Muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq işləri cari ildə Şərur rayonunun Dizə kəndini də əhatə edib. Hazırda bu yaşayış məntəqəsində bir neçə ünvanda quruculuq tədbirləri həyata keçirilir. Bu kənddə məktəb binası 1988-ci ildə tikilib. Son illər binanın müasir tələblərə cavab vermədiyi nəzərə alınaraq onun əsaslı təmir olunması zərurəti yaranıb. Müasirtipli layihə əsasında yenidən qurulan təhsil ocağı zirzəmi qatı ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Qeyd edək ki, 140 şagirdin təhsil aldığı məktəbin yeni binasının layihəsində kəndin gələcək perspektivi nəzərə alınıb. Yeni bina 198 şagird yerlik nəzərdə tutulub. İnşaatçılara hərtərəfli şərait yaradılıb. Buraya kifayət qədər texnika və işçi qüvvəsi cəlb edilib. Bu isə inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verib. Qısa müddət ərzində köhnə məktəb binasında bəzi yardımçı tikililər sökülüb, əvvəlki binaya daha bir korpus əlavə edilib. Artıq obyektdə tikinti işləri başa çatdırılıb, dam örtüyü vurulub, elektrik, rabitə, su, istilik xətləri çəkilib, suvaq işləri qurtarıb. İndi fasad hissədə nəzərdə tutulmuş yerlərə milli naxışlarla bəzədilmiş və cilalanmış travertin üzlüklər vurulur, mərtəbələrarası pilləkənlərə və dəhlizlərə üzlük daş döşənir, həyətdə abadlıq işləri aparılır, yaşıllıq zolaqları üçün yerlər hazırlanır, qazanxananın, elektrik avadanlıqlarının və qızdırıcıların quraşdırılmasına hazırlıq görülür.
Layihəyə əsasən, məktəbdə 12 sinif otağı, 2 elektron lövhəli sinif, kompüter otağı, fizika, kimya, biologiya laboratoriyaları, hərbi kabinə, idman zalı, yeməkxana, kitabxana, psixoloq və müəllimlər üçün otaqlar olacaq.
Digər bir obyekt kənddə fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. İnşaatçılar qısa müddət ərzində 2 mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada bir çox işləri başa çatdırıblar. Mərkəzdə kəndin icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, kitabxana, polis sahə və baytarlıq məntəqələri fəaliyyət göstərəcək. Həmçinin kənddə rabitə evi və poçt bölməsi də yaradılacaqdır. Burada abunəçilərə yüksək səviyyədə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətlər təklif olunacaqdır.
Dizə kəndində daha bir quruculuq tədbiri iki mərtəbədən ibarət həkim ambulatoriyasının inşa edilməsidir. Ambulatoriyada baş həkim, stomatoloq, uşaq həkimi, ginekoloq üçün kabinələr, palata, doğuş, peyvənd, müayinə və manipulyasiya otaqları, aptek yerləşəcək. Bu səhiyyə müəssisəsində dünyanın aparıcı ölkələrinin istehsalı olan müasir tibbi avadanlıqların quraşdırılması nəzərdə tutulub.
Kənd sakinləri kənddə inşa olunan xidmət mərkəzini onlara göstərilən növbəti dövlət qayğısı kimi dəyərləndirirlər. Hazırda obyektdə son tamamlama işləri aparılır. İnşaatçılar obyektin müasir tələblərə cavab verməsi üçün yaradılan şəraitdən səmərəli istifadə edirlər. Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət göstərəcək. Mərkəzdə 5 nəfər işlə təmin olunacaqdır.
Xəbərlər şöbəsi