“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu mövsümdə də məhsulu yüksək qiymətə qəbul edir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamla təsdiq etdiyi “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Muxtar respublikamızda taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini yaratmış, son illər “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilmişdir. Uzunmüddətli taxıl anbarı hər biri 3 min ton tutumu olan 9 bunkerdən ibarətdir ki, burada yüksək texniki göstəricilərə malik müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Həmçinin burada işçilərə normal iş şəraiti yaradılmış, 8 iş otağı, yeməkxana, laboratoriya və digər yardımçı otaqlardan ibarət inzibati bina tikilib istifadəyə verilmişdir. Müəssisə strateji əhəmiyyət daşıdığından burada ildırımötürücü qurğu və yanğından mühafizə sistemi quraşdırılmışdır.
Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, torpaq mülkiyyətçilərinin istehsal etdiyi taxılın alıcı sarıdan heç bir problemi yoxdur. Muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlardan buğdanın hər kiloqramı 30 qəpikdən alınır. Bu, taxılçılığa olan marağın daha da artmasına səbəb olur. Taxıl ehtiyatı anbarında mövsümə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirilmiş, havalandırma sistemində, ayrı-ayrı anbarlarda cari təmir işləri aparılmış, avadanlıqlar yağlanmış, rəqəmsal tərəzi mütəxəssislər tərəfindən yoxlanılmış, laboratoriyaya baxış keçirilmişdir.
Muxtar respublikada strateji əhəmiyyətli məhsula olan tələbatın daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini vermiş, 2014-cü ilin məhsulu üçün 35 min 749,7 hektar sahədə bol məhsul yetişdirilmişdir. Ayrı-ayrı rayonlardan gətirilən “sarı kəhrəba” “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində laborator analizdən keçirildikdən sonra 60 tonluq rəqəmsal tərəzidə çəkilərək qəbul olunur. Toxumluq və istehsal üçün nəzərdə tutulan taxıl təyinatı üzrə ayrı-ayrı anbarlara təhvil verilir. Taxılçılıqla məşğul olan sahibkarlardan Xaləddin Zeynalov, Ramiz Şükürov, Zürab Mehdiyev qeyd etdilər ki, təsərrüfat suyuna olan tələbat vaxtında ödənilir, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlər və lizinq yolu ilə müasir kənd təsərrüfatı texnikaları verilir, “Naxçıvan Aqrolizinq” ASC-nin rayon bazalarında aqrotexniki xidmət sarıdan köməkliklər göstərilir. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat və hər hektar sahə üçün tələb olunan mineral gübrələr verilir.
Taxılın əkilib-becərilməsi ilə yanaşı, məhsulun vaxtında toplanılmasına və münasib qiymətə “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsinə də əlverişli şərait yaradılmışdır. Sahibkarlar yaradılan şəraitə, göstərilən qayğıya görə dövlətimizə minnətdardırlar.
Strateji əhəmiyyətli məhsulun tədarük olunub yüksək keyfiyyətlə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər cari ildə də uğurla davam etdirilmiş, Naxçıvan şəhərində “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleksin inşasına başlanılmışdır. İnşaat işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli inşaatçıları və mütəxəssisləri tərəfindən aparılır. Müasir layihə əsasında inşa olunan kompleksin vaxtında istifadəyə verilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilir. Hazırda ərazidə texnikaların saxlanılması üçün qaraj və anbar binalarının inşası aparılır. Burada toxum, qüvvəli yem və xammal anbarları istifadəyə veriləcəkdir. Əvvəllər dəyirman kimi istifadə olunan bu ərazidə hər birinin tutumu 500 ton olan 48 bunker vardır. Təmir işlərindən sonra bunkerlər toxumun keyfiyyətlə və uzun müddətə saxlanılmasına imkan verəcəkdir.
Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumunun satışı da həyata keçiriləcəkdir.
Kərəm HƏSƏNOV