və nəticədə, Naxçıvan enerji ixrac edən mühüm iqtisadi məkana çevrilib.
Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır. Naxçıvan bu gün elektrik enerjisi ilə təchizat baxımından öz enerji təhlükəsizliyini tam şəkildə təmin edə bilibdir. Hətta ixrac imkanları yaranmışdır”.
Bu sahədə tədbirlərin intensivləşdirilməsi məqsədilə 2014-cü il martın 14-də Azərbaycan Respublikasının Prezidenti Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat vəsait ayrılıb.
Cari ilin ötən dövrü ərzində Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilib. Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası işləri davam etdirilməkdədir.
Enerji təhlükəsizliyinin əsas tərkib hissəsi kimi istehlakçıların təbii qazla təminatı təsərrüfat fəaliyyətinin inkişafında mühüm rol oynamaqdadır. 2014-cü il iyulun 1-nə olan məlumata görə, 81 min 517 abonent təbii qazla təmin olunub.
İnvestisiya qoyuluşları hər bir sahənin dinamik inkişafını sürətləndirən mühüm amillərdən biridir. Cari ilin ötən dövrü ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 516 milyon 277 min manatlıq investisiya yönəldilib ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 1,6 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 455 milyon 694 min manatı və ya 88,3 faizi tikinti-quraşdırma işlərində istifadə edilib. 2014-cü ilin yanvar-iyun aylarında muxtar respublikada 121 müxtəliftəyinatlı obyekt tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda 234 müxtəliftəyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
Bu dövrdə Naxçıvan Muxtar Respublikasında əhalinin gəlirlərinin müsbət artım dinamikası qorunub saxlanılıb. Cari ilin ilk altı ayında muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 3,4 faiz artaraq 755 milyon 16 min manata, onun hər bir nəfərə düşən həcmi isə 1,8 faizlik artımla 1731 manata çatıb. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 382,5 manata çatıb ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 2,1 faiz çoxdur.
Qədim diyarda əhalinin işlə təminatı məsələsinə də xüsusi diqqət göstərilir. 2014-cü ilin yanvar-iyun aylarında 1655 yeni iş yeri yaradılıb ki, bunun da 1599-u və ya 96,6 faizi daimi iş yerləridir.
Muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ardıcıl tədbirlər görülüb. Yaradılan “isaxtar.nmr.az” internet saytı vasitəsilə muxtar respublikada əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatlar işaxtaranlara çatdırılır.
Ölkələrin, regionların inkişafını göstərən əsas amillərdən biri də Ümumi Daxili Məhsulun (ÜDM) artım tempidir. ÜDM ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricisi olmaqla yanaşı, həm də milli hesаblаr sisteminin ən mühüm göstəricilərindən biridir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında ÜDM-in artımı ümumi sürətli inkişafın bariz nümunəsidir. Belə ki, ötən altı ay ərzində muxtar respublikada 1 milyard 14 milyon 85 min manatlıq ÜDM istehsal olunub ki, bu da bir il öncəki müvafiq göstəricini 2,4 faiz üstələyib. 2014-cü ilin yanvar-iyun aylarında hər bir nəfərə düşən ÜDM-in həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2323,8 manat (2962,9 ABŞ dolları) səviyyəsində olub. Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 22,8 faizlik payla tikinti sahəsi tutub. Onu da deyək ki, sənayenin güclənməsi yalnız dünyanın inkişaf etmiş ölkələrinə xas olan xüsusiyyətlərdəndir. Naxçıvan Muxtar Respublikasında sənayenin ÜDM-də birinci yerə yüksəlməsi qədim diyarın hərtərəfli inkişafına əyani sübutdur.

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə buradakı irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır. Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.

Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR