Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamına əsasən, hər il iyunun 24-ü Azərbaycanda “Maşınqayırma sənayesi işçilərinin peşə bayramı” kimi qeyd olunur.
Sənaye hər bir ölkədə iqtisadiyyatın aparıcı sahəsi hesab olunur. Azərbaycanda sənayenin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ keçmiş Sovetlər Birliyi dövründə ulu öndərin rəhbərliyi ilə Azərbaycanda yeni sənaye kompleksləri yaradılmış, yanacaq və energetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sahələri özündə birləşdirən sənaye sektorunun dinamik inkişafı təmin edilmişdir. Həmin dövrdə Azərbaycanda, ilk növbədə, neft maşınqayırması kimi təşəkkül tapmış maşınqayırma sənayesi əsrin 70-80-ci illərində əsaslı inkişaf dövrünə qədəm qoymuşdur. Nəticədə, Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilmişdir.
Maşınqayırma sənayesi bir-biri ilə qarşılıqlı əlaqədə olan energetika, elektrotexnika, radioelektronika, cihazqayırma, dəzgahqayırma, nəqliyyat, kənd təsərrüfatı və digər maşınqayırma sahələrini əhatə edir. Maşınqayırma ağır sənaye kompleksi olaraq əmək alətləri, istehlak predmetləri və müdafiə xarakterli məhsullar istehsal edən bir sahədir. Bu sahə, ümumilikdə, iqtisadiyyatın texniki təminat bazası olaraq, istehsalatda əmək məhsuldarlığını yüksəltməklə insanların maddi rifahının yaxşılaşmasına xidmət edir.
Bu gün ölkəmizdə maşınqayırma sənayesi müəssisələri iqtisadiyyatın milli gəlir baxımından mühüm sahəsi hesab olunub, ümumi sənaye strukturunda xüsusi çəkiyə malikdir. Müstəqillik illərində müəssisələrin özəlləşdirilməsi, səhmdar cəmiyyətlərə çevrilməsi, eləcə də mühüm əhəmiyyətə malik müəssisələrin maddi-texniki bazasının yenidən qurulması, yeni istehsal sahələrinin yaradılması maşınqayırmanın tamamilə yeniləşməsinə, bazara uyğun fəaliyyət göstərməsinə səbəb olmuşdur.
İnkişafını bazar iqtisadiyyatının tələblərinə uyğun quran Azərbaycanda sənayenin bütün sektorlarının, o cümlədən maşınqayırmanın inkişafı məqsədilə xüsusi proqramlar qəbul olunaraq icra edilir. Son illər bu sahəyə dövlət dəstəyi gücləndirilmişdir. Maşınqayırma sənayesinin inkişaf etdirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının təmin edilməsi, maşınqayırma sənayesi məhsullarına olan daxili tələbatın ödənilməsinə nail olunması, maşınqayırma sənayesinin inkişafı əsasında digər istehsal və xidmət sahələrinin inkişafı üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür.
Son illər maşınqayırma müəssisələrinin yeni texnologiyalar əsasında təchizatı onların istehsal güclərinin artmasına səbəb olmuşdur. Hazırda Azərbaycan maşınqayırma sənayesində rəqabətqabiliyyətli məhsul istehsalına malikdir. Bu sırada avtomobillərin istehsalı xüsusi əhəmiyyət daşıyır. Ölkəmizdə artıq bir neçə ildir ki, həm yük, həm də minik maşınlarının istehsalı həyata keçirilir. Ölkəmizdə gedən güclü sənayeləşmə prosesindən heç də geri qalmayan Naxçıvan Muxtar Respublikasında da yeni texnologiyaların tətbiqinə əsaslanan istehsal sahələrinin, xüsusilə avtomobillərin buraxılışı diqqət mərkəzindədir. 2010-cu ildə Naxçıvan Avtomobil Zavodunun istifadəyə verilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Bu gün Naxçıvanda “Lifan” avtomobillərinin istehsalı maşınqayırma sənayesinin inkişafını sürətləndirən əsas amillərdəndir. Öz texniki göstəricilərinə və dizaynına görə qonşu ölkələrin istehsal etdiyi maşınlardan geri qalmayan bu avtomobillər daxili bazarda xüsusi yer tutur. Gələcəkdə “Lifan”ın yeni versiyalarının buraxılışı da nəzərdə tutulur ki, bu da avtomobil sənayesində yeni keyfiyyət dəyişikliklərinin yaranmasına imkan verəcəkdir. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə 2012-ci ilin yanvarından etibarən “NAZ-Lifan X-60” modelinin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisədə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonundan 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələrinin istehsalı həyata keçirilir.
Hazırda ölkəmizdə avtomobil bazarı daha çox xarici ölkələrin istehsal məhsulları hesabına təmin olunsa da, yaxın illərdə yerli və müştərək müəssisələrin istehsal fəaliyyətinin güclənməsi nəticəsində milli brendlər daxili bazarda xüsusi yer tutmağa başlamışdır. Dünyanın ən nəhəng maşınqayırma müəssisələrinin Azərbaycanda öz istehsal sahələrini yaratmaq niyyətlərinin gerçəkləşməsi isə bu sahənin yüksək inkişafını təmin edəcəkdir. Onu da nəzərə almaq lazımdır ki, maşınqayırma sənayesinin davamlı şəkildə inkişafı minlərlə yeni iş yerlərinin açılması deməkdir. Bu isə insanların məşğulluğunun təmin olunması, sosial vəziyyətlərinin yaxşılaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Peşə bayramlarını qeyd edən maşınqayırma sənayesi işçiləri bundan sonra da istehsal çeşidlərinin və həcminin artırılması, ixrac potensialının genişləndirilməsi məqsədilə daha səylə çalışacaqlar.
“Şərq qapısı”