Müasir dövrdə sənayenin inkişafı iqtisadiyyatda mühüm yer tutur. Sənaye elə bir sahədir ki, bu sahənin inkişafına nail olmadan iqtisadiyyatda hər hansı bir uğurdan söhbət gedə bilməz. Ancaq ölkəmizdə, eləcə də muxtar respublikamızda sənayenin hərtərəfli inkişafına gedən yol heç də hamar olmamışdır. Azərbaycanda bu sahədə kifayət qədər potensial olsa da, bu potensialdan istifadə edilməsi yalnız ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəlişindən sonra mümkün olmuşdur.
Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərin ölkəmizdə sənaye müəssisələrinin yaradılması ilə bağlı atdığı qətiyyətli addımlar nəticəsində Azərbaycan aqrar bir əyalət regionundan inkişaf edən sənaye-aqrar regionuna çevrilmişdir. Ancaq nəzərə alaq ki, sovet ideologiyasının təsiri bu sahənin də hərtərəfli inkişafına mane olmuş, nəticədə, ölkəmizdə sənayenin əsl inkişaf bumu müstəqilliyimizin bərpa edilməsindən sonrakı dövrə təsadüf etmişdir. Nəzərdən qaçırmaq olmaz ki, müstəqil Azərbaycanda da sənayenin inkişafına nail olmaq asan olmamışdır. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan sənaye müəssisələri bazasının səriştəsiz rəhbərlər tərəfindən dağıdılması, müxtəlif profilli sənaye avadanlıqlarının talan edilməsi, ümumilikdə, milli sənayemizə vurulan ən böyük zərbə idi.
Məsələnin digər tərəfi isə ondan ibarət idi ki, sənaye müəssisələrinin fəaliyyəti artıq müasir tələblərə cavab vermək gücündə deyildi – istehsalatda müasir infrastrukturun tətbiq edilməsi qaçılmaz idi. Mövcud bazaların yenilənməsi isə xeyli maliyyə vəsaiti tələb edirdi. Məhz belə bir dövrdə uzaqgörən siyasətçi, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın neft sənayesindəki qazandığı böyük təcrübəni və maliyyə vəsaitini yerli istehsal müəssisələrinin yaradılmasına yönəltdi. Böyük öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə son 11 illik fəaliyyəti dövründə bu siyasi xətti inkişaf etdirərək bu sahədə müsbət nəticələrin əldə edilməsinə nail oldu. Ölkə başçısının 2014-cü ili Azərbaycanda “Sənaye ili” elan etməsi isə bu sahənin inkişaf etdirilməsinin vacibliyini bir daha ortaya qoydu.
Heydər Əliyev ideyalarının uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına ötən dövr ərzində bir çox çətinliklərin dəf edilməsi hesabına nail olunmuşdur. Burada ən böyük maneə isə muxtar respublikanın blokada vəziyyətində olmasıdır. Doğrudur, müstəqilliyimizin ilk illərindən fərqli olaraq, sadə vətəndaşlar blokada vəziyyətini hiss etməsələr də, fakt faktlığında qalır: müasir dünyada istənilən bölgənin iqtisadi və hərbi gücünü zəiflətmək üçün blokada “ən yaxşı vasitə” sayılır. “Blokada” və “inkişaf” terminləri nə qədər bir-birinə zidd ifadələr olsa da, ölkə başçısının bu regiona olan diqqəti, muxtar respublika rəhbərinin qətiyyətli addımları artıq “Naxçıvan möcüzəsi”nin hamı tərəfindən qəbul edilməsini təmin etmişdir. Son 19 ilə yaxın bir dövrdə regionun inkişafı üçün qəbul edilən qərarlar, atılan uğurlu addımlar muxtar respublikamızın digər sahələri kimi, sənaye həyatının da dirçəlməsinə səbəb olmuşdur. Məhz sənayenin inkişaf etdirilməsinə yüksək səviyyədə yanaşmanın təzahürüdür ki, bu il iqtisadi inkişafımıza cavabdehlik daşıyan İqtisadi İnkişaf Nazirliyi ləğv edilərək İqtisadiyyat və Sənaye Nazirliyi yaradılmışdır. Bu rəsmi addım ölkəmizdə və muxtar respublikamızda dövlətin yeni sənaye siyasətinin konturlarından xəbər verir.
Muxtar respublikamızda sənayenin inkişafı üçün görülən işləri yaxın bir neçə illə məhdudlaşdırmaq olmaz. Ötən 19 il ərzində bu sahədə mövcud imkanlardan istifadə edilməklə yaradılan mühit indi muxtar respublikanın sənaye imkanlarından yararlanmağa münbit şərait yaradır. Əgər 2000-ci ildə Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdusa, bu gün istehsal olunan məhsulların sayı 23 dəfə artaraq 349-a çatdırılmışdır. Hazırda 334 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Ötən illərə nəzər salsaq, görərik ki, 2013-cü ildə sənaye 29 faizlik payla Ümumi Daxili Məhsulun tərkibində ilk yerə sahib olmuş, istehsalın həcmi 2012-ci illə müqayisədə artaraq 863 milyon manata çatmışdır. Bunun da 93 faizə qədəri, yaxud 799 milyon manatdan çoxu özəl bölmənin payına düşmüşdür. Muxtar respublikada sənayenin maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yeyinti, yüngül və digər sahələrinin davamlı inkişafı sahəsində cari ilin yanvar-iyun aylarında 471 milyon 580 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. İlin ilk altı ayı ərzində Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuşdur. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu 1,5 faiz artmışdır.
Bəli, ötən illərdə olduğu kimi, bu gün də muxtar respublikanın sənaye imkanlarının artırılması qarşıya qoyulan mühüm vəzifələrdən biridir. Bu sahədəki fəaliyyət istiqamətlərinin cizgiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasındakı çıxışında bir daha aydın görünür: “...2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunmuşdur. İqtisadiyyat və Sənaye Nazirliyi muxtar respublikamızda sənaye sahələrinin vəziyyətini təhlil etməklə sənaye parklarının yaradılmasını sürətləndirməli, müəssisələr qurularkən məşğulluq probleminin həlli və yerli xammaldan istifadə imkanları nəzərə alınmalı, istehsalın ərazi və xammal prinsipi üzrə səmərəli yerləşdirilməsi təmin edilməlidir...”
Səbuhi HƏSƏNOV