Qədim Naxçıvanımız gözlərimiz önündə günbəgün gözəlləşir, yaraşıqlı, yaşıllığa qərq olan bir diyara, könüllər oxşayan məkana çevrilir. Bütün bunları görməmək, duymamaq mümkün deyil.
Gerçəklik odur ki, nəinki Naxçıvan şəhəri, bütünlükdə, muxtar respublikamız yaşıl dona bürünür. Salınan meşə zolaqları, yaradılan yaşıllıqlar, al-əlvan gülzarlıqlar, yeni meyvə bağları yeniləşən diyarımızın gözəllik simasına təzə naxışlar salır. “Yaşıllıq torpağın təbəssümüdür” deyənlər yanılmayıblar. Ulu diyarın hər qarışında üzə gülən yaşıllıqlar onun hüsnünə bahar təravəti gətirmiş, havasına xoş rayihə qatmışdır.
Bütün bunlar insanların torpağa məhəbbəti, ülvi sevgisi, eyni zamanda əməyi, alın təri hesabına yaranır. Çünki insanlar həmişə torpağa həyat qaynağı kimi baxmışlar. Torpaq Tanrının insana bəxş etdiyi ən qiymətli sərvətdir. Bu sərvəti qorumaq, sevmək, əkib-becərmək hər birimizin müqəddəs borcu olmalıdır. Dünya binə olandan insan onu əkib, becərib, məhsul istehsal edib, bolluq yaradıb.
Ulu öndər Heydər Əliyev hələ neçə illər bundan əvvəl ölkəmizin tərəqqisini torpaq islahatlarının aparılmasında görmüş və ilk dəfə olaraq bu işə Naxçıvanda başlanmışdır. Bu gün qürur və iftixar hissi ilə demək olar ki, təməli dahi rəhbərimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar islahat kəndə və kəndliyə əsl sahibkarlıq hissi bəxş etmişdir. Elə buna görədir ki, bir vaxtlar torpağa üz döndərib böyük şəhərlərə axışan cavanlarımızın əksəriyyəti artıq geri dönmüş, torpaqla ülfət bağlamışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində torpaq sahibkarı olan kəndlinin məhsul istehsalına olan marağı daha da artmışdır. Bunun müqabilində isə regionumuzun bütün yaşayış məntəqələrində pay torpaqlarından səmərəli istifadə edilir. Əkin, biçin, halal zəhmət hesabına muxtar respublika paytaxtında, eləcə də rayon mərkəzlərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına çeşid-çeşid məhsullar çıxarılır. Məhsul bolluğu yaradılmasında bağbanların da əməyi böyükdür. Mövcud bağlara və yeni salınan bağlara qayğı göstərən, bağların becərilməsini aqrotexniki qaydalar əsasında həyata keçirən bağbanlar ildən-ilə məhsuldarlığı artırırlar. Meyvəçiliyə göstərilən dövlət qayğısından bəhrələnən bağbanlardan Kəngərli rayonunun Xok kəndindən olan sahibkar Xaləddin Zeynalov 4 hektar, Qabıllı kəndində Rəhim Cəfərov 3 hektar meyvə bağına qulluq edirlər. Meyvə ağaclarına vaxtında və düzgün aqrotexniki qaydalar əsasında qulluq edildiyindən məhsuldarlıq da ildən-ilə artır.
Regionun digər rayon və kəndlərində də bu sahəyə böyük maraq var. Məsələn, Şərur rayonunun Xanlıqlar kəndində Ramiz Məmmədov, Əli Sadıqov, Ordubad rayonundakı Sabirkənddə Səyyad Fərəcov, Nəsirvaz kəndində Nicat Rzayev, Naxçıvan şəhərinin Qaraçuq kəndində Ələkbər Mirzəyev, Akif Əkbərov və digərləri hər biri orta hesabla 2 və daha artıq hektar bağa qulluq edirlər.
Regionumuzda meyvə bağlarının sahəsi getdikcə genişləndirilir. Əhalini öz torpağımızda yetişdirilən meyvə sortları ilə təmin etmək üçün muxtar respublikada hər cür imkan və şərait vardır.
Qeyd edək ki, ulu diyarımız barlı-bəhərli torpaqlarına, coğrafi mövqeyinə, eləcə də iqlim şəraitinə görə digər regionlardan fərqlənir. Kontinental iqlim şəraitini nəzərə alan bağbanlar müxtəlif növ meyvə sortları yetişdirmiş və yerli iqlimə uyğunlaşdırmışlar. Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması, stimullaşdırılması və əhalinin ərzaq təminatının yerli istehsal hesabına daha da yaxşılaşdılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Qəbul edilmiş dövlət proqramının başlıca məqsədi bazar iqtisadiyyatı şəraitində muxtar respublikada meyvə istehsalının artırılmasından, yüksək istehsal xüsusiyyətlərinə malik meyvə bağlarının əkilməsindən, bu sahə üzrə ixtisaslaşmanın aparılmasından, yerli şəraitə uyğun, unudulmaqda olan məhsuldar sortların bərpasından, müasir standartlara cavab verən texnologiyalar əsasında meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasından ibarətdir.
Dövlət proqramının icrası meyvəçiliyin inkişafına, bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə imkan vermişdir. Bu mühüm sənədin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, fermerlərə, kənd adamlarına maliyyə dəstəyinin göstərilməsi, sahibkarlığın inkişafı, regionda infrastruktur layihələrin reallaşdırılması istehlakda yerli məhsulların çəkisini xeyli artırmışdır.
Son dövrlərdə muxtar respublikada meyvəçilik əhalinin əsas məşğulluq sahələrindən biri olmuşdur. Yeni meyvə bağlarının salınması, məhsuldar meyvəçiliyin inkişaf etdirilməsi, keyfiyyətli və ucuz başa gələn yerli sortların əldə edilməsi, regionumuzun təbii iqlim şəraitinə uyğun meyvə tinglərinin yetişdirilməsi üçün tingçilik təsərrüfatları yaradılmışdır.
Bütün sahələrin inkişafını diqqətdə saxlayan ulu öndər hələ Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində çalışdığı vaxtlarda bu sahənin genişləndirilməsi, eləcə də inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Elə həmin illərdən başlayaraq hər ilin yaz-payız aylarında yeni meyvə bağlarının salınması, əkilən bağlara il boyu qulluq edilməsi bu sahədə qazanılmış şöhrəti yenidən bərpa etmişdir. Qeyd edək ki, təkcə 2013-cü ildə muxtar respublika ərazisində, ümumilikdə, 304,8 hektarda yeni meyvə bağları salınmışdır.
Muxtar respublikada meyvə bağlarından əldə edilən məhsulların artımı aşağıdakı kimidir:
Məhsul istehsalı, tonla
Cədvəldən də göründüyü kimi, ötən il meyvə bağlarından 43276,2 ton məhsul yığılmışdır ki, bu da 2012-ci illə müqayisədə 1280,4 ton çoxdur.
Bu günlər bağbanların işi daha çoxdur. Onlar yetişən məhsulu toplamaqla məşğuldurlar. Bağlardan yığılan məhsullar şənbə və bazar günlərində təşkil olunan kənd təsərrüfatı yarmarkalarına, bazarlara çıxarılır. Ucuz qiymətə satılan belə yerli məhsulların alıcısı da, satıcısı da razılıq edir.
Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin Naxçıvanın təbiəti barədə dediyi bu sözləri xatırlatmaq yerinə düşər: “Saf su, bol Günəş, quru iqlim, təmiz hava və ləzzətli meyvə təbiətin muxtar respublikaya bəxş etdiyi zəngin sərvətdir. Həmin sərvətin qədrini bilmək və ondan səmərəli istifadə olunmasını təmin etmək isə bizim borcumuz və vəzifəmizdir”.
Müdriklərin dediyi kimi, ağac əkmək, bağ salmaq həm sağlamlığa, həm də yaşam tərzinə xeyir gətirən bir işdir.
Muxtar respublikanın bağbanları bu sahəni daha da inkişaf etdirmək, dövlət proqramında qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcək, ölkə iqtisadiyyatına öz töhfələrini verməyə çalışacaqlar.
Tural HAQVERDİYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri